Əlaqə Arxiv
news Image
2019.04.18
09:30
| A A A
Sosial islahatların əhatə dairəsi genişlənir
Prezidentin bir sıra sərəncam və fərmanlarına edilən dəyişiklik daha 600 min nəfərin rifah halına müsbət təsir göstərəcək

Son illər ölkəmizdə həyata keçirilən iqtisadi və sosial islahatlar, yenidənqurma və quruculuq işləri ciddi nəticələr verir. Çünki, iqtisadi islahatların dərinləşməsi möhkəm təməl üzərində qurulur. Bu gün artıq 2050-ci ili proqnozlaşdırarkən neft sahəsi ilə yanaşı, aqrar sektorun, tikintinin, infrastruktur layihələrinin də həyata keçirilməsini planlaşdırılır. Məşğulluğun dinamikasında artım, regionların inkişafı, digər strateji proqramların uğurla həyata keçirilməsi iqtisadi islahatların dərinləşməsi üçün möhkəm baza yaradır. Hökumətin hesabatı göstərir ki, ötən il və bu ilin əvvəlində həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dövləti daha da güclənib, əhalinin rifah halının yaxşılaşdırılması istqiamətində mühüm işlər görülüb. Bunun nəticəsində xalq-iqtidar birliyi daha da möhkəmlənib.

“Doing Business 2019” hesabatında deyilir: “Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib” Bu uğurlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin, o cümlədən biznes subyektlərinin mənafelərini əks etdirdiyini bir daha göstərir. Bu gün Azərbaycan dünyada ən çox islahat aparan lider ölkədir.  İslahatların səviyyəsinə görə Azərbaycan postsovet məkanında ikinci, MDB məkanında birinci ölkədir. Bu islahatlar dövlətimizin başçısının siyasi iradəsi ilə aparılıb.

Aparılan iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib. Dövlətimizin başçısı tərəfindən ölkədə sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyiş baş verib.

Sosial sferada baş verən islahatlar isə inqilabi dəyişikliklərə rəvac verib. Əhalinin alıcılıq qabiliyyəti xeyli yüksəlib və bu səbəbdən rifah halı daha da yaxşılaşıb. Dövlət-biznes tərəfdaşlığında qarşılıqlı inam daha da artıb, bu münasibətlər gələcək iqtisadi inkişafın təməl prinsipinə çevrilib.

Prezident İlham Əliyev aprelin 15-də  bir sıra kateqoriyalardan olan vətəndaşlara sosial müavinətlərin və Prezident təqaüdlərinin artırılmasına dair fərman və sərəncamlara dəyişiklik edib. Belə ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” prezidentin 2013-cü il tarixli fərmanında dəyişiklik edilməsinə dair fərmana əsasən aprelin 1-dən əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar”,  “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar”, “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə aylıq müavinətin məbləği hər 3 dərəcədən olan əllilliyə görə müavinətlər 30-35 faiz artırılıb. Son həftələr sosial şəbəkələrdə yeni doğulan uşağa görə birdəfəlik müavinətin artırılması barədə çağırış edən vətəndaşların arzusu həyata keçib: birdəfəlik müavinətin məbləği 200 manata qaldırılıb. İmzalanan digər bir fərmanla isə beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği 55 manata (hər uşaq üçün) çatdırılıb.

Ümumiyyətlə, indiki artımlar müharibə iştirakçılarına, 20 Yanvar əlillərinə və bir sıra digər sosial ehtiyaclı şəxslərə şamil olunmaqla 600 minədək şəxsin (o cümlədən 300 min əlilliyi olan şəxsin) sosial müavinətlərinin, prezidentin aylıq təqaüdlərinin ciddi şəkildə artırılmasını, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün prezidentin aylıq təqaüdlərinin təsis olunması ilə sosial təminat sisteminin əhatə dairəsinin daha da genişlənməsini təmin edir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz