news Image
2019.03.16
09:00
| A A A
İrəvanı yeni “aprel müharibəsi” qorxusu bürüyüb
Natiq Miri: “İrəvanda anlayırlar ki, total hücum olduğu təqdirdə, hətta hərbi əməliyyatlar qısa müddətli olsa belə, Azərbaycan Ordusunun qarşısında duruş gətirə biləcək erməni qüdrəti, gücü yoxdur”

Aprel ayı yaxınlaşdıqca Ermənistanı “aprel müharibəsi”nin təkrarlanması qoxusu bürüyür. Erməni politoloqlardan Aleksandr İskəndəryan, Qrant Məlik-Şahnazaryan və digərləri artıq bu xüsusda xəbərdarlıq edirlər.

Bu hal bir daha onu təsdiq edir ki, İrəvan 2016-cı ilin aprel döyüşlərində sarsıdıcı zərbəyə məruz qalıb. Onun nəticəsidir ki, hələ də düşmən tərəf həmin dövrü, aldığı ağır zərbələri unuda bilmir. Bu xüsusda da hər dəfə aprel ayı gələndə ermənilərin canına vəlvələ düşür. Xüsusən danışıqlar formatı ilə bağlı İrəvanın tutduğu mövqeyinin buna rəvac verdiyi vurğulanır. Belə ki, formatın dəyişdirilməsi kimi sərsəm ideya əslində, İrəvanın danışıqlardan qaçmaq niyyətində olmasından xəbər verir. Bu fonda isə işğalçını problemin həllində irəliyə addım atmağa məcbur etməyin bir yolu qalır. Bu da aprel döyüşlərinin daha geniş müqyasda yenidən təkrarlanmasından keçir. Prosesin gedişi göstərir ki, hər keçən gün hadisələri məhz bu səpkidə inkişafa doğru aparır. Bu müstəvidə də işğalçının narahatlığı daha da artır.  

Politoloq Natiq Miri bildirdi ki, ermənilər aprel döyüşlərinin təkrarlana biləcəyi ilə bağlı qorxu hissi keçirmələrində haqlıdırlar. Çünki növbəti aprel müharibəsi Ermənistanda daşı-daş üstündə qoymayacaq: “Ermənistan siyasi çevrələrində xüsusilə psixoloji nöqteyi-nəzərdən həra hansı bir faciə, gərginlik, dramatik hadisə yaşanmadan hay-qışqırıq salmaq adət halını alıb. Bununla da dünyanın diqqətini bu hadisəyə yönəldirlər. Yəni, bu cür açıqlamalar Ermənistanda bir növ qabaqlayıcı tədbir kimi tətbiq olunur. Bu fonda İskəndəryan və digər siyasilərin açıqladığı həmin əndişəni də təxminən bu kontekstdə dəyərləndirmək olar. Ancaq ortada fərqli məqam da var.

 Söhbət ondan gedir ki, onların bu əndişəsi heç də əsassız deyil. Çünki anlayırlar ki, total hücum olduğu təqdirdə, hətta hərbi əməliyyatlar qısa müddətli olsa belə, Azərbaycan ordusunun qarşısında duruş gətirə biləcək erməni qüdrəti, gücü yoxdur. Artıq bu birmənalıdır. Bunu kimsə təkzib etmir. Əksinə, dünya miqyasında həm Qərbdə, həm də İrəvanın havadarı olan Moskvada artıq siyasilər bu istiqamətdə ciddi xəbərdarlıqlar etməkdədirlər. Bu açıqlamalar da özündə böyük həqiqət yükü daşıyan açıqlamalardır. Onu görə də İsgəndəryan və onun timsalında digər siyaslərin bu kimi əndişələri həqiqət yükü daşıyan əndişələrdir. Ona görə də bunu sadəcə, bəyanat xatirinə demək yetərli deyil. Çünki Ermənistan və erməni əsgərləri üçün böyük dramatik faciə yaşanmadan qabaqlayığı tədbiri ortaya qoymaq lazımdır.

Bunun üçün də mütləq mənada Ermənistan rəhbərliyi Azərbaycanla danışıqlar masasına sözün əsl mənasında oturdulmalı və konkret predmetlər üzrə çözüm prosesini başlamalıdırlar. İlk növbədə Ermənistan Dağlıq Qarabağ probleminin həllində mərhələli həll planını qəbul etdiyini bəyan etməlidir. Əks təqdirdə, fikrimcə Ermənistan rəhbərliyilə baş tutan bu görüşlər Dağlıq Qarabağ probleminin həlli məsələsini sonrakı illərə atmaqda davam edəcək. Heç bir nəticəsi olmayan bu cür danışıqlardan birmənalı imtina etmək lazımdır. Düşünürəm ki, artıq Azərbaycan lokal, sürətli hərbi əməliyyatlara başlamaqla bağlı İrəvana ultimatum verməlidir. Bu ultimatum həmçinin beynəlxalq tribunalarda da çox gur səslə səsləndirilməlidir.

Yaxın zaman çərçivəsində Ermənsitan sülh danışıqlarında Azərbaycanın işğaldakı torpaqlarının geri qaytarılmasına yönəlik addım atmağa, yaxud bunu müzakirə etməyə hazır deyilsə, Bakı öz torpaqlarını işğaldan azad etməklə bağlı BMT nizamnaməsindən irəli gələn hüququnu özündə saxlayır. Bu açıqlamanın verilmə zamanının gəldiyini düşünürəm”.

Rüfət NADİROĞLU