Əlaqə Arxiv
news Image
2019.02.16
09:30
| A A A
Supergüclərin regional siyasətində Azərbaycan faktoru güclənir
Cənubi Qafqazın geostrateji yükü getdikcə ağırlaşır və onun uğrunda mübarizə kəskinləşir

Rusiya, ABŞ kimi böyük dövlətlərin, Avropanın, qonşularımızın Azərbaycana marağı artır, münasibətlər dərinləşir. Hələ 100 il əvvəl Azərbaycan haqqında danışan siyasətçilər qeyd edirdilər ki, “bu ölkənin siyasi fəthi iqtisadi fəthindən çox-çox sonralar baş verib”. Bu fakt onu göstərir ki, Qafqazın bu qədim ölkəsinin qədim dövlətçilik təcrübəsi həmişə mükəmməl siyasət yürütməsinə imkan verib və müstəqilliyini maksimum qorumağa çalışıb. Müasir Azərbaycan dövlətinin müstəqil siyasəti və kiçik olmasına rəğmən müstəqilliyini qoruması heç şübhəsiz tarixin dərin qatlarından qaynaqlanan təcrübədən irəli gəlir. Hələ bir əsr əvvəl ingilislər, ruslar, fransızlar Cənubi Qafqazın tam ram edilməsi uğrunda nə qədər çarpışsalar da buna nail ola bilmədilər.

İndi zəmanə dəyişib. Azərbaycan regionun diktəedən ölkəsidir, onun mənafeyinə etinasız yanaşan Cənubi Qafqazda çətin ki, uğur qazansın. Bu məsələdə söhbət hegemonluqdan yox, yüksək inkişafla bağlı əsas iqtisadi layihələri həyata keçirən, bir növ regionun istinad nöqtəsinə çevrilməkdən gedir. İngilislər və amerikalılar artıq 25 ildir ki, enerji ehtiyatları sahəsində azərbaycanlılarla sıx əməkdaşlıq edirlər. Bu istiqamətdə indi əksər Avropa dövlətləri ilə enerji təhlükəsizliyi sahəsində Azərbaycanın zəmanəti ilə problemlərini həll edirlər. Məlum məsələdir ki, siyasi oriyentasiyanın konturlarını iqtisadi imkanlar müəyyənləşdirir. Buna görə də Azərbaycan Qərbin diqqət mərkəzindədir.

Rusiya ilə əlaqələrdə müasirlikdən çox ənənəvi bağlılıqla inkişaf edir. Azərbaycan və Rusiya arasında elə sıx münasibətlər mövcuddur ki, bunu nə dağıtmaq mümkündür, nə də yenidən qurmaq. Rusiyanın Qafqazda öz maraqları var və buna görə daim dayaqlarını möhkəmləndirməyə çalışır. Baxmayaraq ki, Ermənistan Rusiyanın vassalı sayılır, əslində isə bu dönük və etibarsız ölkədən hər an hansısa xəyanət gözlənilir. Digər tərəfdən, baxmayaraq ki, Azərbaycan torpaqlarının Ermənistan adına işğal edilməsində Kremlin öz maraqları var, yenə də Rusiya Azərbaycanı özünün etibarlı tərəfdaşı, strateji partnyoru hesab edir. Çünki, Azərbaycan siyasətində və iqtisadiyyatında kifayət qədər müstəqil, münasibətlərin möhkəmliyində etibarlıdır.

İqtisadi layihələrin daşıyıcısı və geostrateji məqsədlərin mərkəzində durması etibarı ilə son vaxtlar Azərbaycana diqqət çox artıb. Xüsusilə, Ermənistanda ABŞ-ın dəstəyilə bəzi dəyişikliklərin baş verməsi Vaşinqtonun İrəvana havayı sponsorluq etməsi anlamına gəlir. Okeanın o tayında yaxşı başa düşürlər ki, əgər Azərbaycandan dəstək olmasa, Ermənistana qoyulan “maya” batacaq. Buna görə də ABŞ-ın səlahiyyətli şəxsləri paralel olaraq Azərbaycanla təmasları gücləndirir və İrəvana da qonşusu ilə münasibətləri yoluna qoymaq istiqamətində tövsiyələr verirlər. Bu, ilk növbədə Qarabağın işğalından əl çəkmək barədə ermənilərə təkliflərin edilməsidir.

Digər tərəfdən İran da bu ərəfədə Azərbaycana münasibətində müəyyən müsbət dəyişikliklər edib. İki ölkə arasında iqtisadi sahədə birgə müəssisələr yaratmağa qədər inkişaf edən əlaqələrin ardınca İran rəsmiləri Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi üzrə bəyanatlar səsləndirirlər. Onlar da aydın görürlər ki, ABŞ-ın sanksiyaları fonunda Azərbaycanla əlaqələrin inkişafı ölkənin xarici təzyiqlərə müqavimətini artırır. Belə bir situasiyada ətrafında yaranmış dövlətlər siyahısında İranın mövqeyinin aydınlaşması Azərbaycanın qazandığı uğurların sayəsində meydana çıxıb.  

Beləliklə, Cənubi Qafqazın lideri Azərbaycanın mövqeyi getdikcə daha da güclənir və möhkəmlənir. Bunun müqabilində ölkənin beynəlxalq nüfuzu da artır. Dünya siyasətində regionun rol və əhəmiyyətinin güclənməsində marağı olan beynəlxalq güclər Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacibliyini anlayırlar. Bu səbəbdən Qarabağ münaqişəsinin beynəlxalq hüquq və normalar daxilində tənzimlənməsində supergüclərin Azərbaycanla əlaqələrinin dərinləşməsi müstəsna rol oynayacaq. Çünki, bu münaqişə beynəlxalq siyasətin mühüm predmetlərindəndir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz