Əlaqə Arxiv
news Image
2019.04.16
17:57
| A A A
Vətən, mən qayıdacağam...

"Azərbaycan tarixinin şanlı səhifələrindən biri də Aprel döyüşləridir. 2016-cı ilin aprel ayında demək olar ki, hər kəsin narahatlığı cəbhədəki vəziyyətlə bağlı idi. Qürurverici hadisə o idi ki, Aprel döyüşləri qələbə ilə, qalibiyyətlə nəticələndi”. "Kaspi" Liseyinin "Kaspi" Təhsil Şirkətinin təşkilatçılığı ilə Azərbaycan Musiqili Komediya Teatrında Aprel zəfərinə həsr etdiyi "Zəfərə doğru” tədbirində səslənən bu fikirlər iştirakçılara bir daha həmin günlərdə ağır döyüşlər zamanı alınan torpaqlarımızın sevincini yaşamaq, qəhrəmanlıqla şəhid olan igid əsgər və zabitlərimizin ruhunu anmaq, şücaət göstərən hərbçilərimizin qəhrəmanlıqları ilə öyünmək hisslərini yaşatdı. Ulu öndər Heydər Əliyevin "Orduda xidmət etməkdən, vətənin müdafiəsində durmaqdan şərəfli peşə yoxdur” sözlərini özlərinə həyat amalı seçən hərbçilərimizin birlik və şücaətindən doğan zəfər ölkə əhalisinə həmişə qürur yaşatmaqda davam edir. 
 
  Mənəviyyatımızın qələbəsi
 
 Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra "Kaspi” Liseyinin,Milli Ordumuzun qüdrəti və Aprel döyüşləri ilə bağlı hazırladığı video-çarxda zəfərin şanlı salnaməsi ekrana gəldi. 
 
  "Aprel döyüşləri şanlı, tarixi qələbəmizdir. Dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində bu gün işğaldan azad edilmiş Fizuli, Cəbrayıl, Ağdərə, rayonlarında Azərbaycan bayrağı dalğalanır" - deyə Ali Baş Komandanın İlham Əliyevin qətiyyətli səsi təkcə hərbçilərimizə deyil, bütün xalqa inam kimi səslənir. 
 
  "Aprel döyüşləri nəticəsində Goranboy rayonuna və Naftalan  şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan məntəqəsi və Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyi düşməndən azad edildi. Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə, Madagiz istiqamətində yolların nəzarətdə saxlanmasını təmin etdi. Hərbi əməliyyatlar zamanı ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş müdafiə qurğuları tamamilə dağıdıldı. 320 düşmən əsgəri məhv edildi, 500-dən artıq erməni yaralandı. Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əks-hücum nəticəsində erməni işğalından azad edilən Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün oldu. Aprel döyüşlərində Azərbaycan oğulları igidlik salnaməsi yazdı və neçə-neçə vətən oğlu qəhrəmanlıqla həlak olaraq şəhidlik zirvəsinə ucaldı” - deyə aparıcının dilindən səslənən cümlələr həmin döyüş günlərini yenidən yaddaşlara qaytarır. 
 
  "Onların qəhrəmanlıqları hamı üçün nümunədir. Onlar yüzlərlə, minlərlə vətən oğlu kimi bu müharibəni bitirə bilməsələr də, müharibə bir ümid ağacı, qeyrət qalası kimi onları yenidən yaratdı və böyütdü”. Aprel döyüşlərində iştirak edənlərin gözlərinin qabağından isə o döyüşlər heç çəkilmir. Onlar əsgər yoldaşlarının qəhrəmanlıqlarını, torpağın hər qarışı uğrunda özlərini necə ölümə atdıqlarını qürurla xatırlayırlar: "Qürur hissi keçiririk ki, bu torpaq bizdədir. Yəni bu insanlar torpaq verərək şəhid olmayıblar, torpaq alaraq şəhid olublar".
 
 Ölkənin birinci xanımı Mehriban Əliyevanın "Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərli və əzizdir. Vətən naminə dünyanın ən böyük sərvəti olan ömrünü qurban vermiş hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaq. Biz Qarabağa mütləq qayıdacağıq. Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq” sözləri isə onlar üçün ən böyük ümid kimi səslənir.
 
 
 

 "Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyevanın videoçarxda yer alan fikirləri Aprel döyüşlərində qazanılan qələbənin böyük zəfərə doğru yol olduğuna böyük inam yaradır: "Zəfərin zirvəsi ən strateji əhəmiyyətli yüksəkliyi ələ keçirmək oldu. Digər tərəfdən, bu, ruhumuzda bir yüksəlişin yaranması idi. Üç mənada yozanda - həm ruhi, həm maddi, həm də mənəvi tərəfdən Lələtəpənin alınması bizim böyük qələbəmizdir. Lələtəpə Azərbaycan mifologiyasını, milli əfsanəni özündə gizlədib. Milli yaddaş kontekstindən də yanaşanda, həqiqətən, bu, bizim mənəviyyatımızın qələbəsi idi".  
 
  Milli yaddaş dərsi
 
 Lisey şagirdləri tərəfindən hazırlanmış "Bölgələr”, "Ana, mən şəhid oldum”, "Dədə Qorqud”, "Azərbaycan”, "Dalğalan, bayrağım” və s. kimi kompozisiyalar təsirliliyi və peşəkarlığı baxımından maraqla qarşılandı. 
 "Hardan başlanır Vətən?" sualına cavab axtaran gənclik üçün Milli Qəhrəman Mübariz İbrahimovun "Məncə, Vətən səngərdən başlayır" sözləri mayakdır. Səhnədən,  böyüməkdə olan nəslə ünvanlanan "Onlar bizim azadlığımız uğrunda şəhid oldular", "Bu Vətən, ana yurdun azadlığı uğrunda tarixdə qalanlarındır”, "Azərbaycan əsgəri niyə və nəyin uğrunda mübarizə apardığını yaxşı bilir. O, öz müqəddəs Vətən torpaqları uğrunda savaşır. Haqq da onundur, qəhrəman da odur” - kimi fikirlər isə zəfərə aparan yoldur, "Artıq tarixdəki səhvlərimizdən nəticə çıxarıb birləşmək vaxtıdır” fikirləri onlara, Vətənin təəssübünü çəkmək, onun uğrunda son damla qanına qədər vuruşmaq məsuliyyətini anlatdı: "Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olur”. 
  "Vətən, mən qayıdacağam” sözləri isə hamının, torpaqlarımızın tezliklə düşməndən azad ediləcəyinə, od-ocağından didərgin düşən soydaşlarımızın doğma ev-eşiklərinə qayıdacağı günün uzaqda olmadığına işarə oldu.
 Tədbirin sonunda "Aprel döyüşləri"nin qaziləri və şəhid ailələri səhnəyə dəvət edildi. "Kaspi" Təhsil Şirkətinin təsisçisi Sona xanım Vəliyeva hər ay "Kaspi" Liseyində əlamətdar günlərə həsr olunan milli yaddaş dərsi keçirildiyini, ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan şəxsiyyətlərin şagirdlərlə görüşə dəvət olunduğunu dedi: "Ancaq bu gün liseyin şagirdləri bu salonda bizim hamımıza milli yaddaş dərsi verdilər. Aprel zəfərinə həsr olunan bu kiçik kompozisiya böyük zəfərlərə gedən yola içimizdə ümid çırağı yandırdı”. S.Vəliyeva şəhid ailələrinə, qazilərə səsləndi: "Siz o böyük zəfərin təntənəsinin əsasını qoydunuz. Hər zaman bizim başımız dikdir. Şəhidlərimiz bizim qürurumuzdur. Biz onları heç zaman unutmayacağıq. Əziz qazilər, şəhid ailələri, hamılıqla qarşınızda baş əyirik!" 
 
 Şuşada, Xankəndində... dalğalanacaq bayraq
 
 Dövlət rəsmilərinin, ziyalıların, millət vəkillərinin, hərbçilərin, şəhid ailələrinin, qazilərin, valideyn və şagirdlərin iştirak etdiyi gecədə, Aprel döyüşlərinin Azərbaycan dövlətinin qüdrətinin, Milli Ordumuzun gücünün və xalqımızın birliyinin bariz nümunəsi, gələcək qələbəmizin başlanğıcı olması bir daha aşılandı. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: "Azərbaycan ordusunu 50 güclü ordu sırasında görürlər.  Biz bunu bilirik və gündən-günə hərbi gücümüz artır. İki il bundan əvvəl Azərbaycan ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir. Bizim doğma torpaqlarımızda bu gün Azərbaycan bayrağı dalğalanır. Əminəm ki, gün gələcək,Azərbaycan bayrağı hələ də işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada, Xankəndində qaldırılacaq..."  
 

Sizin Reklam Yeriniz