news Image
2019.04.17
09:00
| A A A
Qarabağ həqiqətlərini etiraf edən ermənilərin sayı çoxalır
Haqq nazilir, amma üzülmür, Ermənistanın siyası hakimiyyəti öz xalqının səsini eşitməlidir

Qafqazda münaqişələr tarix boyu tez-tez baş verib. Amma tez də söndürülüb. Çünki, narazılıqlar siyasi dialoq yaxud kimlərinsə “yengəliyi” ilə deyil, birbaşa iki qarşı-qarşıya olan tərəf arasında, dədə-baba qaydasında, ağsaqqal-qarasaqqal, ağbirçək, qız-gəlin çağırışları ilə hirs-hikkənin üzərinə su səpilib, haqq-ədalət öz yerini tutub. Müasir dövrdə bu fəaliyyətə “xalq diplomatiyası” adı verilib. Nə ad verilməsindən asılı olmayaraq, bu taktika bütün digər regionlarda olduğu kimi Qafqazda da ən sülhsevər platforma sayılır vvə həqiqətən işləmə mexanizminə görə ədavətdən sülhə aparan ən sürətli, ən dinc yoldur. Xalq diplomatıyasının əsas mahiyyəti günahkarın münaqişəyə anlaşıqlı yanaşmasında və günahını etiraf etməsindədir.

Ermənistanın Azərbaycan torpağını qəsb etməsi, Qarabağ bölgəsində ikinci erməni dövləti yaratmaq istəməsi bir neçə əsr ərzində bu xalqın yadellilər tərəfindən dünyadakı türk toplumunun əleyhinə hazırlanmasının nəticəsi sayıla bilər. Ermənilərin beyinlərinə yeridilib ki, dünyada varsa da, yoxsa da onların əzəlki və əbədi düşməni türklərdir. Buna görə də intiqam hissinin girovuna çevrilmiş erməni toplumunun əlinə silah verib, arxadan da hay-harayla küyə basıb türklərin üzərinə göndərmək həmişə asan olub. Ötən əsrin sonlarında Ermənistanın Azərbaycana hücumu, Qarabağın işğalı da bu formul üzrə həyata keçirilib. Fransız filosofu Qustav Le Bon “1895-ci ildə yazdığı “Kütlə psixologiyası” monoqrafıyasında sübut edir ki, kütlə həmişə şüursuzdur, hətta onun içərisində ayrı-ayrı dahi insanlar olsa belə, toplum halında o, şüursuzdur. Bu tezis bizim müdriklik saçan atalar sözümüzdə daha qısa və dəqiq ifadə olunub: “Bir dəli bir quyuya daş atdı, yüz ağıllı yığışıb onu çıxarda bilmədi”.

Qarabağ münaqişəsinin Kremlin təhriki və bir qrup erməni millətçisinin qaragüruhçuluğu əsasında baş verməsi, o cümlədən Qərbdən ciddi dəstəklənməsi sayəsində həyata keçirilməsi indi ən sadə vətəndaşların da bildiyi adi həqiqətdir. Lakin bu həqiqət böyük dövlətlər tərəfindən saxtalaşdırılır, güzlədilir, münaqişə tərəflərinin əzab-əziyyəti üzərində digərlərin mənafeyi qorunur. Ancaq “cidanı çuvalda gizlətmək” mümkün deyil. Bu da müdriklərin kəşf etdiyi adi həyat həqiqətidir. Artıq ermənilər ayılmağa başlayıblar. Tarix onlara reallığın nədən ibarət olduğunu, tarixin saxtalaşdırılmasının milləti hara aparıb çıxardığının fərqindədirlər.

Ukraynada yaşayan, milliyyətcə erməni olan Ekzoyants familiyalı tarixçi-bloqçunun internet vasitəsi ilə apardığı təbliğat bütün digər ölkələr kimi, Rusiyada, işğalçı Ermənistanda və zərərçəkən Azərbaycanda sürətlə yayılır, onun araşdırmaları nəticəsində meydana çıxan tarixi həqiqətlərə müxtəlif millətlərin nümayəndələri, dövlətlərin vətəndaşları şərhlər yazırlar. İndiyə qədər ermənilərin haqsız, azərbaycanlıların isə haqlı olmaları barədə erməni ictimai fəalları tərəfindən çox çağırışlar olub. Lakin artıq bilavasitə münaqişənin içində olan ermənilər tərəflərə həqiqəti etiraf etməyə başlayıblar. Ekzoyants Parisdən belə bir çox məşhur arxivlərdə tədqiqatlar aparıb və öyrənib ki, ermənilərin tarixi vətəni, ümumiyyətlə, Qafqaz deyil. Bəzi erməni millətçilərinin iddia etdikləri kimi onlar bu torpaqlarda antik dövrlərdən deyil, cəmi 300-350 il bundan qabaq məskunlaşmağa başlayıblar. Həmin dövrlərdə isə artıq bu torppaqlarda azərbaycanlıların feodal dövlətləri yaranmışdı.

Bu günlərdə isə Ermənistanda doğulub böyümüş, millətçilərin yalanlarına uyaraq Azərbayca torpaqlarının işğalında bilavasitə iştirak etmiş “müharibə” veteranı, əlil Artur Armenyan özünün  Feysbuk səhifəsində həmvətənlərinə müraciət ünvanlayıb: “Dağlıq Qarabağ heç vaxt bizim olmayıb və olmayacaq. Mən yalnız indi anladım ki, biz ermənilər azərlərə (azərbaycanlılara) münasibətdə düzgün hərəkət etməmişik. Yaxşı bir qonşunu itirmişik. Mən deyə bilmərəm ki, azərlər pisdir. Çünki onlar haqlıdır”. Keçmiş hərbçi erməni zabitlərinə və əsgərlərinə də müraciət edib: “Ermənistanın bütün zabit və əsgərlərinə müraciət edirəm ki, silahınızı atın və Qarabağı tərk edin. Qoy siyasətçilər və ali baş komandan özləri gedib vuruşsunlar.

Əziz Analar, Babalar, Atalar, öz özladlarınızı Azərbaycana qarşı vuruşmağa göndərməyin. Mən bu müharibədə ayağımı itirmişəm. Və indi mən heç kimə lazım deyiləm. Çox təəssüf! İndi mən Fransadayam. Ermənistana da heç vaxt qayıtmayacağam”.

Artur Armenyanın çağırışı, heç şübhəsiz, erməni xalqının niyyəti ifadə edir. Xalqa özgə torpağı yox, firavan həyat lazımdır. Buna görə də Ermənistanın siyasi hakimiyyəti xalqın səsini eşitməli, çünki, bu həqiqəti bilmək və onun təmin edilməsi dövlətin borcudur. Üstəlik, Azərbaycanın apardığı ədalətli mübarizə sübut edir ki, gec-tez biz torpaqlarımızın azadlığını təmin edəcəyik.

N.NOVRUZ