Son illər regional əməkdaşlığın Azərbaycan-İran-Rusiya, Azərbaycan-Türkiyə-Rusiya formatının getdikcə dərinləşdiyi müşahidə olunur. Bu iki üçbucağa daxil olan dövlətlər arasında son illər iqtisadi, siyasi, humanitar sahələrdə əməkdaşlıq getdikcə daha da yüksəlir. Belə bir vəziyyətin yaranmasının nəticəsidir ki, həmin dörd dövlət rəhbərləri arasında görüş və təmaslar da son zamanlar intensivləşib. Özü də bu görüşlər əksər hallarda konkret bu və ya digər məsələlərin həllilə nəticələnir.
Azərbaycan həm Türkiyə, həm Rusiya, həm də İranla bütyün istiqamətlərdə sıx əməkdaşlıq edir. Azərbaycanın əsas neft və qaz kəmərləri məhz Türkiyə ərazisindən keçir. Eyni zamanda, şimal-cənub nəqliyyat qovşağının inkişafı ilə ölkəmizin Rusiya və İranla da əlaqələri daim yüksələn xətt üzrə gedir. Bu ölkələfr energetika sahəsində də uğurlu əməkdaşlıq edirlər. Bu mənada Bakı-Tiflis-Qars, Şimal-Cənub, “Türk axını” kimi layihələr də mühüm əhəmiyyət kəsb edir. Bölgəmizdə sülh və təhlükəsizliyin təmin edilməsi olduqca vacibdir. Düzdür, regionda Dağlıq Qarabağ da daxil bəzi münaqişə ocaqlarının qalması təhlükəsizliyin tam olaraq təmin edilməsinə imkan vermir. Bununla belə sözügedən 4 dövlət arasında mövcud olan formatlar bölgəmizdə sülh və təhlükəsizliyin güclənməsinə də töhfə vermək gücündədir.
Politoloq Natiq Miri bildirdi ki, regional əməkdaşlığın Azərbaycan-İran-Rusiya və Azərbaycan-Türkiyə-Rusiya formatı ölkəmizin təhlükəsizliyinin təmin edilməsi və həmin dövlətlərlə əməkdaşlığın daha da genişlənməsinə gətirib çıxarır: “Əslində, beynəlxalq müstəvidə bütün əməkdaşlıq formatları müsbət dəyərləndirilir. Çünki heç bir dövlət və cəmiyyət uzun müddət qapalı olaraq mövcud ola bilməz. Hər hansı bir dövlət iqtisadiyyatını və digər xalqlarla mədəni, iqtisadi, siyasi, hərbi və digər yönlərdə inteqrasiyanı gücləndirmək istəyirsə, təbii ki, mütləq mənada digər ölkələr və xalqlarla əməkdaşlıq etməlidir. Bu baxımdan Azərbaycanın istənilən regional əməkdaşlıq formatında iştirakı təbii ki, müsbət olmaqla bərabər, həm də ölkəmizə bir çox mənada qazanclar vəd edir.
Yəni, bu hal həm geosiyasi, həm iqtisadi, həm də siyasi-hərbi təhlükəsizlik anlamda Azərbaycana üstünlük qazandırır. Ona görə də regionun ən güclü dövlətləri, xüsusən də qardaş Türkiyə, Rusiya və İran kimi ölkələrlə əməkdaşlıq formatında iştirakımız təbii ki, bütün mənalarda Azərbaycan dövlətinin təhlükəsizlihyinə xidmət edir. Bu əməkdaşlıq formatı həm də yeni kommunikasiya sistemlərinin yaradılması ilə müşayiət olunur. Yeni kommunikasiya sistemlərinin yaradılması isə təkcə regional səviyyədə baş vermir, bu cür layihələr həm də qlobal əhəmiyyətə malikdir.
Hazırda Qərblə şərqi birləşdirəcək İpək Yolunun düz ortasında həm coğrafi məkan, həm də dövlət olaraq məhz Azərbaycan yerləşir. Yeni kommunikasiya sisteminin varlığı, mövcud olmasında bilavasitə Azərbaycan təkcə iştirakçı dövlət olaraq deyil, həm də həmin istiqamətdə körpünün yaranmasının təşəbbüskarı kimi çıxış edir. Bu isə çox əhəmiyyətli bir məqamdır. Belədə Azərbaycan ilk öncə bütün dünya çapında daha aktiv şəkildə tanınır. Həmçinin, ölkəmizin bu mənada nə qədər yüksək geosiyasi əhəmiyyətə malik olan dövlət olduğunu göstərir.
Təbii ki, bu da öz növbəsində qlobal səviyyədə Azərbaycana diqqətlərin artmasına səbəb olur. Yeni bir kommunikasiya sistemi isə Şimal-Cənub sistemidir ki, onun vasitəsilə də Rusiya, Azərbaycan, İran və Hindistan birləşir. Bunun özü də iqtisadi və siyasi anlamda böyük geosiyasi və geoiqtisadi əhəmiyyətə malikdir. Azərbaycanın bu formatlarda iştirakı və regionun bu kimi ölkələrilə əməkdaşlıq etməsi həmçinin ölkəmizin təhlükəsizliyinə xidmət edən bir məsələdir. Yəni Azərbaycan qonşuluğundakı Rusiya, Türkiyə və İran kimi böyük dövlətlərlə münasibətləri daha isti məcraya daşıdıqca, bütün mənalarda həmin məqam ölkəmizin təhlükəsizliyinə xidmət edir. O baxımdan düşünürəm ki, bütün bu formatlar alqışlanmalıdır. Azərbaycanın belə formatlarda sadəcə iştirakçı deyil, həm də aparıcı dövlət olması ciddi geosiyasi əhəmiyyət kəsb edir”.
Rüfət NADİROĞLU