Əlaqə Arxiv
news Image
2019.03.15
08:29
| A A A
Azərbaycanın fundamental siyasi konsepsiyası
Cənubi Qafqazın lideri bu gün, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir

Dünyada baş verən proseslər qoynunda bu gün Azərbaycan uğur nümunəsi rolunda çıxış edir. Ölkəmiz geosiyasi strateji əhəmiyyəti, enerji sahəsində malik olduğu mühüm təbii ehtiyatlar ilə regionda həm iqtisadi, həm də ümumi gücün mənbəyidir. O, Şərq ilə Qərb arasında nəqliyyat qovşağıdır. Gələcəkdə Şimal ilə Cənub arasında birləşdirici nəqliyyat roluna yiyələnəcək. Azərbaycanda gözəl idarə edilən dövlətin malik olmalı olduğu mühüm meyarlar mövcuddur. Bu da əhali arasında azad özünüifadənin, bərabərliyin, vətəndaş hüquqlarının inkişafını stimullaşdırmağa imkan verir. Yüksək multikultural və multikonfessial dəyərləri ilə məşhur olan Azərbaycan cəmiyyətinin hər bir üzvü dövlətin qayğısı ilə intellektual səviyyəsini təmin etmək imkanına malikdir. 

Martın 14-də Azərbaycanın paytaxtında “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumu işə başlayıb. Forum ildən-ilə inkişaf etdikcə genişlənir və keyfiyyətcə daha da yaxşılaşır. Forumda iştirak etmək üçün Bakıya gələn bir çox qonaqlar dənizin sahilində gözəl, müasir payraxtımızı görəndə təəssüratlarını heyrətlə dilə gətirirlər. Çünki, VII Qlobal Bakı Forumunun mahiyyəti kimi onun keçirildiği şəhər də hamıda inanılmaz təsir oyadır.

Bu gün heç vaxt olmadığı kimi beynəlxalq ictimaiyyətin üzləşdiyi təxirəsalınmaz çağırışlar barədə düşünmək mühüm əhəmiyyət kəsb edir. Bunların arasında müxtəlifliyin birgəyaşayış formasının təşviqi müstəsna və bəzən misilsiz əhəmiyyət daşıyan prioritet məsələdir. Beynəlxalq ictimaiyyətin ümumi irsinin bir parçası olan Azərbaycan dözülməzlik və ekstremizmi yayan qüvvələr qarşısında öz nümunəsi ilə bir sipərdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən həyata keçirilən təşəbbüslər millətlər arasında sivil birgəyaşayışın əsasını təşkil edən müxtəlif xalqlar, mədəniyyətlər və konfessiyalar arasında dialoq və əməkdaşlığın aparılması yollarını araşdırır və bu işdə Azərbaycanın konsepsiyası həm yerli və regional, həm də beynəlxalq aləm üçün fundamental rol daşıyır.

VII Qlobal Bakı Forumunda Azərbaycanın xarici siyasətindən danışan Prezident İlham Əliyev  bildirib ki, bu, proqnozlaşdırıla bilən, müstəqil və milli maraqlara əsaslanan, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionda sabitliyə yönələn siyasətdir: “Biz ənənəvi tərəfdaşlarla münasibətlərimizi daha da möhkəmləndirmişik, eyni zamanda, yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq”.

Tarix öyrədir ki, hər bir xalqın və döv­lətin taleyində, xüsusən də onun inkişaf mərhələsinə qədəm qoyduğu bir zamanda bacarıqlı liderə ehtiyac duyulur. Bu gün Prezident İlham Əliyevin rəhbər­liyi ilə Azərbaycan müasirləşir və yüksəlir. Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünya ölkələrilə ikitərəfli və çox­formatlı əlaqələrinin daim genişlənməsi demə­yə əsas verir ki, indiyədək aparılmış və bu gün də davam etdirilən iqtisadi-siyasi kurs düzgün istiqa­mət­dədir. Son 16 ildə görülən işlərin miq­yası, Azərbaycanın dinamik və hərtərəfli tərəq­qisi naminə qəbul edilən və uğurla həyata keçi­ri­lən ölkədaxili dövlət proqramları və qlobal layihələr,  onların real nəticələri ölkəmizin dünya birliyində öz möv­qelərini daha da möhkəmləndirməsinə səbəb olub. Qazanılan hər bir uğur Azərbaycan dövləti­nin si­yasi və iqtisadi müstəqilliyini daha da möh­kəm­ləndirir, ölkəmizin dünyadakı nüfuzunu artırır. Döv­lət başçısının uğurlu fəaliyyət modeli bütün dün­ya­nın qabaqcıl ölkələri tərəfindən qəbul olun­ur.

Azərbaycan regionun lider dövlətinə çev­rilib. Həyata keçirilən qlobal və regional la­yi­hələr öl­kə­mizin dünyaya inteqrasiyasını sürətləndirir. Sülhsevər xalq, inkişaf edən dövlət, güclü lider vəhdəti müasir Azər­baycanın müstəqilliyini stimullaşdıran ən güclü amildir.

Forumda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin nəticələri barədə ətraflı danışan Azərbaycan Prezidenti bir milyondan çox qaçqın və məcburi köçkünün bu gün də bu işğalın nəticələrindən əziyyət çəkdiyini, xalqımıza qarşı etnik təmizləmə aparıldığını, tarixi abidələrimizin dağıldığını xatırladıb. Dövlətimizin başçısı bildirib ki, bu işğal beynəlxalq təşkilatların beynəlxalq hüquqa əsaslanan qətnamələrinin pozulması deməkdir və status-kvo qəbuledilməzdir, onun dəyişdirilməsi üçün isə Ermənistan Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır: “Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqlar formatını dəyişdirməyə cəhd edir. Bu isə qəbuledilməzdir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu bəyan edirlər”.

Üç gün davam edəcək bu mötəbər tədbirə 50 ölkədən 500-dən artıq nümayəndə qatılıb. Forum çərçivəsində keçiriləcək 10 sessiyada qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək.

N.NOVRUZ

 

 

 

Sizin Reklam Yeriniz