Əlaqə Arxiv
news Image
2019.02.19
07:00
| A A A
Ordumuzun zəfər yürüşü
Üzeyir Cəfərov: “Ermənistan mövcud situasiyadan ciddi nəticə çıxararaq işğala son qoymalıdır, əks təqdirdə, düyməyə basılacaq və ordumuz hərəkətə keçərək zəfər yürüşünə çıxacaq”

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Rusiya Federasiyasının Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik İqor Lobastov ilə görüşündə ölkəmizin Rusiyadan yeni silah və döyüş texnikasının alınması məsələləri də müzakirə olunub. Rusiyadan yeni silah və döyüş texnikasının alınması Azərbaycan əlavə hərbi üstünlüklər qazandırır və Ermənistan bundan hansı nəticələr çıxarmalıdır?

Hərbçi ekspert Üzeyir Cəfərov bildirdi ki, Azərbaycanın Rusiyadan aldığı silahlar hesabına Ermənistanla müqayisədə hərbi baxımdan əlavə üstünlüyə malik olmasından düşmən tərəf lazımi nəticələr çıxararaq, işğala son qoymalıdır. Bu baş vermədikdə isə ekspert qeyd etdi ki, Ermənistanı daha ağır təlatümlər gözləyir, hətta bu ölkənin bir dövlət olaraq varlığına da son qoyula bilər: “Diplomatik qaydalara uyğun olaraq hər bir ölkənin hərbi attaşesi həm bu ölkəyə gələrkən, həm də buradakı fəaliyyətini başa çatdırıb gedərkən bir neçə şəxslə görüşür. Onlardan biri xarici işlər naziri, digəri də məhz müdafiə naziri olur. Bu mənada Rusiyanın hərbi attaşesi də Bakıdakı fəaliyyətini başa çatdırdığından müdafiə nazirimiz tərəfindən qəbul olunub. Bu görüşdə də bir sıra məsələlər müzakirə olunub. O məsələlər ki, əvvəlki dövrlərdə Azərbaycan və Rusiya müdafiə nazirləri arasında müzakirə edilib. Sadəcə olaraq, hərbi attaşe ilə görüşdə bir daha bu məsələlər gündəmə gətirilib.

Azərbaycan nə qədər ki, torpaqları işğal altındadır, həm Rusiya, həm də digər ölkələrdən ən müasir silah və hərbi texnika almaqda davam edəcək. Bildiyiniz kimi, müdafiə naziri Zakir Həsənov BƏƏ-də keçirilən hərbi sərgidə iştirak edərək, orada da bir sıra görüşlər keçirib, sərgidə təmsil olunan hərbi texnika və silah-sursatla tənaş olub.

Rusiya da Azərbaycanla digər sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlıqda maraqlıdır. Moskva bilir ki, Bakı Ermənistandan fərqli olaraq aldığı hərbi avadanlıqlara görə pulunu vaxtlı-vaxtında ödəyən potensial bir ölkədir. Ermənistan dilənçi vəziyyətdədir. Rusiya isə bu istiqamətdə də Azərbaycanla əməkdaşlıqdan razıdır. Ermənistan özü də Azərbaycanın günü-gündən daha da gücləndiyini görür. Hazırda Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordularından biridir. Dünya orduları arasında da kifayət qədər ciddi yerdə məskunlaşmışıq. Bu nailiyyətlərimiz məhz həmin istiqamətlərdə görülən işlərin nəticəsidir. Ona görə də düşmən bütün bunlardan nəticə çıxararaq, danışıqlar prosesində konstruktiv olmalı və işğala son qoymalıdır. Ermənistan isə hələ də çalışır ki, mövcud status-kvo vəziyyəti daha da uzansın. Bu yolla getməklə isə İrəvan ilk növbədə öz vəziyyətinin daha da çıxılmaz hala gəlməsinə səbəb olacaq. Çünki Azərbaycan vəziyyətin belə davam etməsilə heç zaman barışmayacaq. Nə qədər ki, problem öz həllini tapmayıb, ərazi bütövlüyümüz təmin edilməyib, düşməni daim qorxu və həyəcan içində saxlamaq istiqamətində işləri davam etdirəcəyik. İşğalçı qüvvələr torpaqlarımızdan geri çəkilməli və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır. Təəssüf ki, Rusiya kimi nəhəng dövlət Ermənistan kimi kiçik bir dövlətə sülhə gəlmək üçün təzyiq və təsir etmir.

Azərbaycanda isə Rusiyadan xeyli sayda müasir silah və sursat alıb. Ölkəmiz də həmin silahların daha yeniləşmiş modellərini almaqda maraqlıdır və alır. Çünki texniki göstəricilər günü-gündən dəyişir, təkmilləşdirilir. O nöqteyi-nəzərdən də Azərbaycan Rusiya ilə hərbi əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Ermənistan bilir ki, Azərbaycan özlərindən fərqli olaraq ən son silahları əldə edir. Ermənistanın maliyyə imkanları zəif olduğundan silahlanma yarışında ölkəmizlə mübarizədə duruş gətirmək gücündə deyillər. Azərbaycanda olan ən müasir silah və hərbi texnikalardan Ermənistanda yoxdur. Bir əmrlə Azərbaycanda olan ən yeni nəsil silahlardan açılan atəşlə ordumuz düşmənə ən layiqli cavabı verə, onu cəzalandıra bilər.

Bir ara  ermənilər “İsgəndər” raketləri ilə guya hədə-qorxu gəlməyə çalışdı. Ancaq sonradan məlum oldu ki, həmin raketlər müvəqqəti olaraq Rusiyadan götürülüb və hərbi paradda nümayiş etdirdikləri operativ-taktiki raketlər idi. Düşmən tərəfdə güclü və müasir silahlar yoxdur. Ona görə də Ermənistan mövcud situasiyadan ciddi nəticə çıxararaq, işğala son qoymalıdır. Danışıqlar prosesi nəticə verməyəcəksə, düyməyə basılacaq və ordumuz hərəkətə keçərək zəfər yürüşünə çıxacaq”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz