Əlaqə Arxiv
news Image
2019.04.17
17:15
| A A A
Prezident qanunsuz beynəlxalq telekommunikasiya xidmətləri təşkil edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Movqe.az xəbər verir ki, bu, telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərini təşkil edənlərin cəzalandırılmasını nəzərdə tutur.

Bununla bağlı Cinayət Məcəlləsinə yeni – 233-4-cü (Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili) maddəsi əlavə olunub.

Maddəyə əsasən, telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olduqda cinayət nəticəsində vurulan ziyanın 2 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə işslah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllərv təkrar, xeyli miqdarda ziyan vurmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə cinayət nəticəsində vurulan ziyanın 2 mislinədən 3 mislinədək miqdarda cərimə və ya 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.

Bu əməllər külli miqdarda ziyan vurmaqla, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 3 ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulan ziyanın 3 mislindən 4 mislinədək miqdarda cərimə və ya 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 4 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bildirilib ki, maddə “Müvafiq qurğu” dedikdə, mobil nömrə sim-kartları quraşdırılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin edən qurğu, “Əhəmiyyətli zərər” dedikdə, dövlət təhlükəsizliyinə təhdid yaradan zərərin vurulması, yaxud fiziki və ya hüquqi şəxslərə 10 min manatdan yuxarı, lakin 50 min manatdan artıq olmayan məbləğdə zərərin vurulması, “Xeyli miqdar” dedikdə, 50 min manatdan yuxarı, lakin 100 min manatdan artıq olmayan məbləğ, “Külli miqdar” dedikdə 100 min manatdan yuxarı olan məbləğ başa düşülür.

Son illərdə aparılan təhlillər nəticəsində müəyyən edilib ki, ölkədə olan ümumi telekommunikasiya şəbəkəsinə, xüsusilə mobil şəbəkəyə “Simboks” adlanan avadanlıqlar vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiyaxidmətlərinin təşkil edilməsi halları artmaqdadır. Belə qanunsuz beynəlxalq telekommunikasiya kanallarının yaradılması fiziki və hüquqi şəxslərə əhəmiyyətli ziyan vurulmasına səbəb olur. Eyni zamanda qeyd edilən əməlləri həyata keçirən şəxslər beynəlxalq danışıqlar təşkil etməklə qeyri-qanuni qazanc əldə edirlər.

Sizin Reklam Yeriniz