Əlaqə Arxiv
news Image
2019.02.20
07:00
| A A A
Ermənistan Qarabağ münaqişəsinin həllini hərbi müstəviyə sürükləyir

55-ci Münhen təhlükəsizlik konfransında planlaşdırılan Məmmədyarov-Mnasakanyan görüşünün baş tutmaması artıq bir həftə əvvəldən, Rusiya XİN tərəfdən Sergey Lavrovun bu görüşdə iştirak edəcəyi ilə bağlı anons verdiyi andan məlum idi. Halbuki işğalçı Ermənistanın xarici işlər naziri ilə torpağı işğal edilmiş Azərbaycanın xarici işlər nazirinin bu görüşünə böyük olmasa da ciddi ümidlər vardı. Axı, tərəflər arasında keçirilmiş bundan əvvəlki görüşdə xalqların sülhə hazırlanması barədə razılıq əldə edilmişdi. Bu o demək idi ki, tezliklə sülh haqqında rəsmi danışıqlar ola bilər. Göründüyü ki, Münhendə konfrans olsa da Qarabağ münaqişəsi üzrə əsas tərəflər arasında görüş olmadı. Əvəzində Rusiya XİN başçısı erməni nazirlə görüşdü.

Hisslərlə mühakimə yürüdülsə, Rusiya kimi dövlətin naziri üçün bu, utancverici hadisə sayılmalıdır. Çünki, hamı gözəl anladı ki, Lavrov sadəcə “yuyulmamış çömçə” kimi ortalığa atılaraq danışıqları pozub. Lakin siyasi mənafe nöqteyi-nəzərlə baxsaq, Lavrov “düz” hərəkət edib: Ermənistanın Azərbaycana münasibətinin dəyişməsi, bu ölkələr arasında münasibətlərin yoluna qoyulması, başlıcası isə münaqişə ocağının sülh yolu ilə çözülməsi Kremlə heç cür sərf etmir. Ona görə ki, Cənubi Qafqazda nifaq salmaq üçün əldə olan hazır material əldən çıxardı. Nifaq ocağı Rusiyaya ona görə lazımdır ki, birincisi, Ermənistanı tabeçiliyində saxlaya bilsin. İkincisi də onunla bağlıdır ki, Rusiya Ermənistandan əlini çəksə, bu siyasi bazara ABŞ daxil olacaq. Nəticədə Rusiyanın Avropanın cənubuna çıxışı bağlanacaq, üstəlik cənub sərhədlərinin düz burnunun ucunda amerikapərəst məkan peyda olacaq. Bu isə təhlükəsizliyə təminat yaxud Kremlin Ağ Evlə dünyada nüfuz müharibəsində zəifləməsi olacaq.

Məsələnin mahiyyəti ermənilərə də məlumdur. Lakin onlar vəziyyətdən çıxmağın səmərəli yolunu yox, təcavüzkar istiqaməti seçirlər. “Kişilər” guya siyasət yeridərək situasiyadan istifadə edib Azərbaycanın Qarabağ bölgəsini hüquqi cəhətdən erməniləşdirmək istəyirlər. Lakin onların bu yolda düzgün hesablaya bilmədikləri məqamlar çoxdur. İlk növbədə, ermənilərdə həqiqəti etiraf etməyə, yəni Azərbaycan torpaqlarını işğal etdiklərini və geri qaytarmaq məqsədlərini açıq dilə gətirə bilmirlər, buna mərdlik çatmır. Halbuki, hansısa bir mərd addıma ən çox onların özlərinin ehtiyacı var. Heç kimə sirr deyil ki, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlməsi ABŞ-ın əli ilə baş tutub. Yəni, belə bir güclü oyunçu ermənilərə “qorxma, vur” deyir. Ancaq İrəvanın təzə kreslo sahibləri belə bir addım atmaq eşqindən uzaqdırlar. Əgər, işğal faktını açıq etiraf etsələr, onda Azərbaycan, Türkiyə, Pakistan, İsrail, İran, Gürcüstan və İslam Əməkdaşlıq Təşkilatı kimi güclərin qlobal miqyasda dəstəyini qazana bilərlər. Bu isə Rusiyanın təsirindən çıxıb müstəqil olmağa yetər. Üstəlik, ölkə sürətli inkişaf yoluna qədəm qoyar.

Bəs, əvəzində nə baş verir?! Ermənistan Qarabağ münaqişəsinin həllini hərbi müstəviyə sürükləyir. Hətta müharibənin alovlanması ona hamilik edən Rusiyaya sərf etməsə də. Üstəlik, müharibə baş verərsə uduzan tərəfin Ermənistan olacağına şübhə yoxdur. Bu faktı erməni ekspertlər də etiraf edirlər. Azərbaycan məsələləri üzrə erməni ekspert Taron Ovannisyan “Novosti-Armeniya”ya sərhəddəki hazırkı sabit vəziyyətin uzun müddət davam edəcəyinə ümidli olduğunu deyib. Digər erməni hərbi ekspert Leonid Nersisyan isə münasibətini belə bildirib: “Güzəştli kreditlər hesabına hərbi arsenalı gücləndirmək lazımdır, əks halda Azərbaycandan çox geri qalacağıq”. Dünyadakı orduların reytinqində Azərbaycan 50-ci, Ermənistan isə 93-cü yerdədir. Bu fakt özlüyündə məsələnin məğzini açıqlayır. Nersisyanın fikrincə, ermənilərin elə bir böyük seçim imkanı yoxdur. Lakin yalnız Rusiyanın ianə kimi verdiyi güzəştli kreditlər hesabına alınan silahlar Azərbaycanın öz vəsaiti ilə reallaşdırdığı yüz milyonlarla dollarlıq sursat və hərbi texnikanın yanında heç nədir. Yəni, Azərbaycanın hərbi üstünlüyü həmişə olacaq və ermənilər bununla barışmaq və hesablaşmaq zorundadırlar.

Beləliklə, Lavrovun pozuculuq fəaliyyəti İrəvanda ayıq başla müzakirə olunmalı və sülh və inkişaf yolunda cəsarətli fəaliyyət planı hazırlanmalıdır. Çünki, müharibədə güclülər qazanır, kasblar isə ayaq altda qalırlar. Ermənistan bu hipotezi də xırdalamalıdır.

N.NOVRUZ

Sizin Reklam Yeriniz