Əlaqə Arxiv
news Image
2019.04.18
07:00
| A A A
S-400 raketlərinin Azərbaycana gəliş xəbəri Ermənistanda ciddi təlaş yaradıb
Elman Nəsirov: “ S-400 raketlərinin nə qədər müddətdə Azərbaycanda qala bilməsi məsələsi düşmən tərəfi qorxu içində saxlamaqla onu düşündürmüş olur ”

Rusiyanın Türkiyəyə verəcəyi S-400-lər müvəqqəti olaraq Azərbaycan ərazisində saxlanıla bilər. Belə bir iddia ilə “Sabah” qəzetinin yazarı Okan Müdərrisoğlu çıxış edib. “S-400-lərin təslim edilməsindən sonra onların Azərbaycan və Qətərdə saxlanılması məsələsi masadadır. “S-400-lər F-35-lərə risk yaratmayacaq şəkildə yerləşdirilir. “S-400-lər alınar, başqa bir yerdə durar” yanaşmasından o tərəfə keçəcək həlli Ankaradan gözləmək həddən artıq optimistlik olar”, – deyə o bildirib. “A Haber” televiziyası da məsələ ilə bağlı məlumat yayıb.

Xatırladaq ki, Ankaranın Rusiyadan S-400-ləri almaq niyyəti onun ABŞ başda olmaqla NATO-dakı müttəfiqlərilə münasibətinin kəskinləşməsinə səbəb olub. Qarşı tərəf qardaş ölkənin bu addımını həzm edə bilmir. Bu müstəvidə də son zamanlar Türkiyəyə münasibətdə təhdid dililə danışmağa başlayıblar.

Qeyd edək ki, bundan öncə 100 Türkiyə hərbçisinə Azərbaycanda S-300 sistemlərinin öyrədiləcəyi haqqında məlumat yayılmışdı. S-400-lər müvəqqəti olaraq Azərbaycan ərazisində saxlanılması mümkündürmü və bu məlumatdan nədən ermənilər narahat olmağa başlayıblar?

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov Türkiyənin Rusiyadan almalı olduğu S-400 raketlərinin müvəqqəti də olsa Azərbaycanda saxlanılması variantını mümkünsüz hesab etdi: “Bildiyiniz kimi, Türkiyənin Frusiyadan S-400 raketlərini almaq qərarı Vaşinqtonun xeyli qəzəbinə səbəb olub. Nəticədə bu iki NATO ölkəsi və müttəfiqi arasında münasibətlər kəskinləşib. Türkiyəli həmin jurnalist S-400-lərin müvəqqəti olsa da belə Azərbaycanda saxlanılacağı barədə dəqiq, səhih və təsdiqlənmiş məlumatlar versəydi, istinad edərək mənbə göstərsəydi, həmin məsələ ətrafında daha dəqiq fikir söyləmək də asan olardı. İndiki halda isə Türkiyəli jurnalistin bu mövqeyini nə rəsmi Ankara, nə də rəsmi Bakı təsdiqləyib. Bununla bağlı hər hansı bir fikir ortaya qoyulmayıb. O səbəbdən də həmin açıqlamaya aydınlıq gətirmək çətin məsələdir.

Türkiyənin Rusiyadan S-400 raketlərini almaq niyyəti qətidirsə, ABŞ və NATO-nun təzyiqlərinə baxmayaraq, bu addımı atmaqda qərarlıdırsa, belə olan vəziyyətdə həmin raketlərin Azərbaycan ərazisində saxlanılmasına da ehtiyac yoxdur. Türkiyə bu istiqamətdə qərarını bəyan edib və bu, hərbi sirr deyil. Bütün dünya Ankaranın bu niyyətinin olmasını bilir. Belə olan vəziyyətdə həmin raketlərin müvəqqəti də olsa Azərbaycanda saxlanılmasının mənası nədir? Burada hansı məqsədlər güdülə bilər?

Hesab edirəm ki, bu baxımdan türkiyəli jurnalistin həmin açıqlamasından ortaya məntiq çıxmır, burada məntiq yoxdur. Xüsusilə də hesab edirəm ki, bu kimi sualları daha çox Türkiyənin hərbi-siyasi dairələri və Azərbaycanın Müdafiə Nazirliyinə ünvanlamaq daha düzgün olardı. Bununla bağlı heç bir məlumata malik deyiləm. Məsələ ilə bağlı ortada nə Türkiyə, nə də Azərbaycan tərəfinin hər hansı bir yanaşma və mövqeyi yoxdur. Ona görə də, həmin açıqlama sadəcə olaraq, bir jurnalistin şəxsi mülahizələrindən o yana gedə bilməz. Həmin səbəbdən hesab edirəm ki, bu məsələ ətrafında xüsusi dayanmağa lüzum yoxdur”. Azərbaycanda daha güclü və ən yeni, müasir dövrün tələblərinə cavab verən silahların yerləşməsi və olması hər zaman işğalçı ölkə olaraq Ermənistanı narahat edib. Onları xüsusən də hərbi sahədə əməkdaşlıqda Bakı-Moskva-Ankara üçlüyünün yaranması ciddi şəkildə qorxuya salır. Həmsöhbətimiz də qeyd etdi ki, belə məlumatlardan ermənilərin narahat olması yaxşı haldır: “Ona görə ki, bu fonda yüksək dərəcəli silahlar üzrə hərbi sahədə əməkdaşlıqda Rusiya-Azərbaycan-Türkiyə üçlüyü formalaşmış olur. Bu isə erməniləri ciddi şəkildə narahat edir. Nəzərə alaq ki, bu halda S-400 raketlərinin nə qədər müddətdə Azərbaycanda qala bilməsi məsələsi düşmən tərəfi qorxu içində saxlamaqla onu düşündürmüş olur”.

 

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz