Əlaqə Arxiv
news Image
2019.02.23
08:00
| A A A
Vaşinqton-İrəvan gərginliyi Qarabağ münaqişəsinə də təsirsiz ötüşməyəcək
Arzu Nağıyev: “İrəvanın bu addımı fonunda iki ölkə arasında gərginlik davam edəcək”

Nazim Cəfərsoy: “Qarabağ məsələsində ABŞ-ın ənənəvi yanaşması davam edəcək”

Ermənistanın Suriyaya hərbçilər göndərməsi ABŞ-ın gözlənilydindən də daha sərt reaksiyasına səbəb olub. Hətta Vaşinqton Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-a neçə vaxtdır hazırlıq görülən səfərini ləğv edib. 
Qeyd edək ki, İrəvan Suriyaya hərbiçilərini Moskvanın “xeyir-duası” ilə göndərir. Suriyada isə ABŞ-la Rusiyanın maraqları toqquşur. Ümumiyyətlə, hazırda dünyanın demək olar ki, mövcud bütün qaynar nöqtələrində Vaşinqtonla Moskva bir-birinə zidd addımlar atmaqda davam edirlər. Belə olan bir vəziyyətdə sözsüz ki, Nikol Paşinyanın Suriya məsələsində atdığı addım ABŞ-a arxa çevirməsi və Rusiyanın maraqlarına cavab verməsi anlamına gəlir. Bu isə sözsüz ki, Ağ Evdə narazılıq yaratmalı idi. Belədə görünən odur ki, Ermənistanın yeni hökuməti öz ağılsız siyasəti nəticəsində, dünyanın bir nömrəli super dövlətilə münasibətlərinin pisləşməsinə rəvac verib.    
ABŞ-ın artan narazılığı nə ilə bağlıdır və bu hal iki ölkənin gələcək münasibətlərinə, Qarabağ münaqişəsinin gedişinə nə vəd edir?
Politoloq Arzu Nağıyev sözügedən məsələ ilə bağlı olaraq ABŞ-la Ermənistan arasında gərginliyin hələ xeyli müddət davam edəcəyini düşünür: “Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü kimi Paşinyan düşünür ki, Moskva ilə yaxınlıq münasibətlərini saxlasa son zamanlar ölkəsində Rusiyaya qarşı yönələn gərginlik aradan qalxa bilər. Məhz buna görə birbaşa Rusiyanın təkidilə 83  nəfərdən ibarət hərbçiləri Suriyaya göndərdi. Guya ki, erməni hərbçiləri ora himanitar yardım, əraziləri minalardan təmizləmədə iştirak etmək adı ilə gedibrlər. Lakin Ermənistanın bu hərəkəti birmənalı şəkildə Vaşinqton tərəfindən adekvat qarşılanmadı. Çünki Suriyada müharibə davam edirsə, eyni zamanda Ermənistanın orada iştirakı ilə bağlı koalisiya qüvvələri içərisində hər hansı bir qərar yoxdursa, ABŞ-dan belə bir reaksiyanın gələcəyini də gözlənilən idi. 
İrəvan Suriyada guya erməni icmasını qorumaqla məşğul olduğunu bəyan edib, ancaq bunun da bir bəhanə olduğu gün kimi aydındır. Məhz buna görə də ABŞ Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ölkələrinə girişinin  qadağan olunması ilə bağlı qərarla bağlı bəyanat verdi. Rusiya isə erməniləri də öz ardınca Suriyaya çəkməklə onların da məhz Moskvanın yanında olduğunu sübut etməyə çalışıb. Lakin İrəvan bunun hansı nəticələrə səbəb olacağını anlamadı və sonu da belə nəticələndi. Ancaq bütün hallarda ABŞ-ın İrəvanın həmin hərəkətindən narazı qalmasına baxmayaraq düşünmürəm ki, bu hal Vaşinqtonla Ermənistan arasında gələcək münasibətlərə hər hansı bir təsir göstərsin. Vaşinqtonla İrəvan arasında bu günə qədər elə də ciddi və mühüm əhəmiyyət kəsb edən münasibətlər yoxdur. Bu tendensiya istər hərbi, istər siyasi, istərsə də iqtisadi məsələlərdə də eyni vəziyyətdədir. Amma hər halda İrəvanın bu addımı fonunda iki ölkə arasında gərginlik davam edəcək”.
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy düşünür ki, ABŞ Qarabağ məsələsində ənənəvi yanaşmanı davam etdirəcək: “Aydın məsələdir ki, Ermənistanın Suriyaya əsgər göndərməsi Rusiyadan gələn təzyiqlərlə bağlıdır. Yeni hökumət Rusiya ilə münasibətlərdə müəyyən problemlər yaşayır. Ona görə də Paşinyan Moskvanı hirsləndirməmək və Qərblə münasibətlərdə tarazlıq yaratmaq üçün atmaq niyyətində olduğu növbəti addımlar fonunda müəyyən manevrlərə gedir.  Ona görə də belə addımlara getməklə Paşinyan həm Rusiyanın, həm də Moskvanın Ermənistandakı müttəfiqlərinin qəzəbini müəyyən dərəcədə yumşaltmağa çalışır. Bu mənada Ermənistan xarici işlər nazirinin ABŞ-a səfərinin təxirə salınmasını bəzi mətbuat orqanları onun Suriya məsələsilə bağlı sərgilədiyi addımla əlaqələndirir. 
Bunu da Paşinyana yönəlik Amerika gözləntilərinin müəyyən mənada zərər görməsi və Vaşinqtonun reaksiyası kimi də yozmaq olar. Amma ondan uzunmüdətli nəticələr çıxarmağın tez olduğunu düşünürəm. Bu mənada ABŞ-ın Suriya məsələsinə görə, Ermənistanla yaranan fürsəti boşa verəcəklərini düşünmürəm. Önümüzdəki dönəmdə Ermənistanın başqa rəsmilərinin Vaşinqtona səfərləri aktuallaşa bilər. 
Ona görə də erməni XİN rəhbərinə göstərilən həmin addımın müvəqqəti reaksiya olduğu qənaətindəyəm. Susiya məsələsi müəyyən xal salsa da, orta və uzun vədədə Amerikanın Paşinyana baxışlarında mühüm dəyişikliklər yaranacağını zənn etmirəm. Unutmayaq ki, 5 il öncəkilə müqayisədə indi Suriya məsələsində ABŞ-la Rusiya arasında daha ciddi gərginliklər müşahidə edilmir. Qarabağ məsələsinə gəldikdə, Con Bolton bölgəyə səfəri fonunda, həm də ABŞ prezidentinin Paşinyana ünvanladığı məktubda münaqişə ilə bağlı müəyyən mesaj və təkidlərin edildiyi barədə yazılar yer almışdı. 
Bütün hallarda Qarabağ məsələsində ABŞ-ın ənənəvi yanaşması davam edəcək. Bu istiqamətdə onun fəaliyyətində kritik dəyişiklik olmayacaq. Sadəcə, Paşinyanın gəlişilə Amerika problemin həllində bəlkə də, müəyyən dərəcədə fəallaşa bilər”.
Rüfət NADİROĞLU    

 

Sizin Reklam Yeriniz