Əlaqə Arxiv
news Image
2019.02.19
09:00
| A A A
Azərbaycan və çeçen xalqı arasında ixtilaf yaratmaq istəyənlərin niyyəti puça çıxdı
Ekspert: “Ermənilərin bu sayaq çirkin əməlləri bumeranq effekti kimi sonda öz başlarında çatlayacaq”

Xəbər verildiyi kimi fevralın 15-də Rusiyanın paytaxtı Moskvadakı “Neolit” kafesində azərbaycanlılarla çeçenlər arasında məişət zəminində dava düşüb.  Məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə qətiyyən xələl gətirə bilməyəcək.

Sözsüz ki, bu olayı şişirdən, ondan öz çirkin məqsədləri üçün istifadə edən qüvvələr var.

Belə ki, bir sıra qüvvələr, xüsusən də Moskvadakı erməni lobbisi öz xislətinə sadiq qalmaqla həmin hadisəni şişirdərək millətlər arasında nifaq salmaq cəhdlərində bulunublar. Buradan da göründüyü kimi hadisənin yaranmasında erməni əli var. Lakin Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostlıq və qardaşlıq münasibətləri fonunda ermənilər yenə də öz çirkin niyyətlərinə nail ola bilmədilər, onların bu avantürası da sözsüz ki, iflasa uğradı.

“Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu insidentin qızışdırılmasında  sözsüz ki, Moskvadakı erməni lobbisinin əlinin olduğunu bildirdi. Bununla yanaşı, həmsöhbətimiz ermənilərin iki qardaş xalq arasında düşmənçilik toxumu səpmək istiqamətlərində cəhdlərinin nəticə vermədiyini və bu olayın bumeranq efferti olaraq ermənilərin özlərinə qayıtdığını da diqqətə çatdırdı: “Moskvada baş verən bu hadisə məişət zəminində baş verən cinayət hadisəsidir. Ona görə bu olaya siyasi çalarlar vermək doğru yanaşma deyil və kimlərsə buna gedirsə, deməli, bilərəkdən iki qardaş xalq arasında nifaq salmağa çalışırlar. Bu mənada Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla razıyam ki, ola bilər, üçüncü qüvvələr bundan istifadə edib iki qardaş xalqı bir-birinə qarşı qoymağa cəhd etsin.

Üçüncü qüvvələr deyəndə, sözsüz ki, erməni lobbisi nəzərdə tutulur.  İnsidentin qızışdırılmağa çalışılmasında sözsüz ki, erməni lobbisinin əli vardır. Açıq-aşkar olayı şişirtməkdə Moskvadakı erməni lobbisinin əli var. Ona görə də məsələ aydınlaşdırılmalı və Moskvada iki xalqın diaspor rəhbərləri görüşüb məsələyə aydınlıq gətirməlidirlər. Azərbaycanlılarla çeçenlər hər zaman bir-birinə dəstək verib. Çeçenlər Qarabağ savaşında bizə dəstək verib, onlara da bizlərin simpatiyası olub. Çeçenlər hər zaman bizdən dəstək görüb. Bu iki qardaş xalq arasında nifaq salmaq mümkün deyil. Amma məişət zəminində baş verən bu cinayət hadisəsindən Moskvadakı erməni qrupları öz məqsədləri üçün istifadə etməyə çalışa bilərlər. Buna da yol verməməliyik. Hər halda əvvəllər olduğu kimi, ermənilərin bu sayaq çirkin əməlləri bumeranq effekti kimi sonda öz başlarında çatlayacaq”.  

Siyasi icmalçı Azər Həsrət də qeyd etdi ki, Moskvadakı olayın arxasında ermənilər, onların çirkin niyyətləri dayanır: “Əslində, belə olayların olmaması vacibdir. Çünki Azərbaycan elə bir ölkədir ki, burada həqiqətən də başqa millətlərlə münasibət məsələsi çox həssasdır. Azərbaycandan kənarda soydaşlarımızın qarışdığı millətlərarası münasibətlər də ciddi önəm kəsb edir. Bu baxımdan Moskvada çeçenlərlə soydaşlarımız arasında baş verən hadisədə sözsüz ki, üçüncü qüvvənin əlinin olması istisa deyil.

Hadisənin inkişafına fikir verdikdə görürük ki, hansısa bir “çeçen” bütün azərbaycanlıları təhqir edir. Sual olunur ki, bir çeçen niyə bütün azərbaycanlıları təhqir etməlidir? Ola bilər, onun hansısa bir azərbaycanlı ilə problemi olub. Amma bu mənada bütün azərbaycanlılara qarşı təhqirə yol vermək ağlabatan deyil. Azərbaycanlıların da buna “operativ” reaksiya vermələri, həmin adamı tapıb kamera qarşısında üzr istətdirmələrindən də açıq görünür ki, kimlərsə burada ustalıqla plan cızıb və onu həyata keçirməyə çalışıblar. Burada məqsəd əlbəttə kİ, çox yaxın münasibətlərdə olan bu iki xalq arasında uçurum yaratmaqdan ibarət olub.

Son zamanlar Azərbaycanla Çeçenistan arasında münasibətlər daha da inkişaf edir, müxtəlif layihələr həyata keçirilir, onlar ümumi mövqe ortaya qoyurlar. Görünür üçüncü qüvvə, erməni lobbisi bu vəziyyəti darmadağın etmək üçün iki qardaş xalq arasında belə bir oyun oynamağa cəhd göstərdilər.  Düşünürəm ki, burada məsələ sadəcə çeçenlərlə azərbaycanlılar arasında qarışıqlıq yaratmaqdan ibarət deyil. Həm də Rusiyanın özünü də bu cür millətlərarası qarşıdurmalara sürükləmək məqsədi güdə bilər. Bunun da arxasında Qərb dövlətlərinin durduğunu ehtimal edə bilərik. Yəni, həmin olayın baş verməsi və onun qızışdırılmasında həm erməni, həm də Qərb izi axtarmaq mümkündür.

Ümumiyyətlə, düşünürəm ki, bu oyunun arxasında məhz Qərbə xidmət etməyə hazır olan ermənilər dayanır.  Bu ermənilər bir tərəfdən azərbaycanlılarla çeçenlər arasında uçurum, digər tərəfdən də Qərbdəki sifarişçilərin əmrilə oturub duraraq Rusiya daxilində qarışıqlıq yaratmağa çalışırlar. Həmin oyunun pozulmasına gəldikdə, bununla bağlı Azərbaycan dövlətinin rəsmi mövqeyi açıqlandı. Azərbaycan dövləti operativ şəkildə oyunun pozulması üçün təmkinli yanaşma sərgilədi. Qarşılıqlı olaraq da Çeçenistan rəhbərliyindən açıqlama gəldi ki, bu açıqlama da yetərincə təmkinli idi. Nəticədə iki qardaş xalqın dostluq münasibətlərinə kölgə salacaq addımların qarşısını almağa yetdi. Amma məsələnin tam olaraq bitdiyini də söyləyə bilmərik.

Sosial media əsrində yaşayırıq. Kimin əlinə harada nə keçdi onu ortalığa atır və qızışdırıcılıqla məşğul olurlar. Hətta iş o həddə çatıb ki, sünni-şiə məsələsini də ortaya atırlar. Ona görə də Azərbayan hakimiyyəti Çeçenistanla təmasları intensivləşdirməli, hətta dövlət və ictimai xadimlərdən ibarət heyətin Qroznıya gedərək orada görüşlər keçirməsi və televiziya kanalında çıxış etmələri işin xeyrinə olar. Çeçen qardaşlarımıza o mesajı verməliyik ki, aramızı vurmaq istəyənlər öz məqsədlərinə çatmasın. Hadisə ilə bağlı dediyim hər iki tərəfin rəsmiləri operativ işləyib. Artıq ortalığa ermənilərin qızışdırıcı paylaşımları çıxıb.

Zatən, hadisə baş verəndə gözümüz burada erməni izi axtarırdı. Çünki bilirik ki, ermənilər bu kimi məsələlərdən xaincəsinə istifadə edir. Ermənilərin bu olayı qızışdırmaq və onda iştirakı ilə bağlı həm Rusiya, həm Azərbaycan, həm də dünya ictimaiyyətini ciddi şəkildə məlumatlandırmalıyıq. Həm də təxribatın daha da dərinləşməsinə çağıran erməniləri deşivrə etməliyik. Bəzən görürük ki, buradakı qızışdırıcı çağırışlar azərbaycanlı, rus və ya çeçen adı altında edilir. Amma ciddi araşdıranda bəlli olur ki, bu adlar altında gizlənələr heç də azərbaycanlı, çeçen və ya rus deyil, ermənilərdir. Düşünürəm ki, həmin məsələni fürsətə çevirib ermənilərin maskasını yırtmaq üçün ondan istifadə  etməliyik”.

Rüfət NADİROĞLU  

 

Sizin Reklam Yeriniz