Əlaqə Arxiv
news Image
2019.04.17
08:00
| A A A
Moskva anlaşması cəbhə təxrbiatlarına son qoya bilər
Natiq Miri: “Ermənistan rəhbərliyi Qarabağ cəbhəsində prosesə nəzarət etmək imkanında deyil”

Xəbər verildiyi kimi, aprelin 15-də Moskvada Rusiyanın təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.Görüşdə, Rusiya XİN rəhbəri Sergey Lavrov, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi iştirak edib.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə başlıca məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Bu xüsusda, matrın 29-da Vyanada baş tutmuş Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin görüşünün nəticələri diqqətə alınmaqla, münaqişə üzrə danışıqlar prosesinin irəli aparılması perspektivləri nəzərdən keçirilib. Görüşdə, həmçinin münaqişə zonasında gərginliyin azaldılmasına dair tədbirlər, habelə humanitar sahədə mümkün birgə fəaliyyət üzrə fikir mübadiləsi aparılıb. Nazirlər, KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlararası təmasların qurulması istiqamətində praktiki addımların atılmasına razılıqlarını ifadə ediblər. Moskvada tərəflər həmçinin təmas xəttinə yaxın ərazilərdə yaşayan əhalinin heç nədən çəkinmədən öz təsərrüfat fəaliyyətlərini normal şəkildə icra etmələrinə şərait yaradılması baradə də razılıq əldə edilib. Bəs, bu razılığa əməl ediləcəyini gözləmək olarmı? Yoxsa, bu istiqamətdə olan əvvəlki razılıqlar kimi onun da ömrü qısa olacaq? Həmin razılaşmaya əməl edilmədikdə, cəbhə xəttində, ümumiyyətlə, danışıqlar prosesində vəziyyət necə olacaq?

Politoloq Natiq Miri bildirdi ki, bundan əvvəl eyni səpkidə olan razılaşmaların taleyi kimi, Moskvada əldə edilən həmin razılığın ömrü də qısa ola bilər: “Münaqişə tərəflərinin xarici işlər nazirləri arasında son görüşün nəticəsi bir növ Moskva görüşünün miqyasını göstərir. Bəziləri hətta Moskva görüşündən hansısa konkret siyasi nəticələr gözləsə də, humanitar, bəzi məişət və kənd təsərrüfatı kimi məsələlərdən başqa ortada  hər hansı bir siyasi nəticə yoxdur. Ən azından açıqlanan mövqelər buun göstərir. Bu faktın özü də bir daha göstərir ki, əslində Rusiyanın təcili olaraq Moskvada belə bir görüşü təşkil etməsinin kökündə Kremlin yenidən prosesi öz nəzarətinə keçirmək istəyi dayanır.

Konkret  olaraq münaqişə tərəflərinin kənd təsərrüfatı işçiləri və texnikasına atəş açmayacaqları barədə əldə olunan razılığa gəldikdə, bu istiqamətdə əvvəllər də zaman-zaman anlaşmalar olub. Ancaq müəyyən müddət onlara əməl edilsə də, az sonra yenidən həmin anlaşmalar pozulub. Bir məsələni də nəzərə alaq ki, Ermənistan tərəfinin Dağlıq Qarabağ cəbhəsində hər hansı bir anlaşma istiqmətində öhdəlik götürməsi hələ heç nəyi ifadə etmir”.

Cəbhə boyu ərazilərdə kənd təsərrüfatı sahələrinin normal fəaliyyətinə imkan verilməsilə bağlı əldə edilən razılıq reallıqda həmin ərazidə yaşayan insanların heç nədən çəkinmədən öz təsərrüfatlarını inkişaf etdirməyə şərait yarada bilər. Ancaq məsələ ondadır ki, İrəvan heç zaman bu sayaq razılıqlara əməl etməyib. Fürsət düşən kimi, yenidən öz çirkin əməllərinə baş vurub. Bu səbəbdən sözügedən razılığa baxmayaraq, cəbhə xəttində gərgin atmosferin qalacağı, hətta şiddətlənə biləcəyi də istisna deyil. Təsadüfi deyil ki, bir çox ekspertlər yay aylarında cəbhədə hərbi durumun yenidən kəskinləşəcəyini proqnoz edirlər.  N. Miri də belə düşünür: “Əslində, Ermənistan Qarabağ cəbhəsində prosesə tam nəzarət edə bilmir. Qarabağdakı hərbçilər, generalitet “Qarabağ klanı”, onun rəhbərləri Köçəryan və Sarkisyana, bilavasitə Rusiya  xüsusi xidmət orqanlarına bağlı hərbçilərdir. Bu səbəbdən Paşinyanın rəhbərliyi altında olan komandanın Qarabağ cəbhəsi ilə bağlı verdiyi istənilən sözün əhəmiyyəti elə birinci döngəyə qədərdir. Ona görə də bu cür “anlaşmaları” ciddiyə almağa dəyməz.

Ermənistan bütün zamanlarda nəinki kənd təsərrüfatı, digər məsələlərlə bağlı üzərinə götürdüyü öhdəlikləri  həmişə pozub. Bu proses indi də davam edir. Çünki Ermənsitanın verdiyi söz və yaxud imza atdığı sənədin heç bir dəyər və güvənliyi yoxdur. Həmin səbəbdən sözügedən “anlaşma”nı da gözdən pərdə asmaq və Rusiyanın marağına xidmət edən görüş kimi dəyərləndirirəm. Həmçinin bu “anlaşma”nın real, işlək mexanizmə çevriləcəyini düşünmürəm. Çünki Ermənistan rəhbərliyi Qarabağ cəbhəsində prosesə nəzarət etmək imkanında deyil. Belədə proses əvvəllər necə idisə, yenə də həmin istiqamətdə gedəcək.

İrəvanın əsas əndişəsi Azərbaycan snayperlərilə bağlıdır. Ermənistan bütün zamanlarda çalışıb ki, snayperlər cəbhə xəttindən geri çəkilsin. Bu isə təbii ki, Azərbaycanın maraqlarına cavab vermir. Əvvəllər bu sahədə olan anlaşmalar necə pozulmuşdusa, indi də hansısa hərbi təxribatlarla növbəti anlaşma da pozulacaq, atəşkəs rejiminə əməl edilməyəcək. Yəni əvvəlki proses davam edəcək”.

Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz