Əlaqə Arxiv
news Image
2019.02.20
09:00
| A A A
Milli Şura yenə xoas arzusundadır
Mais Səfərli: “Radikal müxalifətin xaricdən gələn sifariş əsasında mitinq təşkil etməkdə məqsədi ölkədəki sabitliyi pozmağa, gərginlik yaratmağa, düşmən dəyirmanına su tökməyə hesablanmış addımlardır”

Ölkədə qarmaqarışıqlıq yaratmağa çalışan Milli Şura növbəti dəfə mitinq keçirmək qərarına gəlib. Ancaq məsələ ondadır ki, radikal müxalifətin hansısa bir kütləvi aksiya keçirmək istəyi heç də daxildən qaynaqlanmır. Belə ki, Azərbaycan cəmiyyətinin mütləq şəkildə böyük əksəriyyəti radikal müxalifətin dağıdıcı, dövlət və xalqın maraqlarına zidd siyasətinə qarşı çıxır. Bu mənada da radikal müxalifətin xalq arasında ciddi dəstəyi yoxdur. Bunu ötən mitinqlər də göstərdi. Belə ki, həmin aksiyalara əvvəllər olduğu kimi yenə də az miqdarda adam gəlməkdədir.

Azərbaycan cəmiyyətinin böyük hissəsi hakimiyyətin yürütdüyü siyasətə dəstək verir. Bu da ondan irəli gəlir ki, xalq məhz iqtidarın fəaliyyətinin, onun gördüyü işlərin  bəhrəsini görüb və görməkdə davam edir. Belə ki, məhz indiki iqtidarın fəaliyyəti nəticəsində dövlətimiz güclənib, onun güclənməsilə həmçinin əhalinin də imkanları, maddi rifah halı yüksəlib. Bu da iqtidarın xalqa xidmət etməsindən qaynaqlanır. Radikal müxalifət isə özünün dağıdıcı siyasətilə, habelə xalqın maraqları naminə deyil,  xaricdəki Azərbaycanı sevməyən dairələrin sifarişləri əsasında oturub-durduqlarından hər mənada özlərini ictimaiyyətin gözündə tamamilə nüfuzdan salıblar. Bu əsasda da  Milli Şuranın yeni mitinq keçirmək niyyətinin xaricdən gələn sifariş əsasında olduğu vurğulanır.

Yurddaş Partiyasının sədri Mais Səfərlinin fikrincə, Milli Şuranın xaricdən gələn sifariş əsasında mitinqlər təşkil etməkdə məqsədi ölkədə xaos yaratmağa, sabitliyi pozmağa hesablanmış addımlardır: “Müxalifət  hazırda acınacaqlı durumdadır. Bu mənada onlar özləri də onun fərqindədirlər ki, artıq cəmiyyətdə unudulmağa başlayırlar. Cəmiyyətdə arxa plana keçdikləri, onlara diqqət yetirilmədiyinin fərqindədirlər.

Radikal müxalifətin bir hissəsi də bildiyiniz kimi, Milli Şurada təmsil olunur. Bu mənada da onlar indiki mərhələdə çalışır ki, gündəmdə qalmağa nail olsunlar. Belədə də müxtəlif üsullara əl atırlar. Azərbaycanla bağlı istər daxildə, istərsə də xaricdə hər hansı bir məsələ ortaya çıxan kimi də dərhal onun ucundan tutub ucuzluğa gedirlər. Belədə də gündəmdə qalmaq istəyirlər. Radikal müxalifət liderləri artıq özlərinə başqa bir fəaliyyət növü seçə bilmir. Uzun illərdir ki, müxalifətdə qalıb və yaşlanıblar. Artıq normal siyasi fəaliyyətlə də məşğul ola bilmirlər. Çünki siyasi fəaliyyət tamam başqa bir fəaliyyətdir. Müxalifət isə bu gün həmin müstəvidən kənara çıxıb. Onlar hər şeyi qara rəngdə görməyə alışıblar. Hər şeyin üstündən xətt çəkmək, ölkədə görülən mühüm işlərə kölgə salmaq siyasi fəaliyyət deyil.

Siyasi fəaliyyətlə məşğul olmaq istəyən liderlər cəmiyyətə normal çağırışlar etməli, alternativ proqramlarla çıxış etməlidirlər. Yəni xalq qarşısında hər hansı bir məsələni daha yaxşı edə bilməyə qadir olduqlarını sübut etməlidirlər. Ancaq radikal müxalifət və onların liderləri tərəfindən bunların şahidi olmuruq. Özlərindən başqa hamını tənqid edirlər. Bu illər ərzində radikal müxalifət bütün seçkiləri uduzub. Ancaq bunun günahını özlərində deyil, kənarda axtarmaqla məşğuldurlar. Xaricdə bu gün Azərbaycanı sevməyən, onun inkişafından əndişələnən qüvvələr var. İlk növbədə də həmin qüvvələr əsasən ermənipərəst qüvvələrdən ibarətdir. Azerbaycanın güclənməsi o deməkdir ki, torpaqlarımızı erməni işğalından azad edəcəyik. Ermənilərin ən çox qorxduğu da məhz budur. Təbii kİ, sülh yolu ilə münaqişə həll olunmasa, torpaqları güc yolu ilə azad edəcəyik. Bunu həm ermənilər, həm onları himayə edən qruplar, həm də həmsədr ölkələr gözəl başa düşür. Bilirlər ki, bir gün gələcək bu baş verəcək. Azərbaycan bu qədər güzəştə gedə bilməz. Bizim də səbrimizin həddi var. Ondan o tərəfə gözləmək iqtidarında deyilik. Ona görə də bunun qarşısını almaq, erməniləri sarsıdıcı zərbələrimizdən qorumaq üçün xaricdəki həmi dairələr çalışır ki, Azərbaycanın inkişafını əngəlləsin, burada xaotik proseslərə qol qoysunlar. Bu səbəbdən də Azərbaycanda hərc-mərcliyin olamsına çalışırlar. Çünki belə vəziyyət onlara öz çirkin niyyətlərini həyata keçirməyə imkan verər.

Radikal müxalifətin xaricdən gələn sifariş əsasında mitinq təşkil etməkdə də məqsədləri məhz ölkədəki sabitliyi pozmağa, gərginlik yaratmağa, düşmən dəyirmanına su tökməyə hesablanmış addımlardır. Bunun özü də radikal müxalifətin dövlət və xalqın maraqları namimə deyil, məhz öz şəxsi maraqlarını üstün tutmalarından irəli gəlir. Belədə də radikallar milli maraqlarımıza, milli strategiyamıza zidd fəaliyyət göstərməkdə davam edirlər».

R. SULTANOV 

 

 

Sizin Reklam Yeriniz