news Image
2019.04.18
08:00
| A A A
Qarabağ münaqişəsi ətrafında vəziyyət gərginləşir

Ötən ilin sonlarından başlayaraq Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişənin ikitərəfli əsaslarla həll edilməsinə göstərdiyi cəhdlər növbəti dəfə həmsədrlərin məkrli müdaxiləsi ilə pozulub. İşğalçı tərəfin Dağlıq Qarabağda yaşayan ermənilərin tərəf kimi tanınması haqda səsləndirdiyi təkliflər və ya tələblər bəlkə də məsələnin sırf Ermənistan-Azərbaycan müstəvisinə keçirilməsi üçün bir tryuk idi. Ermənilər Azərbaycanın iqtisadi və hərbu üstünlüyünü görməmniş deyillər. Təbii ki, onlar əvvəl-axır Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyi barədə verdiyi qətiyyətli mesajları da nəzərə alırlar. Üstəlik, bu səbəbdən iqtisadiyyatlarını inkişaf etdirə bilməmələri də İrəvandakı hökumət üzvləri tərəfindən aydın dərk medilir. Bu səbəblərdən, həm də Rusiya asılılığından qopmaq məqsədilə Ermənistanın baş naziri Nikol Paşinyan bəzi müstəqil addımlar atmaq arzusuna düşmüşdü. Prinsip etibarı ilə Qarabağ münaqişəsinin həll edilə bilməməsinin başlıca səbəbi də Ermənistan əvəzinə digər dövlətlərin vəziyyətə və danışıqlara diqtə etməsidir. Lakin ermənilərin müstəqillik arzularını Kreml strateqləri aydın başa düşdükləri üçün atılan addımların qarşısını almağa çalışdılar və demək olar ki, indilikdə məqsədlərinə nail olublar.

Qarabağ münaqişəsi ətrafında situasiya getdikcə gərginləşir və həllolma variantları daralır. Bu istiqamətdə Azərbaycan diplomatiyası işi gücləndirib. Məqsəd müzakirələri dağınıqlıqdan qurtarıb vahid bir konkret gündəlik formasına salmaqdır. Çünki, vaxt gedir, ortada isə əməli heç nə yoxdur. Buna görə də bir çox analitiklər haqlı olaraq soruşur ki, belə olan halda danışıqların nə mənası var?

Kremlə və İrəvana isə bu vəziyyət sərf edir. Rusiya regionda hökmünü saxlamaq məqsədini güdür, ermənilər isə düşünürlər ki, vaxtı uzatmaqla işğal faktoru unudular və Azərbaycan ərazisini de-yure mənimsəyərlər. Məsələ burasındadır ki, Rusiya Azərbaycanı tərəfdaş adlandıra-adlandıra ölkəmizin torpaqları hesabına öz dünya nüfuzunu saxlamağı, ermənilər də ərazilərini genişləndirməyi düşünür. Təsadüfi deyil ki, bu günlərdə Amerikanın xüsusi kəşfiyyat-təhlil şirkəti “Stratfor” yazır ki, BMT rəsmi surətdə dünyada 195 suveren dövlət olduğunu təsdiqləyir və qeyd edir ki, amma, dünyanın siyasi xəritəsində beynəlxalq səviyyədə tanınmayan, amma faktiki müstəqil dövlətlər var: “Dünyada üç yer var ki, BMT tərəfindən ranınmasa da de-fakto müstəqil sayılır. İlk növbədə bu Dağlıq Qarabağ, həmçinin Transnistriya və Somalilenddir”. O da qeyd edilir ki, özbaşına elan edilmiş bu dövlətlər hakimiyyətin tam sisteminə malikdirlər və öz ərazilərində tam mənası ilə hakimiyyəti həyata keçirirlər.

Bu cür yazılar meydana təsadüfi çıxmır və kim tərəfindən edilməsinə  baxmayaraq tərəflərə təsir edir və prosesi pozmağa yönəlib. Bəyəm, Kremldə oturanlar bunu anlamırlar? Bəs, onda tərəfdaş adlandırdıqları və münasibətləri gün-gündən inkişaf etdirdikləri Azərbaycanın haqlı tələblərinə niyə dəstək vermirlər. Az-çox Rusiyadan Azərbaycanın haqqına qarşılıq verən informasiyalar yalnız Azərbaycan diplomatiyasının zəhmətinin bəhrəsidir. Üstəlik, Türkiyə-Rusiya münasibətlərinin inkişafı da Kremli məcbur edir ki, Qarabağ münaqişəsi üzərində Azərbaycana bu ölkədən edilən təhdidlərin qarşısını alsın.

Azərbaycan təmkinli davransa da müharibə hazırlığını daha böyük entuziazmla davam etdirərək yolundan geri çəkilməyəcəyini opponentlərinə təlqin edir. Açıq görünür ki, diplomatik etikaya görə danışıqlarda sərgilənən davranış hərbi hazırlıqla tərs-mütənasibdir. Yəni, Azərbaycan oynanılan oyunların kulisində nəyin gizləndiyini aydın görür və çətin ki, əlverişli an yetişəndə onu əldən versin. Münaqişənin ən qısa və ədalətli yolu müharibədir. Azərbaycan bunu istəməsə də onu buna məcbur edirlər.

N.NOVRUZ