Əlaqə Arxiv
news Image
2019.02.20
10:00
| A A A
İrəvanın gözləmə mövqeyi Ermənistana baha başa gələ bilər
Nazim Cəfərsoy: “Özünə problem yaradacaq akkordları neytrallaşdırmadan Paşinyanın Qarabağ məsələsində kəskin addımlar atacağını gözləmək olmaz”

Gözləntilərə rəğmən, Ermənistanın baş naziri Nikol Paşinyan hələ də münaqişənin ədalətli həllində cəsarətli addımlar atmır. Belə ki, Paşinyan hakimiyyətə gələndə əsas məqsədinin Ermənistanı düşdüyü ağır vəziyyətdən çıxarmaq olduğunu bəyan etmişdi. Bunun isə yolu ancaq qonşuları ilə mehriban münasibətlər yaratmaqdan keçir. Yəni Paşinyanın əhalisinə verdiyi vədləri həyata keçirə bilməsi üçün Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. Bu münasibətlərin normallaşdırılması isə birmənalı şəkildə Azərbaycanın işğal olunmuş torpaqlarından Ermənistan qoşunlarının çıxarılmasından keçir. MDHP-nin sədr müavini politoloq Elşən Mirzəoğlunun fikrincə, Ermənistan baş nazirinin Qarabağ probleminin ədalət müstəvisində çözümü istiqamətində cəsarətli addımlar atmaqdan çəkinməsi onun düşdüyü vəziyyətlə bağlıdır:

“Paşinyanın tərəddüdləri və Dağlıq Qarabağ probleminin həlli istiqamətində real və gerçək addımlar ata bilməməsi əlbəttə ki, onun düşdüyü vəziyyətdən irəli gəlir.

Paşinyan bildiyiniz kimi, Ermənistanda baş verən məxməri inlilab nəticəsində hakimiyyətə gəlib. O da bəllidir ki, həmin inqilabın reallaşmasında Qərbin, xüsusən də ABŞ-ın marağı olub. Paşinyan özü də daxil olmaqla onun iqtidarında təmsil olunan nazirlərin tərcümeyi-halı və fəaliyyətlərinə baxmaqla onların zamanında Soros fondu ilə münasibətləri barədə mülahizələr yürütməyə imkan yaranır. Soros isə MDB mıkanında məlum inqilabları maliyyələşdirən ümumdünya məxfi hökumətinin məlum simalarından biridir. Baxmayaraq ki, onun ABŞ prezidenti Donald Trampla münasibətlərində müəyyən qarşıdurmalar var. Vaşinqtonun özü Rusiyanı Ermənistan və Cənubi Qafqazdan sıxışdırmaq üçün işğalçı ölkədə məlum hadisələrin baş verməsində maraqlı olub.

ABŞ prezidentinin müşaviri Con Boltonun Ermənistana olan səfəri və Paşinyana verdiyi tövsiyyələrdən sonra İrəvan hakimiyyəti əslində münaqişənin həlli istiqamətində real addımlar atmalı idi. ABŞ-da bölgədəki məlum münaqişələrin nizama salınmasında maraqlıdır. Ağ Ev çalışır ki, Rusiyanı münaqişənin həlli prosesində vasitəçilik missiyasından sıxışdırıb çıxarsın. Amma Paşinyanı ehtiyatla davranmağa və münaqişənin həllilə bağlı tərəddüdlü addımlar atmağa sövq edən ən ciddi amil Ermənisranda yerləşən Rusiyaya məxsus hərbi bazanın olmasıdır.

İkinci bir tərəfdən, “Qarabağ klanı” hələ də Moskva ilə bağlı olaraq qalmaqla Ermənistanın güc və maliyyə strukturlarında müəyyən təsir imkanlarını saxlamaqda davam edirlər. Məlumdur ki, bu klan vaxtilə Rusiya xüsusi xidmət orqanlarının dəstəyilə hakimiyyətə gəlib. Digər tərəfdən, Rusiya baş kəşfiyyat idarəsinin Ermənistana təsir imkanları da güclü olaraq qalır. Bütün bu amillər indiki mərhələdə Paşinyanı ehtiyatla davranmağa məcbur edir. Buradan belə nəticə çıxarmaq olar ki, Paşinyan hər halda öz siyasi iradəsi və xalqın dəstəyilə hakimiyyətə gələn füqur deyil. O,  Qərbin maliyyə və siyasi dəstəyilə hakimiyyətə gəlib. Ona görə də Qərb tərəfdən mesajların veriləcəyi və Moskvadan onun üçün real təhlükənin olmayacağı təqdirdə, sözügedən istiqamətdə gözlənilən addımları ata bilər. Deməli, “Qarabağ klanı”nın Ermənistandakı təsiri və Rusiya hərbi baza və xüsusi xidmət orqanlarının mövcudiyyəti, İrəvanın Moskvadan hər mənada asılılığı Paşinyana sözügedən istiqamətdə gözləntiləri reallaşdırmağa maneə olur. Bu kimi maneələr aradan götürülməyincə Paşinyan Qarabağ məsələsində birmənalı şəkildə addımlar atmaq iqtidarında olan şəxs deyil”. 

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy da bu qənaətdədir ki, Paşinyan özünə problem yaradacaq akkordları neytrallaşdırmadan Qarabağ məsələsində kəskin addımlar atmayacaq: “Paşinyanın hələlik rəsmi proqramı dəqiqləşməyib. Hakimiyyətə yiyələnsə də, hələlik komandasının tam yığılması prosesi bitməyib.

Paşinyan hakimiyyətdə tam möhkəmlənmədən Qarabağ konfliktinin həlli istiqamətində ədalətli addımlara getsə, ölkəsi daxilində özünə qarşı “Qarabağ klanı” və ordudakı radikal şəxslər başda olmaqla ciddi bir hərəkatın başlanmasına rəvac verə bilər. Hansı ki, bu da Paşinyanın hakimiyyətdən getməsi, hətta həyatını itirməsilə nəticələnə bilər. Bu mənada da hakimiyyətini möhkəmləndirmədən Paşinyanın Qarabağla bağlı hansısa bir pozitiv addım atacağını düşünmürəm. Bu hal hakimiyyətinin şəxsi maraqları baxımından onun üçün uğursuz olar. İkinci bir tərəfdən, Paşinyan bu addımları atanda Rusiya amilini də nəzərə almalı olur.

Qarabağ məsələsilə bağlı ikiformatlı prosesin getdiyini düşünürəm. Azərbaycan və Ermənsitan rəsmiləri arasında görüşlərin müntəzəm olması gözlənilir. Digər tərəfdən, Paşinyan gəldikdən sonra Azərbaycan-Ermənsitan sərhədində və təmas xəttində hərbi mənada nisbətən sakitlik yaranıb, burada etimadartırıcı amilləri görə bilərik. Əvvəllər atəşkəs daha çox, gündə 100-120 dəfə ermənilər tərəfindən pozulurdusa, indi bu nisbət 20-30 səviyyəyə enib. Amma bütün hallarda

Paşinyanın özünə problem yaradacaq akkordları neytrallaşdırmadan Qarabağ məsələsində kəskin addımlar atacağını gözləmək olmaz. Əvvəlki illərin təcrübəsini nəzərə alaraq Paşinyan bu kontekstdə daha təmkinli hərəkət etməyə çalışır. Bu mənada da 2019-cu ildə münaqişənin həlli istiqamətində ciddi irəliləyişlərin olacağına ümidli deyiləm. Paşinyan kəskin addımlar atmayacaq. Ancaq fəallıq olacaq. İkili formatda müzakirələr daha fəal müstəviyə keçəcək”.

Rüfət NADİROĞLU  

 

Sizin Reklam Yeriniz