Əlaqə Arxiv
news Image
2019.04.16
10:00
| A A A
İkili standartlar Qərb təsisatlarına daha çox ziyan vurmağa başlayır
“Avropa Şurası Parlament Assambleyasında milli nümayəndə heyətlərinin siyasi, zövq və sair prinspilər əsasında diskriminasiyaya uğraması halları var”

Avropa Şurasının Parlament Assambleyası rəsmi hökmə malik olmasa da qurumun apardığı müzakirələrin ictimai təsiri həmişə yüksək olur. Amma qurumun müzakirələri heç də həmişə obyektivliyi ilə seçilmir. Açıq demək lazımdır ki, dövlətlər arasında ayrı-seçkiliyə yol vermək artıq AŞPA-da adi hala çevrilib və bundan bir çox ölkələr mənəvi zərər görüb.  

Bu ilin yanvarında Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko rəsmi Moskvanın Avropa Şurası ilə münasibətlərin müxtəlif variantlarını yenidən gözdən keçirə biləcəyini söyləyib. Əslində Rusiya rəsmisi bu sözlərlə bildirmək istəyib ki, Rusiya siyasi motivlərə görə ayrı-seçkiliyi qəbul edə bilməz. A.Qruşko müzakirə variantlardan birinin Avropa Şurasını tərk etmək olduğunu istisna etməyib. Çünki, həmin vaxt bu ölkənin nümayəndə heyəti müvəqqəti olsa da şuranın işindən kənarlaşdırılmışdı və onun rəsmisinin sözlərinə görə, “top hazırda Rusiya nümayəndə heyətini şuranın işindən kənarlaşdıran tərəfdədir”.

Çox keçmədən Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) yeni seçilən sədri Lilian Mori Paskye isə Rusiya ilə siyasi dialoqun qurulmasının zəruriliyindən danışıb. Lakin işdəki bu dönüş Rusiya nümayəndə heyətinin geri qayıtması üçün bəs etməyib. Bu haqda açıqlama verən Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko deyib: “Avropa Şurası Parlament Assambleyasında milli nümayəndə heyətlərinin siyasi, zövq və s. prinspilər əsasında diskriminasiyaya uğraması halları var”. Onun fikrincə, diskriminasiya halları tam aradan qaldırıldığı halda Rusiya AŞPA-ya geri dönməyə hazırdır. Prinsipcə, Rusiya şərt qoymaqda haqlıdır. Çünki, bu cür hallarla bağlı Azərbaycanın da əlində kifayət qədər diskriminasiya faktları var.

Avropa Şurası dəfələrlə müxtəlif məsələlərlə bağlı Azərbaycana təzyiqlər göstərib. Lakin məsələnin mahiyyəti dəfələrlə AŞ rəsmilərinin diqqətinə çatdırılsa da, bilərəkdən və ya təsir altında olmaları səbəbindən bunu görməzlikdən gəliblər. Xüsusilə, “siyasi məhbus” termini ilə bağlı müxtəlif təzyiq mexanizmləri daim gündəmə gətirilib. Belə qənaət yaranır ki, Azərbaycanda cinayət törətmiş və buna görə də məhkəmənin qərarı ilə həbs edilmiş bütün insanlar siyasətçilərdir. Bu cür faktlar 2001-ci ildən Avropa Şurasının üzvü olan və təşkilat çərçivəsində səmərəli fəaliyyəti, bütün məsələlərə dair öz mövqeyi və rəyi ilə seçilən Azərbaycana qarşı ardıcıl şəkildə həyata keçirilən kampaniyanın tərkib hissəsidir.

Diqqətə almaq lazımdır ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Azərbaycan ərazisində törətdiyi cinayətlər, etnik təmizləmə və soyqırımı haqda bütan dünya bilir. Avropa qurumlarının özlərinin bu faktlar haqda kifayət qədər məlumatı və qəbul etdiyi sənədlər mövcuddur. Lakin elə builki yaz sessiyasında Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Naira Zöhrabyana imkan verilir ki, təşkilatın tribunasından Azərbaycan haqqında yanlış məlumatlar versin. N.Zöhrabyanın saxtakarlığına və böhtanlarına qarşı bu qurumun avropalı nümayəndələrindən heç kim etiraz bildirmir. Yalnız Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun yaz sessiyası çərçivəsində müzakirələr zamanı bildirir ki, Avropada irqi ayrıseçkilik, ksenofobiya, antisemitizm və nifrətin başqa formalarını yayan, təhrik edən, təşviq və bəraət verən ifadələrdən istifadə, dözümsüzlük artmaqdadır: “Bu, eyni zamanda Avropada İslamafobiyanın artması hamımızı ciddi narahat etməlidir. Qətnamə layihəsinə İslamafobiyanın da rasizm, nifrət, antisemitizm sözündən sonra əlavə edilməsi vacibdir. Biz bu kimi hallara biganə qalmamalıyıq və qarşısının alınması üçün ümumi səylərimizi gücləndirməliyik”.

Quruma üzv olduğu dövrdən indiyədək Azərbaycan AŞ-da daim təzyiqlə, ikili standartlarla üzləşib. Müxtəlif dövrlərdə Andreas Qross, Andres Herkel, Kristofer Ştrasser və digər bu kimi xüsusi maraqlara xidmət edən məruzəçilərin anti-Azərbaycan fəaliyyəti heç də uzaq tarix deyil. Krım məsələsində Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan fərqli olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində nümayiş etdirilən ikili standartlar və laqeydlik, qurumdakı müxtəlif qruplar tərəfindən Azərbaycana qarşı aparılan çirkin gözdənsalma kampaniyası və digər məsələlər bunun bariz nümunəsidir. Heç şübhəsiz, Azərbaycana qarşı təşkil edilən hücumların səbəbləri sırasında Prezident İlham Əliyevin Azərbaycan xalqının milli maraqlarına söykənən müstəqil siyasət yürütməsinin bəzi Qərb dairələrində və o cümlədən AŞ-də qıcıq doğurmasıdır. Digər məsələlərdən biri multikultural dəyərlər və tolerantlıq nümunəsi olan Azərbaycanın müsəlman ölkəsi olmasıdır. Məhz bu səbəbdən ölkəmiz islamofobiyanın gücləndiyi AŞ-da xüsusi ittiham hədəfinə çevrilib. 
Azərbaycanın dünyada artan nüfuzu və regionda gedən proseslərə təsiri, gücü, oynadığı rol da heç şübhəsiz ki, AŞ-dakı anti-Azərbaycan və ermənipərəst dairələri ciddi narahat edir. Məhz bu səbəbdən Azərbaycana təzyiq və təsir etmək üçün AŞ-da bəzi qüvvələr, əsas da erməni lobbisinin maddi dəstəyinə bel bağlayanlar müxtəlif bəhanələr və iftiralarla ölkəmizi hədəfə çevirmək istəyirlər. Lakin hələ indiyədək buna nail ola bilməyiblər. Çünki, Azərbaycanın müstəqil yolu və siyasəti var və onu heç kim, heç bir böhtan və diskriminasiya bu yoldan döndərə bilməz.

N.NOVRUZ

 

 

 

Sizin Reklam Yeriniz