Əlaqə Arxiv
news Image
2019.04.16
09:30
| A A A
Ankara-Moskva yaxınlaşması Bakıya yeni manevr imkanları qazandırır
Araz Aslanlı: “ABŞ-ın etirazına baxmayaraq, Ankara ilə Moskva arasındakı razılaşma uğurla yekunlaşacaq”

Türkiyənin Rusiyadan S-400 raketləri alması məsələsi artıq reallaşmaq üzrədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya olan son səfəri fonunda həmin məsələyə demək olar ki, son nöqtə qoyuldu.

Ərdoğan S-400 məsələsində geri çəkilməyəcəklərini bir daha bəyan etdi. Bu fonda prosesdən məmnun olmayan ABŞ Türkiyəyə qarşı təhdidlərə keçir. Vaşinqton Ankaranı siyasi və iqtisadi cəhətdən hədələməyə başlayıb, onu sanksiyalarla qorxudur. Ümumiyyətlə, son illərin mənzərəsi onu deməyə əsas verir ki, Türkiyə NATO ölkəsi olsa da, Rusiya ilə daha çox yaxınlaşır. Ankaranın bu addımı isə Qərbdə qısqanclıqla qarşılanır. Hazırki situasiyada tərəflərin heç birinin güzəştə, kompromisə gedəcəyi gözlənilmir. Belə olan halda yaranmış vəziyyətdə nəticə necə olacaq? Bu vəziyyətin Türkiyə-Rusiya, Türkiyə-Azərbaycan əlaqələrinə nə kimi təsirləri olacaq? Belə durumda mərkəzdə Türkiyənin olması ilə Amerikaya qarşı yeni birliyin yaranması mümkündürmü?

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı düşünür ki, Türkiyənin S-400 istəyi tam olaraq uğurla yekunlaşacaq: “Türkiyənin Rusiyadan S-400 raketləri alması artıq uzun müddətdir davam edən prosesin bir parçasıdır. Uzun müddətli proses deyəndə, Türkiyənin  soyuq müharibə başa çatandan sonra hərbi müstəvidə özünü təmin etməklə bağlı bir tərəfə möhtac qalmaqdan xilas olmağa çalışmasını nəzərdə tuturam.

Türkiyə soyuq müharibə başa çatandan sonra çalışır ki, bir qütbə bağlı qalmasın, öz hərbi təhlükəsizliyini alternativ qaydada təmin edə bilsin. Bu fonda da Rusiya və Çin kimi variantlar gündəmə gəldi. Çinlə daha öncə hərbi sənaye kompleksi üzrə əməkdaşlıq niyyəti olub. Lakin bu proses tam olaraq reallaşa bilmədi. Amma belə görünür ki, Rusiya ilə bağlı olan plan tədricən yerinə yetirilir. Bu da həm Rusiya-Türkiyə əməkdaşlığının bir parçasıdır. Bura hərbi, iqtisadi sahədəki əməkdaşlıq, qarşılıqlı sərmayə qoyuluşu, ticarət həcminin artımı daxildir, eyni zamanda Türkiyənin xarici siyasətində kəskin olmasa da, müəyyən istiqamət dəyişikliyi özünü büruzə verir. Ankara Avrasiya regionunda yaranan təşkilatlara da yaxın olmağa çalışır. Yəni Türkiyə ilə Rusiya arasındakı S-400 məsələsi təkbaşına xətt deyil.

Böyük bir siyasətin, mürəkkəb əməkdaşlıq sisteminin bir parçasıdır. Ona görə də S-400 məsələsinin tam uğurla yekunlaşacağını gözləyə bilərik.

Əvvəlki illər olsaydı, Türkiyə-Qərb münasibətləri bu qədər mürəkkəb xarakter almasaydı, Ankara xarici siyasətində istiqamət dəyişikliyinə getməsəydi, qardaş ölkə ilə Moskva arasında imzalanan həmin hərbi müqavilə bəlkə də qısa müddətli olar, sonradan onu pozardılar. Amma hazırda görünən odur ki, iki tərəf də həmin müqaviləni reallaşdırmaqda qərarlıdır. Ona görə də ABŞ-ın etirazı, müəyyən əks addımlar atmasına baxmayaraq, Ankara ilə Moskva arasında bu razılaşmanın uğurla yekunlaşma ehtimalı daha böyükdür”.

Ekspertin fikrincə, yaranmış vəziyyət gələcəkdə Ankara ilə Moskva arasında münasibətlərin daha da inkişaf etməsinə töhfə verəcək. Eyni zamanda, bu vəziyyət Türkiyə-Azərbaycan əlaqələrinin də daha da inkişafına gətirib çıxaracaq: “Bu fonda gündəmə Türkiyənin həm NATO, həm də Rusiya sisteminə uyğun hərbi təchizata malik olması ilə  bu uyğunluğu necə təmin edəcəyi məsələsi gəlir. Eyni zamanda, digər məqam Rusiya və ABŞ-ın ona münasibətinin necə olmasından qaynaqlanır. Bu məsələlər ətrafında problem olmasa, Türkiyə kifayət qədər güclənəcək, hərbi imkanlarını xeyli artıracaq. Yaranmış durumda Türkiyə Rusiya münasibətləri daha da inkişaf edəcək. Gələcəkdə ola bilsin, hərbi sahədə daha fərqli addımlar atsın, münasibətləri daha da dərinləşdirsinlər. Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatı və yaxud Avrasiya İqtisadi Birliyində iştirakı istiqamətlərində qısa zamanda yeni addımlar mümün olmasa da, yeni işarələri görə bilərik. Azərbaycanın xarici siyasətində Türkiyə, Rusiya və ABŞ əhəmiyyətli mövqeyə malikdir. Qarabağ münaqişəsində ilk mərhələdə Rusiya-Türkiyə münasibətlərinin fərqli xarakterdə olması Azərbaycan üçün problem yaratmışdı. Azərbaycanın ümumi təhlükəsizliyi, xarici siyasətdə manevr imkanlarının qalması, artması üçün, Qarabağ probleminin həllinə olan inamın artması, əlavə imkanlar yaratması üçün  Ankara ilə münasibətlərimizin daha da inkişafı uğurlu impulslar yarada bilər”.

Ancaq ekspert belə bir vəziyyətdə Türkiyənin mərkəzdə olması ilə ABŞ-a qarşı yeni birliyin yarana biləcəyini zənn etmir: “Buna isə Türkiyənin Qərblə, xüsusən də ABŞ-la münasibətləri təsir edəcək. Türkiyənin xarici ticarətində hələ də Qərb aparıcı yer tutur. Bu mənada Türkiyənin Rusiyadan fərqli olaraq birdən-birə Qərblə bütün iqtisadi əlaqələrə zərbə vuracaq dərəcədə manevr imkanları yoxdur. Rusiya isə ciddi təbii resurslara, güclü hərbi sənayeyə malikdir. Yəni idarəetmə formasını da nəzərə alsaq, Rusiyanın Qərb sanksiyalarına müqavimət potensialı Türkiyə ilə müqayisədə daha yüksəkdir. Türkiyə Rusiyanın Qərblə yaşadığı problemləri yaşaya bilməz. Onda ciddi iqtisadi problemlərlə üz-üzə qalar. Eyni zamanda, Türkiyə Qərbdən tamamilə qopub, Rusiya ilə hərbi ittifaq yaratmaq durumunda da deyil. Çünki iki ölkə arasında ziddiyyətlərin olduğu sahələr, toqquşan maraqlar da var.

Ona görə də birdən-birə, qısa müddətdə Türkiyənin mərkəz rolunda çıxış edəcəyi antiamerikan qütbünün yaranacağını real hesab etmirəm. İkinci bir tərəfdən, Türkiyənin mərkəzi rola malik olmasını ABŞ-a qarşı olan dövlətlərin də heç də hamısı qəbul edən deyil. Onlar sadəcə Türkiyənin öz yanlarında olmasını istəyir”.

R. SULTANOV 

Sizin Reklam Yeriniz