Əlaqə Arxiv
news Image
2019.03.19
09:00
| A A A
Kremlin Qarabağ gedişləri İrəvanda böyük təşviş doğurur
İlqar Vəlizadə: “Ötən illər ərzində Dağlıq Qarabağ münaqişəsi ətrafında çoxsaylı versiya və fikirlərin şahidi olmuşuq”

Rusiya Serj Sarkisyan, Robert Köçəryan və “Lazarev klubu” vasitəsilə Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejimi Nikol Paşinyan hakimiyyətindən ayırmağa çalışır. Bu barədə erməni şərhçi Akop Badalyan yazıb.

Badalyan keçmiş prezident Serj Sarkisyanın Xankəndinə getdiyini və separatçı rejimin “rəhbəri” Bako Saakyanla danışıqlar apardığı haqqında məlumatı xatırladaraq yazır ki, məqsəd ərazilərin Rusiya ssenarisinə uyğun qaytarılmasıdır. Söhbət ilkin mərhələdə 5 rayonun qaytarılmasını nəzərdə tutan ssenaridən gedir.

Qeyd edək ki, son zamanlar  Ermənistandakı bir sıra ekspertlər səviyyəsində işğal olunmuş torpaqların bir hissəsinin qaytarılacağı barədə fikirlər müəyyən dərəcədə geniş yayılmağa başlayıb.

Politoloq İlqar Vəlizadə bildirdi ki, erməni şərhçinin verdiyi rəy reallığa tərs-mütənasibdir: “Ötən illər ərzində Dağlıq Qarabağ münaqişəsi ətrafında çoxsaylı versiya və fikirlərin şahidi olmuşuq. Belə versiyaları o cümlədən Ermənistan ekspert cəmiyyətinin nümayəndələrinin dilindən də eşidirik. Bir çox hallarda da bu ekspert rəy və ehtimalları son nəticədə özünü doğrultmayaraq elə rəy olaraq da qalırdı. İndi verilən bu rəylər də reallıqla demək olar ki, az uzlaşır.

Bir tərəfdən, belə ehtimallar irəli sürülür və onun üçün müxtəlif dəlillər tapılır. O biri tərəfdən isə Ermənsitanın baş naziri ölkəsinin Təhlükəsizlik Şurasının iclasını qanunsuz olaraq işğal olunmuş Dağlıq Qarabağda keçirir. De-fakto Ermənistan ordusu bu ərazilərimizdə məskunlaşıb. Hansı ki, Ermənistan ordusu heç də Xankəndinə deyil, bilavasitə İrəvana tabedir. O biri tərəfdən, son ay ərzində Ermənistan müdafiə naziri tərəfindən münaqişə bölgəsində hücum əməliyyatlarının hazırlandığı  ilə bağlı planların olduğu barədə informasiya yayılmışdı. Çox güman berlə planları da var. Ola bilər, bunlara sadəcə olaraq, taktiki dəyişikliklər edilir. Ermənistanın xüsusi xidmət orqanı rəhbəri də bu yaxınlarda Dağlıq Qarabağda olarkən qondarma rejim nümayəndələrilə Azərbaycanın işğal olunmuş İranla həmsərhəd rayonlarında ermənilərin məskunlaşdırılması ilə bağlı planlar barədə də konkret olaraq söhbətlər aparıb. Yəni bir tərəfdən, onlar qanunsuz məskunlaşma kimi məsələ ilə məşğul olur, erməniləri ərazilərimizdə məskunlaşdırır, buna maliyyə ayırırlar. O tərəfdən də kimlərsə tərəfindən hansısa şərtlər daxilində bəzi torpaqlarımızın qaytarılacağı ilə bağlı ehtimallar irəli sürülür.

Düşünürəm ki, bütün hallarda reallığa baxmalıyıq. Reallıq isə bu deyilənlərdən çox uzaqdır. İşğal olunmuş torpaqlarımızda məskunlaşma işləri dayandırılsa, orada məskunlaşdırdıqları erməni əhalisini çıxarılsa, Ermənsitan ordusu hücum silahları alaraq onu Dağlıq Qarabağda yerləşdirməklə bağlı plan qurmasaydı ehtimal etmək olardı ki, burada başqa proseslər gedir. Amma təəssüf ki, bu belə deyil. Azərbaycan Ordusu son həftə ərzində iri miqyaslı hərbi təlimlər keçirib. Bu isə o deməkdir ki, Ermənistan müharibə variantından başqa digər variantın işlək olmasına imkan qoymayıb. Ermənistan tərəfdə heç kəs işğal olunmuş torpaqlarımızın qaytarılması istiqamətində real, konkret olaraq düşünmür. Bəlkə də fərz etməklə düşünürlər, ancaq reallıqda bunu etmək niyyətində deyillər. Özümüzü aldatmamalı, reallığa baxmalıyıq. Hazırda Minsk qrupu çərçivəsində münaqişə tərəfləri liderlərinin danışıqları olmalıdır. Görək, bu danışıqlar nə göstərəcək. Həmin danışıqlar konstruktiv səpkidə olsa və orada Ermənistan tərəfi real təkliflər irəli sürsə, nəyinsə dəyişdiyini düşünə bilərik. Amma eyni söhbətlər yenə də təkrarlanacaqsa, heç nə dəyişməyəcək”.

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz