Əlaqə Arxiv
news Image
2019.04.19
09:30
| A A A
Qarabağ münaqişəsi böyük güclərin xüsusi diqqət mərkəzində
Natiq Miri: “Moskva ilə Vaşinqtonun bu aktivliyini bir növ Cənubi Qafqaz uğrunda dünya gücləri arasındakı mübarizə kimi dəyərləndirilməlidir”

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Varşavada keçirilən mətbuat konfransında deyib ki, ABŞ Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün Vaşinqtonda keçirilməsini təklif edib: “Bizə danışıqlarda irəliləyiş lazımdır. Deyə bilərəm ki, bu baxımdan elə də nikbin deyiləm, amma real danışsaq, səyləri ikiqat artırmaq lazımdır. Rusiya bunu edir, son görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak etdi. Ardınca isə ABŞ-dan təklif aldıq. ABŞ dövlət katibi də danışıqlarda irəliləyişə nail olunmasına töhfə vermək niyyətindədir”.

Qeyd edək ki, Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtona səfərinin hazırlandığı barədə məlumatlar var idi. Bu günlərdə Milli Məclisin üzvləri Asim Mollazadə və Səməd Seyidovun daxil olduğu nümayəndə heyəti Vaşinqtonda olub, Konqresdə və digər siyasi dairələrdə görüşlər keçirib. Burada əsas müzakirə mövzularından birini də məhz Qarabağ münaqişəsi təşkil edib.  Bu məlumatlar bir daha Qarabağ məsələsində ABŞ-ın da fəal mövqeyə keçdiyini göstərir və buun Rusiyada da nəzərə alırlar.

 

Qeyd edək ki, bir neçə gün bundan öncə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Dağlıq Qarabağ probleminin nizamlanması üzrə anoloji görüş Moskvada baş tutdu.

Politoloq Natiq Mirinin fikrincə, dünya güclərinin Qarabağ problemi ətrafında artıq aktivlik nümayiş etdirmələri heç də münaqişəni çözmək niyyətlərindən qaynaqlanmır. Burada onlar öz maraqlarını güdürlər: “ABŞ və Rusiyanın son dövrlər Dağlıq Qarabağ münaqişəsi ətrafında aktivlik nümayiş etdirmələri onların sadəcə, həmin konflikti həll etmək istəyilə bağlı deyil. Belə olsaydı, həmin problem artıq 26 ildir ki, uzanmazdı.

 

O baxımdan Moskva ilə Vaşinqtonun bu aktivliyini bir növ Cənubi Qafqaz uğrunda dünya gücləri arasındakı mübarizə kimi dəyərləndirmək lazımdır. Xüsusilə də, müəyyən mənada bunu Cənubi Qafqazın strateji ölkəsi olan Azərbaycan, həm də yeni inqilab dalğasından çıxaraq tamamilə yeni bir hökumət formalaşdıran Ermənistan uğrunda mübarizə kimi də dəyərləndirmək olar.

Təbii ki, bu məsələdə Dağlıq Qarabağ problemindən geosiyasi alət olaraq istifadə olunur. Çünki həmin münaqişə Cənubi Qafqaz, bütövlükdə region üçün ciddi təhlükə vəd edən bir konfliktdir. Təbii ki, bu münaqişənin həlli prosesində müəyyən irəliləyişlərə nail olan dövlət  qismən də olsa Cənubi Qafqaz ölkələrinin qəlbinə yol açmış olacaq. Məhz bu baxımdan, eyni zamanda Ermənistanı Moskvanın orbitindən çıxarmaq məqsədilə son aylar Dağlıq Qarabağ məsələsində ABŞ-ın nisbətən aktivləşdiyini müşahidə edirik”.

Bütün hallarda aydın məsələdir ki, dünya güclərinin hər hansı bir konfliktin həllində aktivləşməsinin müsbət tərəflərilə yanaşı, mənfi tərəfləri də meydana çıxa bilər. 

Həmsöhbətimiz də bildirdi ki,  dünya güclərinin prosesdə aktivləşməsinin müsbət və mənfi tərəfləri vardır: “Müsbət tərəfi odur ki, artıq Dağlıq Qarabağ məsələsi dünya gündəminə gətirilir, dünya güclərinin siyasi mətbəxində hallandırılır. Bu da ən azından problemin həlli yollarının ortaya qoyulması imkanlarını özü ilə bərabər gətirir. Bu aktivliyin içində problemin həllini istəmək varsa, təbii ki, həmin istiqamətdə konkret addımlar atmaq və konkret siyasi nəticələr də əldə etmək mümkündür.

 

Ancaq münaqişə tərəfi olan Azərbaycanla Ermənistan Cənubi Qafqaz uğrunda gedən çaxnaşmada çarpaz atəş altına da düşə bilərlər. Adətən bu kimi məqalarda münaqişə tərəflərindən konkret siyasi qərarların verilməsi tələb olunur ki, bu da indiki vəziyyətdə çox çətindir. Belə ki, dünya güclərindən hər hansısa birinə üstünlük verilməsi qərarı həmin ölkələr üçün müəyyən hərbi-siyasi risqlər daşıyır. Azərbaycan bu yöndə balanslaşdırıcı siyasət yürüdür. Ona görə də, indiki halda dünya güclərinin ikisindən birinə üstünlük verilməsi müəyyən risqlər daşıyır. Ona görə də Dağlıq Qarabağ məsələsinin dünya gündəminə gəlməsi və ABŞ-ın aktivləşməsi müsbət çalarlar verməklə bərabər, özü ilə mənfi çalarları da gətirməkdədir.

ABŞ-ın aktivləşməsi Rusiyada da müəyyən narahatlıq yaradıb. Bunu son Moskva görüşü zamanı müşahidə etdik. Ortada ciddi siyasi nəticə olmasa da, ən azından Moskvanın bu yöndə vurnuxduğunu görürük. Ən azından Rusiya guya Dağlıq Qarabağ problemini həll etmək istəyində olduğu kimi özünü göstərməyə çalışır. Təbii ki, bunlar gözqamaşdırıcı və aldadıcı manevrlərdir. Ancaq hər bir halda, ABŞ-ın aktivləşməsi şimal ayısını vadar edəcək ki, ən azından problemin həllində hansısa müsbət nəticələrə gətirən addımlara nail olsun. Yəni Dağlıq Qarabağ problemi artıq iki dünya gücü arasında rəqabət elementinə çevrilir. Bu rəqabət də problemin həlli yolunda müəyyən ümidlər yaradır ki, o da Azərbaycanın marağına xidmət edən bir gəlişmədir”.

Rüfət NADİROĞLU 

 

 

Sizin Reklam Yeriniz