Əlaqə Arxiv
news Image
2019.03.14
09:30
| A A A
Vətəndaşlara dövlət qayğısının gətirdiyi böyük uğurlar
Prezident İlham Əliyevin məqsədi cəmiyyətdə böyük ölçüdə vətəndaş məmnunluğunun təminidir

Sürətlə inkişaf edən, dünyanın nüfuzlu ölkələrindən birinə çevrilən Azərbaycanın qazandığı hər bir uğur Prezident İlham Əliyevin konkret hədəflərə hesablanan siyasətinin nəticəsidir. Məhz dövlət başçısının uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir. Ötən 16 il ərzində dövlət başçısının rəhbərliyi ilə ölkəmiz bir-birinin ardınca böyük uğurlar qazanıb. Azərbaycanın böyük nailiyyətlərinin fövqündə Prezident İlham Əliyevin modernləşmə, sosiallaşma siyasəti dayanır.

Hər bir vətəndaş təhlükəsiz yaşamaq, daim inkişaf etmək, arzularını reallaşdırmaq, cəmiyyətdə özünü təsdiq etmək, ən əsası, gələcəyindən arxayın olmaq istəyir. Bütün bunlar o zaman həqiqətə çevrilir ki, həmin xalqın verdiyi sözü əməli fəaliyyəti ilə yerinə yetirən, sabitliyin qarantı olan, beynəlxalq aləmdə yüksək nüfuz qazanan, ölkənin çiçəklənməsini təmin edən, özünü hər bir azərbaycanlının prezidenti kimi təsdiqləyən lideri olsun. Dünyanın müxtəlif yerlərində dövlətlərin bir-birinə qarşı düşmənçiliyi, dözümsüzlüyü, etnik təmizləmələr, terror aktları, dini, milli, irqi ayrı-seçkilik müşahidə edilir. Bütün bunların fonunda Azərbaycanda xalqı təhlükəsiz, tolerant və mehriban şəraitdə yaşayır. Əlbəttə ki, hər bir inkişafın nüvəsini sabitlik təşkil edir. Xalqımız buna təkcə mənsub olduğu mədəni keyfiyyətlərlə, qonaqpərvərliyilə, gözəl təbiətimizlə deyil, həm də ölkə başçısının yürütdüyü düşünülmüş siyasət nəticəsində nail olub.

27 illik müstəqillik tariximizin son 16 ili xüsusilə önəmlidir. Tarix üçün 15 il çox qısadır, amma bu müddət addım-addım inkişaf yolu keçən bir ölkə üçün heç də az zaman deyil. Prezident İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının prezidenti olduğunu dəfələrlə sübut edib. Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənib, dünya miqyasında söz sahibinə çevrilib.

Ötən müddət ərzində müasir inkişaf dövrünü yaşayan Azərbaycanda çox mühüm dəyişikliklər, nəzərəçarpan yüksəliş baş verib. Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi, onun başçılığı ilə aparılan sistemli islahatlar, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar aztəminatlı ailələrin, o cümlədən, qadın və uşaqların, pensiyaçıların yaşayışına müsbət təsir göstərir. Prezident İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Vətəndaşlar ölkə başçısının fəaliyyətində bunun əyani təsdiqini müşahidə edir. Vahid dövlətçilik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi və idman sahələrində davamlı və dinamik sürətlə inkişaf edir.

Bu gün ölkəmizdə işsizlik və yoxsulluq 5 faiz  səviyyəsindədir. Məktəblərə qeydiyyat dərəcəsi ibtidai, ümumi və tam orta təhsil səviyyələrində 99,8-100 faizə çatdırılıb, gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətlərinin artırılmasında tərəqqiyə nail olunub, uşaq və ana ölümü əhəmiyyətli dərəcədə azalıb, yoluxucu və digər xəstəliklərə qarşı mübarizə gücləndirilib, ətraf mühitin mühafizəsi və qorunması üçün qlobal tərəfdaşlığın təmin edilməsində mühüm irəliləyişlər əldə olunub. Vətəndaşlar, xüsusən də qadın və uşaqlar üçün əlverişli şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm işlər görülüb. Həssas sosial təbəqələrin, o cümlədən, kəndli qadınların, qaçqın və məcburi köçkün, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrin vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək üçün təkcə bu ilin əvvəlində verilmiş rəsmi sərəncamlar 3 milyona yaxın insanın sosial vəziyyətinə müsbət təsirini göstərib.  Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı sosial proqramın sadəcə bir hissəsidir.

Azərbaycan regionlarında həyata keçirilən sosial infrastruktur quruculuğu ölkəmizin müasir mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biridir. Ölkəmizdə uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarında ayrı-ayrı bölgələrdə sosial təyinatlı obyektlərin inşasına dair çoxlu sayda müddəalar öz əksini tapıb. Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin bir çoxu artıq reallaşdırılıb. Hazırda regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı çərçivəsində bütün ölkə boyu sosial təyinatlı obyektlərin inşası və yaxud yüksək səviyyədə yenidən qurulması intensiv şəkildə davam etdirilir. Göründüyü kimi, əhalinin bütün təbəqələri sosial proqramlarla əhatə olunub və bu gün ölkəmizdə aparılan siyasətin xarakterik cəhəti bununla müəyyənləşir. Çünki, dövlət xalaq, xalq dövlət üçün çalışır.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz