news Image
2019.04.17
08:15
| A A A
Ermənistana son şans verilir
Nazirlərin və Minsk Qrupu sədrlərinin son müzakirələri şifahi razılaşmalar fonunda qeyri-müəyyənliyə son qoymadı

 

Aprelin 15-də Rusiya paytaxtında Qarabağ danışıqlarının növbəti raundu baş tutub.  Rusiya mətbuatının yazdığına görə, əvvəlcə görüş Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov, Zöhrab Mnatsakanyan və Sergey Lavrovun arasında keçirilib. Sonra isə ATƏT-in Minsk Qrupunun həmsədrləri - İqor Popov, Stefan Viskonti və Endryu Şofer, həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də müzakirələrə qatılıb.

Vyana görüşündə razılaşdırılmış plan əsasında keçirilmiş görüşdən gözləntilər elə də böyük deyildi. Çünki, bu format indiyədək qorunub saxlanılıb və hələ ortaya səmərəli bir sənədin çıxmasına nail ola bilməyib. Paşinyan hakimiyyəti ilə başlanmış yeni sülh danışıqlarının əvvəlində hiss olunurdu ki, erməni tərəfinin təşəbbüsü ilə stol ətrafında Ermənistan-Azərbaycan nümayəndələrinin qalması arzu edilir. Buna görə də Vyana görüşündən əvvəl baş tutacaq danışıq üçün Rusiyanın xəbəri olmadan razılaşma olmuşdu. Lakin Kreml bu niyyəti başa düşən kimi Rusiya XİN-in başçısı Sergey Lavrov ortaya düşdü və danışıqlara zorən qoşulacaöını bəyan etməklə əslində onun baş tutmasının qarşısını aldı, yəni danışıqları növbəti dəfə pozdu. Bundan sonra razılaşdırılmış Vyana görüşündə Rusiyanın iştirakı təmin edildi və aldadıcı qərarlar qəbul edildi. Məsələn, xalqların sülhə hazırlanmasının intensivləşdirilməsi və eyni zamanda Moskvada görüş. Bu, Kremlin münaqişə üzərində dominantlığını bir daha göstərmək üçün idi, daha hansısa ciddi razılığın əldə edilməsi üçün yox.

Moskva görüşü bitdi. Aparılan söhbətin məzmunu haqda təfərrüatlar açıqlanmasa da, bu, tamamilə normal haldır, uzun illər ərzində aparılmış əvvəlki danışıqların sonradan məlum olan təfərrüatları və ümumiyyətlə münaqişə üzərində geostrateji maraqların girov qalması halları müəyyən reallığa yaxın fikirlər söyləməyə əsas verir. Ümumiyyətlə, əksər politoloqlar və siyasi ekspertlər də bu mövqeni tutur və əsaslı dəyişiklik gözləmədiklərini bildirirlər.

Görüşdən sonra verilmiş bəyanatda bildirilir ki, martın 29-da Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüşün yekunlarına dair qapalı məsləhətləşmələr aparılacaq; hər iki ölkədə saxlanılan girovlarla ailə üzvlərinin görüşməsinə şərait yaradılması ilə bağlı ilkin razılıq əldə olunub. Bu məsələlər əslində xalqların sülhə hazırlanması prosesinə aiddir. Konkret münaqişənin hansısa şəkildə aradan qaldırılması barədə nə isə bir işartı görünmür. Bu da o deməkdir ki, bu tеzliklə nə isə gözləməyə dəyməz. Kremlin moderatorluğu, aydın məsələdir ki, müharibə vəziyyətində olan tərəflər arasında münasibətlərin bundan o tərəf keçməsinin qarşısını alıb.

Prinsipcə, Paşinyan münaqişənin nizama salınması məsələsində maraqlı olmalıdır. Çünki, ölkənin iqtisadiyyatı ağır durumdadır bundan çıxmaq yolları görünmür. Şərait onu məcbur edir ki, həqiqəti etiraf etsin. Ancaq xarici hamilər və indi müxalifətdə olan keçmiş klan buna imkan vermir. Əksinə, iqtisadi geriliyin səbəbini Paşinyanda axtararaq onu hakimiyyətdən yıxmaq üçün çalışırlar. Ermənistanın da vəziyyətdən yeganə çıxış yolu Azərbaycanla, bunun ardınca da Türkiyə ilə münasibətləri yoluna qoymaqdır. Belə mürəkkəb situasiya erməni baş nazirinə sərbəst davranmağa, sülh danışçıqlarında öz bildiyi kimi davranmağa imkan vermir.

Bu səbəblər erməni tərəfinin nala-mıxa vurmaqla vaxtı uzatmağa sövq edir. Azərbaycanın isə daha gözləməyə nə səbri, nə də vaxtı qalıb. Belə çıxır ki, müharibə ən məıqbul variandır. Lakin müharibə baş verəcəyi təqdirdə Azərbaycan xeyli qüvvə və vəsait itirər, Ermənistan isə tamamilə xarabalığa çevrilə bilər. Bu da onun hamilərinə və təbii ki, ermənilərə sərf etmir. Demək, yenə də danışıqlar mahiyyəti üzrə getsə də, nəticəyə hesablanmayacaq və hələ bir müddətdə MQ həmsədrləri bu yolla regionda oyun oynamağa çalışacaqlar.

N.NOVRUZ