news Image
2019.03.16
10:00
| A A A
Dünyanın gələcəyinin konturları Azərbaycanda cızılır
Ölkəmizin dünyada ortaq mövqelərin yaranması işində oynadığı rol yüksək dəyərləndirilir

VII Qlobal Bakı Forumunda çıxışı zamanı Azərbaycanın xarici siyasətindən danışan Prezident İlham Əliyev belə bir fikir səsləndirib ki, bu, proqnozlaşdırıla bilən, müstəqil və milli maraqlara əsaslanan, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionda sabitliyə yönələn siyasətdir: “Biz ənənəvi tərəfdaşlarla münasibətlərimizi daha da möhkəmləndirmişik, eyni zamanda, yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq”.

Qurulan körpülər sadəcə gedi-gəlişlə bağlı deyil. Bu körpülərin iqtisadi, siyasi və mənəvi yükü kifayət qədər sanballı və ürəkaçandır. Çünki, onun alibi etibarlılıq, məqsəd birliyi, sülhpərvərlik, bir-birinə yardım əlini uzatmaq, humanizm və bəşərilikdir. Azərbaycan Respublikası son müstəqilliyinin tarixi baxımından gənc dövlətdir. Lakin qısa tarixi boyunca gördüyü işlər, beynəlxalq həyata qaynayıb-qarışması və həyata keçirdiyi qlobal layihələr baxımından ölkəmizin uğurları vaxt limiti tanımır.

Azərbaycan artıq dünya dövlətləri ailəsinin ən fəal, çevik və işgüzar üzvlərindən birinə çevrilib. İndi onun ətrafında dostlar o qədərdir ki, saymaqla bitməz. Başlıcası isə proses işlək vəziyyətdədir, dostların sayı durmadan artır, çünki dövlətimizin fəaliyyəti güclü cazibə qüvvəsi yaradır və onun başına toplaşaraq ünsiyyət qurmaq digər dövlətlər üçün şərəf məsələsidir. Təkcə VII Qlobal Bakı Forumunda 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir. Qonaqların arasında 5 hazırkı prezident, 1 hazırkı baş nazir, 2 baş nazirin müavini və 42 sabiq dövlət və hökumət başçısı, görkəmli siyasətçilər, vətəndaş cəmiyyətinin təmsilçiləri, jurnalistlər, alimlər, gənc liderlər var. Bu şəxslər dünyanı fəth edən Azərbaycan həqiqətlərinin canlı daşıyıcıları və təbliğatçılarıdır. Heç kim onları vəkil yuymayıb. Amma ölkəmizin reallıqları insanları könüllü təbliğatçıya çevirir. Ona görə ki, Azərbaycan rəhbərliyinin siyasəti sülhü və əmin-amanlığı təbliğ edir. Dünyanınsa, hazırda ən çox ehtiyacı olduğu məsələ məhz sabitlikdir. 

Qlobal Bakı Forumu öz intelektual səviyyəsi ilə digər tədbirlərdən əsaslı şəkildə fərqlənir. Burada işgüzarlıq formatları, iqtisadi layihələrin təhlili ilə yanaşı siyasi və mədəni əlaqələrin genişləndirilməsi məsələsi də gündəmin mövzusuna çevrilir. Lakin bütün istiqamətlərdə aparılan müzakirələrin mərkəzində sülhpərvərlik missiyası qırmızı xətt kimi keçir. Buna görə də Azərbaycan Prezidenti xarici siyasəti barədə danışarkən bildirir ki, o, çox dəyişməyib: “Biz Azərbaycanın yeni xarici siyasəti barədə danışa bilmərik. Lakin sözsüz ki, regionda, dünyada vəziyyət dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq. Lakin bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir”.

Dövlət başçısının bu sözləri sülhpərvərlik missiyasının xarici siyasətin dəyişilməz atributu olmasının təsdiqidir. Bu isə müdrik yoldur. İnsanların dinc-yanaşı yaşaması kimi ali bir məqsədin prioritet seçilməsi Azərbaycan xalqının tarixən formalaşmış unikal multikultural və multikonfessial dəyərlərinin məcmusundan doğur. Ölkə rəhbərliyi bu gün bu dəyərlərin layiqli davamçısıdır. Bu dəyərləri qiymətləndirib ona qoşulanların milyonlarca olması səbəbindən ölkəmizin dostları çoxalır.  

Forumda çıxış edən qonaqlar gələcək barədə nikbin proqnozlar verməklə Bakının missiyasını dəstəklədiklərini bildiriblər. Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani bu mötəbər Foruma dəvət olunduğuna görə Azərbaycan dövlətinin başçısı İlham Əliyevə minnətdarlığını bildirərək deyib: “Düşünürəm ki, bu Forum dünya siyasətinə yeni elementlər gətirəcək və beynəlxalq əməkdaşlığı gücləndirəcək. Əlamətdar haldır ki, bu Qlobal Forumun mövzusu mücərrəd deyil, bu, dünyanın gələcəyinin konturlarını cızacaq”. Avropada təhlükəsizlik baxımından yaşanan çətinliklərə toxunan Albaniya Prezidenti İlir Meta Forumda Azərbaycan ilə əməkdaşlığın ölkəsi üçün faydalarından da danışıb: “Demokratiyaya gəldikdə deməliyəm ki, ölkəmiz sosial cəmiyyətin çiçəklənməsi istiqamətində səylər göstərməkdədir. Azərbaycan ilə qurulan tərəfdaşlığımız bu istiqamətdə göstərdiyimiz səylərə mühüm töhfə verməkdədir”. Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Şefik Caferoviç dünyada baş verən qlobal dəyişikliklərlə bağlı yaranmış çətinliklərin aradan qaldırılması barədə rəyini belə bildirib: “Heç bir ölkə bu çətinliklərin və problemlərin öhdəsindən təkbaşına gələ bilməz. Ona görə inteqrasiyanın vacibliyi göz qabağındadır və siyasətlər məhz buna görə hazırlanmalıdır. Hər bir ölkə üçün əsas məsələlərdən biri öz təhlükəsizliyinin təmin edilməsidir. Bunu ancaq qonşu ölkələrlə birlikdə və qlobal platformada təmin etmək mümkündür. Məhz buna görə də bizim ortaq qərarlara ehtiyacımız vardır”. Doğrudan da Qlobal Bakı Forumu ilə Azərbaycanın dünyada ortaq mövqelərin yaranması işində oynadığı rol yüksək dəyərləndirilir.

N.NOVRUZ