Əlaqə Arxiv
news Image
2019.04.17
09:30
| A A A
Dünya nizamına təhdid yaradan yeni “soyuq müharibə” başlanır
Qabil Hüseynli: “Həqiqətən də Rusiya-ABŞ münasibətləri “soyuq müharibə” dövrünü xatırladan gərgin mərhələyə daxil olub” Zərdüşt Əlizadə: “Belə bir müharibənin alovlanması ümumiyyətlə, bəşəriyyətin sonu demək olacaq, Yer kürəsində həyat bitəcək”

ABŞ-ın dominantlığı altında olan NATO ilə Rusiya arasında ziddiyyətlər getdikcə daha da kəskinləşir. Bu iki qütb arasındakı münasibətlər artıq “soyuq müharibə” dövrünü xatırladır. Belə bir vaxtda Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko Moskvanın NATO ilə mülki və hərbi əlaqələr üzrə əməkdaşlığı tamamilə dayandırdığını bildirib.

O, həmçinin İttifaqın nümayəndələrini hərbi xətt vasitəsilə iş əlaqələrini dayandırmaqla ittiham edib və bu qərarı "absurd" adlandırıb: ​“Bugünkü Rusiya-NATO əlqələri elə NATO-nun “soyuq müharibə” dövründə yaradıldığı “adi” vəziyyəti xatırladır. NATO-nun Rusiya ilə münasibətlərini yaxşılaşacağı gündəmdə deyil. Belə bir şey yoxdur. NATO-nun bu dalandan necə çıxacağının əlamətləri yoxdur”. Qruşko bildiirb ki, NATO-nun ötən il ərzində hərbi xərcləri trilyon dolları ötüb, bu isə Rusiyanın hərbi müdafiə xərclərindən 22 dəfə çoxdur:  O qeyd edib ki, Moskva NATO ilə hərbi büdcələri qurmaq üçün yarışa qatılmayacaq, amma iqtisadi, dəqiq və səmərəli vasitələrə daha çox diqqət yetirəcək: "NATO ilə silahlı münaqişəyə gəldikdə, sağlam düşüncəli insanlar bunun baş verməyəcəyinə ümid edir. Bu, bəşəriyyət üçün fəlakət ola bilər. Əminəm ki, bunu Vaşinqtonda da, Brüsseldə də bilirlər”.  NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin baş komandanı Kertis Skaparotti belə vəziyyətdə proseslərin təhlükəli məcraya qədəm qoyduğunu bildirir. Onun fikrincə, Rusiya və Qərb ölkələri daha sıx əlaqələri dəstəkləməlidir ki, bir-birinin niyyətlərini daha yaxşı anlasınlar: “Dövlətlər arasında dialoqun aktiv olmaması silahlı qarşıdurmaya gətirib çıxara bilər. “Soyuq müharibə” dövründə bir-birimizin siqnallarını anlayırdıq. Biz danışırdıq. Məni narahat edən odur ki, bu gün biz rusları anlamırıq”.

Hazırda NATO və Rusiya arasında dünyanın müxtəlif bölgələrində hakimi-mütləq olmaq uğrunda olduqca kəskin müşarizə başlayıb. Rusiya ABŞ-ın yerləşdiyi Amerika qitəsinə daxil olmağa can atır. Bu məqsədlə onun Venesuelada hətta hərbi baza yaratmaq istədiyi də bildirilir. Bundan başqa, hazırda NATO Rusiya maraqları Suriya, Liviyada da toqquşur. Habelə Qara dəniz sahilləri və Qafqazda da bu iki qütb arasındakı münasibətlərdə ziddiyyətlər tədricən kəskinləşir. Belədə, yaranmış vəziyyət keçən əsrin 80-ci illərin ortalarına qədər davam edən “soyuq müharibə” ab-havasını xatırladır.

Politoloq Qabil Hüseynli NATO-Rusiya qarşıdurmasının qaynar fazaya keçəcəyini düşünmür. Ekspertin fikrincə, Moskvanın buna getməyə imkanı çatmaz: “Həqiqətən də Rusiya-ABŞ münasibətləri “soyuq müharibə” dövrünü xatırladan gərgin  mərhələyə daxil olub. Artıq ABŞ Rusiyanı, ikincisi də Vaşinqtonu özünün bir nömrəli düşməni elan edir. Həmçinin, tərəflər bir-birini təhdid edən hərbi hərəkətlərə də əl atır. Rusiya Venesuelada hərbi hissələr yerləşdirir, həmçinin Kuba və Nikaraquada da eyni işi görür. Amerika isə Avropaya diqqət yetirir. Vaşinqton isə Rusiyanın Avropa ilə sərhədi boyunca Baltikyanı ölkələrdən tutmuş Qara dənizə qədər geniş sahəni müasir silah və hərbi texnika ilə doldurur. Bu müstəvidə Qara dəniz ərazisində də gərginlik xeyli artıb. NATO-nun fikrincə, Qara dəniz onların dənzi olmalıdır. Onlar həmçinin Kerç boğazından daxil olmaqla Azov dənizində də sərbəst hərəkətlərə rol qazandırmağa çalışırlar. Dünyanın digər nöqtələrində də belə hərbi qarşıdurmalar davam edir. Suriyada, Liviyada bunun elementlərini görürük. Amma məsələnin bir tərəfi də ondan ibarətdir ki, bu hərbi qarşıdurma böyük məsrəflər, maddi itkilər hesabına başa gəlir. Bu zaman Rusiya daha çox itirir. Çünki Rusiyanın hərbisi və milli gəliri NATO ilə bütün dünya perimetri üzrə yarışa girişmək səviyyəsində deyil. Mütəxəssislərin fikrincə, Rusiya ya bu yarışdan çəkilib regional dövlət statusu ilə kifayətlənməli, yaxud da belə davam etməklə  günlərin birində SSRİ kimi iflasa uğramalıdır. Sürətlə silahlanma, hərbi xərclərin artımı Rusiyanı çöküşə doğru aparır. Bu nöqteyi-nəzərdən düşünürəm ki, gərginləşən durumun isti müharibəyə çevrilməsi ehtimalı o qədər də böyük deyil. Moskvanın buna cəsarəti çatmaz. Gələcəkdə isə prosesin necə olacağını gözləmək lazımdır”.

Politoloq Zərdüşt Əlizadə də sözügedən qütblər arasındakı ziddiyyətlərin müharibəyə səbəb olacağını zənn etmir: “NATO ilə Rusiya arasında ziddiyyətlərin kəskin fazaya keçməsinə rəğmən, ümid edirəm ki, bu vəziyyət nüvə müharibəsinə gətirib çıxarmayacaq. Çünki belə bir müharibənin alovlanması ümumiyyətlə, bəşəriyyətin sonu demək olacaq, Yer kürəsində həyat bitəcək. Bunu heç nə Qərb, nə də Rusiya istəmir.

«Soyuq müharibə»nin başa çatması ilə o zamankı sovet və Rusiya rəhbərləri Qorbaçovla Yeltsin Qərbin hər bir sözünə itaət edirdi. Putin Rusiyası isə itaət etmir. Heç olmasa, öz bostanında, sabiq sovet məkanında ağalıq etməyə cəhd edir. Qərb də buna imkan vermir. Çünki ABŞ dünyanın ağası rolunda yalnız özünü görür. Bu iki iddianın toqquşması ilə də ziddiyyətlər yaranır.

ABŞ beynəlxalq qanunları pozur, amma Rusiyanın bunu etməsinə yol vermir. Rusiya isə öz növbəsində bunu bacardığını göstərmək istəyir. ABŞ-ın gücü Rusiyanın gücündən on dəfələrlə çoxdur. Amma hələlik Putin Rusiyası itaət etmək istəmir. Bu da ABŞ-ı qəzəbləndirir. Ona görə də NATO ilə Rusiya arasında ziddiyyətlər kəskinləşir. Artıq vəziyyət ona gətirib çıxarıb ki, bütün əlaqələr demək olar kəsilib. Lakin bütün bunlara baxmayaraq, müharibə olacağını düşünmürəm”.

R. SOLTANOV

 

 

 

Sizin Reklam Yeriniz