Əlaqə Arxiv
news Image
2019.03.15
08:16
| A A A
Azərbaycan diplomatiyası Ermənistanı dünya miqyasında tam çökdürür
Elman Nəsirov: “Bu gedişlə günlərin birində Ermənistana qarşı təzyiqlərin daha kəskin şəkildə işə salınması, ona qarşı müəyyən iqtisadi təsir rıçaqlarına start veriləcəyini müşahidə edəcəyik”

Dünya dövlətlərinin Azərbaycan və Ermənistana yanaşamaları daha sürətlə dəyişməyə başlayır. Son proseslər göstərir ki, getdikcə daha çox dünya dövlətləri Azərbaycanın haqq səsinə dəstək olmağa başlayıb. Bunun əksi olaraq, Ermənistanın dünya miqyasında imic və nüfuzu isə daha da aşağı düşür. Beynəlxalq birliyin, Mins qrupu həmsədr ölkələrinin Ermənistan baş nazirinin separatçı Dağlıq Qarabağ rejimini də danışıqlar prosesinə qatmaq cəhdlərinə yox deməsi də buna əyani sübutdur. 

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, dünya dövlətlərinin Bakı və İrəvana olan yanaşmasında baş verən dəyişikliyin əsasında Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyi, Ermənistanın isə qeyri-konstruktiv mövqedə qalmaqda davam etməsi dayanır: “Şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin yubanması ilk növbədə regionda təhlükəsizlik üçün ciddi təhlükələr yaradır. Bu təhlükə hazırda daha da artmaqdadır. Paşinyan hakimiyyətə gələndən sonra müəyyən inam yarandı ki, o hakimiyyətdən uzaqlaşdırdığı sələflərinin münaqişənin həllilə bağlı səhv siyasətindən nəticə çıxararaq Ermənistanın bütün fəlakət, bədbəxtliklərinin kökündə dayanan əsas səbəbin İrəvanın işğalçılıq siyasətini davam etdirməsinin olduğunu dərk edəcək. Ona son qoymadan Ermənistanın nicatı yoxdur. Ancaq təəssüf ki, Paşinyan bu nöqteyi-nəzərdən öz sələflərindən uzağa gedə bilmədi. Bu mənada artıq dünya dövlətləri, beynəlxalq təşkilatlar da onun fərqindədir ki, belə olan təqdirdə etdikləri cəhdlərə baxmayaraq hadisələr ən qəliz və mürəkkəb müstəvidə inkişaf edə bilər. Nəticədə regionda olduqca təhlükəli müharibə başlaya bilər. Bunu artıq Avropa İttifaqı və digər beynəlxalq qurumlarda da ciddi qiymətləndirməyə başlayıblar. 
Təsadüfi deyil ki, erməni baş nazirinin Brüsselə səfəri zamanı Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə komissar Federika Mogerini ilə keçirilən görüşdə də Paşinyana başa salındı ki, heç bir ilkin şərt irəli sürmədən danışıqlara qoşulmaq lazımdır. Bu, o deməkdir ki, münaqişənin çözümü istiqamətində həll yolu tapılmalı və qondarma rejim danışıqlara tərəf kimi qatıla bilməz. Yəni Paşinyanın israr etdiyi həmin ideyanı Mogerini təkzib edərək üstündən xətt çəkdi. Avropa İttifaqının Genişləndirmə və Qonşuluq Siyasəti üzrə kommisarı Yoxaneslə görüşdə də qarşı tərəf Paşinyana dəyişikliklər naminə dəyişiklik etməyin lazım olmadığını başa saldı. Yəni münaqişənin həlli prosesində format dəyişikliyinə ehtiyac yoxdur. ATƏT-in hazırkı sədri Bakıda səfərdə olarkən də Prezident İlham Əliyevlə görüşdə bir daha vurğuladı ki, münaqişənin həlli yolunda format dəyişikliyinə ehtiyac yoxdur və konflikt Azərbaycanla Ermənistan arasında öz həllini tapmalıdır. Bütün bu deyilənlər fonunda ATƏT-in Minsk qrupu həmsədrlərinin verdikləri birgə bəyanatının da əsas mahiyyəti konfliktin həllilə bağlı prosesdə formatı dəyişikliyinin yolverilməz olduğu barədə idi.  
Bütün bunlar beynəlxalq aləmdə Paşinyanın münaqişənin həllilə bağlı formatın dəyişdirilməsi təklifinə rədd cavabının verilməsi anlamını daşıyır. Sadaladığımız faktlar onu təsdiq edir ki, zaman keçdikcə beynəlxalq birlik və ictimaiyyət bu məsələdə qətiyyətli mövqe sərgiləməyin və problemin həllinin vaxtının çatdığının fərqindədir. Əks təqdirdə hadisələr nəzarətdən çıxa və regionda söndürülməsi mümkünsüz olan müharibə alovlana bilər. Bu nöqteyi-nəzərdən də son zamanlar Paşinyana qarşı beynəlxalq müstəvidə təzyiqlərə start verilib. Bu kontektrdə rusiyalı tanınmış politoloqlardan biri bildirib ki, cari ilin iyul ayında Paşinyan münaqişənin həllilə bağlı güzəştli addımlar atmağa məcbur ola bilər. Bütün bu deyilənlər ona dəlalət edir ki, artıq münaqişənin həllilə bağlı prosesə ciddi yanaşmağın, həlledici addımlar atmağın vaxtı çatıb. Ona görə də Paşinyan özünə olan beynəlxalq təzyirlər və mövcud reallıqlar fonunda papağını qarşıya qoyub düşünməlidir”.

Həmsöhbətimiz qeyd etdi ki, bu gedişlə günlərin birində beynəlxalq miqyasda İrəvana qarşı təzyiq mexanizminin işə salınacağını da müşahidə edə bilərik. Azərbaycana gəldikdə isə mövcud vəziyyətdə ölkəmizin dünya arenasında nüfuz və əhəmiyyəti artmaqda davam edəcək: “Bütün bu deyilənlər ciddi siqnallardır. Beynəlxalq təşkilatlar regionda yaranmış mürəkkəb situasiyadan çox narahatdır. Onların da regionda ciddi strateji və iqtisadi maraqları cəmlənib. Hadisələrin müharibə istiqamətində inkişafı isə bu maraqları da təhlükə altına alır. Paşinyan ölkəsinin dilənçi olması səbəbindən Aİ-ilə əlaqələri genişləndirmək istəyir. Bu müstəvidə dünya dövlətlərinin həmin iki ölkəyə yanaşmasında baş verən dəyişiklik Paşinyan üçün o deməkdir ki, konstruktiv siyasət ortaya qoymaca, populist bəyanatlar verməkdə davam edəcəksə, hadisəni müharibə istiqamətinə sürükləyirsə, heç bir yardım ala bilməyəcək. Yəni onun bu istiqamətdə ümid bəsləməsinə heç bir əsas yoxdur. ABŞ-ın Ermənsitana münasibətində də ciddi gərginlik yaşanır. Xüsusən də İrəvanın Moskvanın istəyilə Suriyaya guya sülhməramlı qüvvələr göndərməsi rəsmi Vaşinqtonu çox hiddətləndirib. Bu baxımdan ABŞ-dan da yardımların gəlməsi mümkünsüz görünür. Rusiya ilə Paşinyanın münasibəti isə mehriban düşmən münasibətini xatırladır. Paşinyanın atdığı addımlar Qərbə istiqamətlənib, ancaq Qərbin özü də ondan narazıdır. 

Deməli, o, ənənəvi dostları ilə də ünasibətləri korlayır, üz tutduğu Qərbdə də ona inam yoxdur. Hesab edirələr ki, Paşinyanın fərasətsiz siyasəti həmin ölkələrin regiondakı maraqlarını da böyük təhlükə altında qoya bilər. Azərbaycanın isə bu reallıqlar fonunda mövqeyi daha da möhkəmlənməkdədir. Azərbaycan dövlətinin milli mənafeyə söykənən müstəqil siyasəti dünya miqyasında ölkəmizə olan rəğbət və hörmətin daha da güclənməsini şərtləndirir. Azərbaycana dünyada etibarlı tərəfdaş kimi yanaşırlar. Ölkəmiz beynəlxalq sülhə də ciddi töhvələr verir. Bunu müqayisə edib tərəzinin gözünə qoymaqla dünya ölkələri də görür ki, Azərbaycanla Ermənistan müqayisəolunmaz səviyyədə bir-birindən fərqlidir. Azərbaycan dünya birliyinə fayda verir, Ermənistan isə ancaq dağıdıcı funksiyanı həyata keçirir. Hadisələrin bu səpkidə inkişafı zamanın ölkəmizin xeyrinə işlədiyini göstərir. 
Günlərin birində bu gedişlə Ermənistana qarşı təzyiqlərin daha kəskin şəkildə işə salınması, ona qarşı müəyyən iqtisadi təsir rıçaqlarına start veriləcəyini müşahidə edə bilərik. Çünki sabah baş verə biləcək istənilən hadisədə bu günün müəyyən əlamətləri gizlənməkdıdir”.
Rüfət NADİROĞLU    

 

Sizin Reklam Yeriniz