Əlaqə Arxiv
news Image
2019.02.23
10:00
| A A A
Radikallar öz gözlərindəki tiri qoyub, başqalarının gözündə tük axtarırlar
Bu müxalifət deyilənlərin suçu dəfələrlə öz silahdaşları tərəfindən ifşa olunub

Bu radikal müxalifətçilər fəaliyyətlərində şəffaflıq prinsiplərindən həmişə qaçırlar. Çünki, şəffaflıq ayinəsində bütün əyər-əskikləri aydın görünür. Halbuki, danışanda elə pafos nümayiş etdirirlər ki, deyirsən, bəs, bunlardan yoxdur. Amma faktlar və rəqəmlər statistikası ilə tanış olanda gün kimi aydın olur ki, bu adamların məqsədi daha çox vəsait əldə etmək üçün daha çox yalan və böhtana əl atmaqdır.

Fevralın 23-nə “milli şura”nın təyin etdiyi mitinqə icazə verilməməsi radikalların çiçəklərini çırtladıb. Əli Kərimlinin komandanlığı ilə hakimiyyətə total hücum başlayıb. İnternet telekanalları, sosial şəbəkələr üzərindən pul qazanmaq üçün fəallaşan müxalifətçilər, indiki məqamda pul dəllalları əl-qollarını çırmalayıb düşüblər ortalığa. Böhtan və hökumətin fəaliyyətinin mənimsənilməsi uğrunda ciddi yarış gedir. Etiraf etmək lazımdır ki, nə qədər boş və mənasız olsa da situasiyanı öyrənmək üçün bu şəbəkəni izləmək lazım gəlir. Məsələn, bir neçə gün əvvəl Əli Kərimlinin “meydan tv” adlı youtube səhifəsində çıxışı müxalifət adına ikrahdan başqa heç bir təəssürat yaratmırdı.

Radikal partiya sədrinin siyasi mübarizlikdən uzaq simasındakı ifadə dilimizdə nadir işlənən sözlərdən olan “sitizə” adam görkəmi yaradırdı. Gözləri və yanaqları sevincdən par-par yanan bu adam hokunmətin sosial layihələrinin üzərinə hücum çəkərək ağzına gələni mdanışmaqla sosial şəbəkə istifadəçilərini azdırmağa çalışırdı. Onun təbirincə, bu ilin əvvəlindən ölkədə şəhid ailələrinə birdəfəlik yardımın verilməsi, maaşların, pensiyaların minimum hədlərinin artırılması, vətən qarşısında xüsusi xidmətləri olanlara, tələbələrə verilən təqaüdlərin çoxaldılması hökumətin yox, radikal müxalifətin “əməyinin” bəhrəsidir. Ə.Kərimli hökmünü də belə verir: “Bizim 25 illik mübarizəmiz nəticəsində hökumət minimum əmək haqqını 180 manata qaldırıb”. Müxalifətçilik də, radikallıq da bir tərəfə, insan gərək simasını nə dərəcədə itirə ki, belə bir hökm verə. Deyən gərək ki, ay radikal, indiyə qədər hansı işin qulpundan yapışmısan, xalqa hansı xidməti göstərmisən, ölkədə hansı səmərəli strategiyanı reallaşdırmısan ki, sənin mübarizənə görə əmək haqqı artsın?! Amma bu mövqe belələrinin bir xislətini də aşkara çıxarır: heç demə, radikallar nə yoğurub, nə yapıb, hazırca kökə axtaranlardan imişlər. Amma hesab etmək lazımdır ki, “25 illik mübarizə” termini düzdür. Ancaq, dövlətin adına. Bu müddətdə hökumətin apardığı məqsədyönlü, səmərəli, mükəmməl və sosial mahiyyətli siyasətin nəticəsində ölkə sürətli inkişaf yolu keçib, iqtisadiyyat yüksəlib, valyuta ehtiyatları çoxalıb və aylıq əməkhaqqının minimum məbləğinin 180 manata çatdırmaq imkanı yaranıb. Müxalifət isə bu prosesə yalnız mane olmağa çalışıb və göründüyü kimi məqsədinə nail olmayıb.

Bu müxalifət deyilənlərin suçu dəfələrlə öz silahdaşları tərəfindən ifşa olunub. Bu dosyeyə qaranlıq maliyyə prosedurları, təşkilatdaxili seçkilərdə qanuna zidd hərəkətlər və sairə daxildir. Məsələn,  iki il əvvəl mətbuatda Mədən Sənayesində Şəffaflıq Təşkilatında keçirilən seçkilərlə bağlı QHT sədri Mehriban Vəzir təşkilat daxilində baş verənləri acıqlayaraq izah etdi ki, Milli Şuranın üzvüləri olan bir neçə adam Əli Kərimlinin tapşırıqlarını icra edir və onlar məqsədli şəkildə təşkilatın daxilində birbaşa siyasətlə məşğul olurlar. Bir sözlə, Mehriban xanım Milli Şuranı ifşa etdi. Buna görə Əli Kərimli təcili 3-4 nəfəri toplayaraq Mehriban xanımı Milli Şuradan xaric etdi. Bircə gün belə dayana bilmədi. Bütün baş verənlər onu göstərir ki, Əli Kərimli öz siyasəti üçün qanuna da heç bir əhəmiyyət vermir. Qanun bu adamlar üçün həmişə arxa planda qalır. Bu faktlar təsdiq edir ki, radikallara tribuna, mitinq keçirmək icazəsinin verilməsi qanunların pozulmasına şərait yaradır. Bu isə cəmiyyətə, qanunçuluğun möhkəmləndiriılməsi uğrunda gedən mübarizəyə ciddi zərbədir.

N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz