Əlaqə Arxiv
news Image
2019.02.22
09:30
| A A A
Vasitəçilər Qarabağ məsələsində daha aktiv fəaliyyətə hazırlaşırlar
Qabil Hüseynli: “ABŞ-ın təşəbbüsü ilə başlanan proses müəyyən mütərəqqi elementlərə malik idi” Araz Aslanlı: “Lavrovun dediyi o zaman dəyərli olar ki...”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirir ki, Rusiya, ABŞ və Fransadan olan həmsədrlər Ermənistan və Azərbaycan liderləri, xarici işlər nazirləri ilə görüşüblər, yeni əlaqələr hazırlanır. Yeni əlaqələr nəyi nəzərdə tutur və münaqişənin gedişinə nə vəd edir?

Politoloq Qabil Hüseynlinin fikrincə, mövcud vəziyyət danışıqlar prosesinin nəticəli alınması üçün əlverişli deyil: “Zənnimcə, Rusiya özünün qeyri-konstruktiv mövqeyini davam etdirir. ABŞ-ın təşəbbüsü ilə başlanan proses müəyyən mütərəqqi elementlərə malik idi. Ancaq o prosesi dayandıraraq yenidən hər şeyi nəzarət altına götürdülər. İndi isə Minsk qrupu üçlüyünün vasitəçiliyilə gündəliyin formalaşdırılması istiqamətində danışıqların getdiyi haqda müxtəlif fikirlər yayırlar. Ümumiyyətlə, Lavrovun söylədiklərinə etibar etmirəm. Minsk qrupu yalnız vasitəçilik səyləri göstərir. Konkret nəticəyə hesablanmayan tövsiyyə xarakterli fikirlər söyləyirlər ki, onun da əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə xidmət etmir. Ona görə danışıqlar yenə də heç bir nəticə verməyərək özünün növbətçi görüşlər səviyyəsində əvvəlki axarında gedir. Bu sayaq görüşlər xarici işlər nazirləri sonra da birinci şəxslər səviyyəsində görüşlər formatında dəfələrlə sınaqdan çıxarılıb. Amma bu danışıqlar da heç bir konkret məqamlara aid olmayan məsələlərin müzakirəsinə yönəldilir. Görünən odur ki, mövcud vəziyyət danışıqlar prosesinin nəticəli alınması, sülh sazişinin imzalanması üçün əlverişli deyil”.  

Qafqaz Beynəlxalq Münasibətlər və Strareji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlının fikrincə, Rusiya XİN başçısının həmin fikirləri ancaq danışıqlar prosesinin işğalın aradan qaldırılmasına xidmət edəcəyi təqdirdə dəyər qazana bilər: “Lavrov əslində, deyib ki, həm ATƏT, həm də həmsədr ölkələr olaraq  Rusiya, Fransa və ABŞ  münaqişənin həllilə bağlı danışıqlar prosesini fəallaşdıracaqlar.  O münaqişənin həllilə bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşlərin keçirilməsini irəliləyişin əldə edilməsi imkanı kimi qiymətləndirir. Ardınca belə bir ümidverici mənzərəni ortaya qoyur ki, proses ətrafında yeni sıx görüşlər planlaşdırılır. Yəni Lavrov hesab edir ki, Azərbaycanla Ermənistan arasında təmaslar artanda, həmsədr dövlətlərin rəhbərləri bu iki ölkə ilə məsələni daha çox müzakirə edəndə, konfliktin həllilə bağlı imkanlar da artır.

Əlavə olaraq deyir ki, artıq təmaslara başlanılıb və onu daha da sıxlaşdırmağı planlaşdırırıq. Arxasınca da qeyd edib ki, yeni təmas və görüşlər də planlaşdırılır. Belədə o görüşlərin keçirilməsi və bu istiqamətdə sıxlığın artmasını ümidverici mənzərə kimi təqdim edir. Bu bütövlükdə olmasa da, qismən belədir. Məsələn, münaqişə tərəfləri arasında təmasların kəsilməsi konfliktin həllində, konfliktologiyada mənfi hal kimi qiymətləndirilir. Bu mənada belə bir ümumi yanaşma var ki, hətta irəliləyiş olmasa da belə, təmasların davam etdirilməsi, münaqişənin dondurulmuş vəziyyətdə qalması müəyyən çərçivələrdə müsbət hadisə kimi qəbul olunur.

Ancaq konkret Qarabağ münaqişəsilə bağlı bu məqamı müsbət hadisə kimi qiymətləndirə bilmərik. Burada münaqişə başlanğıc formasında deyil. Əksinə, böyük bir münaqişə baş verib, müharibə olub. Müharibənin nəticəsi olaraq da işğal, soyqırım prosesi baş verib, 1 milyondan çox insan doğma yurdlarını tərk edib. Belə bir situasiyada sadəcə, atəşkəsi qorumaq, danışıqları intensivləşdirmək  uğur kimi qiymətləndirilə bilməz.  Lavrovun dediyi o zaman dəyərli olar ki, danışıqlar prosesi işğalın aradan qaldırılması, qaçqın və məcburi köçkünlərin evlərinə qayıtması, müharibədə cinayət törətmiş insanlar barədə tədbir görülməsi üçün imkanlar yaradılsın. Bu sahədə imkanlar yaradılarsa, danışıqların intensivləşməsini müsbət hadisə kimi dəyərləndirə bilərik. Belə vəziyyət yaranmayacaqsa, bu sadəcə işğal prosesinin ömrünün uzadılmasına xidmət edəcək.

Rüfət NADİROĞLU       

Sizin Reklam Yeriniz