Əlaqə Arxiv
news Image
2019.04.19
10:00
| A A A
Qafqaz uğrunda çəkişmə böyüyür
İki nəhəng ölkə arasında ziddiyyətlərin kəskinləşməsi Qarabağ münaqişəsinin həllində özünü necə biruzə verəcək?!

 

Hər iki dövlət Qafqaza dünya hegemonluğu kontekstində yanaşır və siyasətlərini bu məqsəd üzərində qururlar. Amerika və Rusiya strateqləri, təbii ki, hansısa regionda bir dövləti müdafiə etməklə əslində öz dövlətlərinin mənafeyini düşünürlər. Bu klassik formul həmişə olduğu kimi indi də aktualdır və Qarabağ münaqişəsinin həllinə birbaşa təsir göstərir.

Münaqişənin uzun illər ərzində həll olunmamasının bir, bəlkə də əsas səbəbi də bu amillə bağlıdır. Hətta dəfələrlə başlanmış danışıqların pozulmasının kökünü də bu cür kənar təsirlərdə axtarmaq gərəkdir. Buna görə də Qarabağ münaqişəsinin həllində real vəziyyəti bilmək üçün ABŞ-Rusiya münasibətlərinin xarakterini izləmək vacibdir.

Məlumdur ki, başda Birləşmiş Ştatlar olmaqla Qərb Rusiyaya bir sıra iqtisadi və siyasi sanksiyalar tətbiq edib və münasibətlərin gərginliyi hələ ki, yüksək səviyyədə qalır. Bu sanksiyalar da Rusiyanın Ukrayna ərazisini (Krımı və Donbas vilayətini) işğal etdikdən sonra baş verib. Ukraynanın bir hissəsinin işğalı Qərbin bu ölkəni öz cərgələrinə cəlb etdikdən sonra baş verib. Yəni, Ruisya Qərb adlı hegemon qüvvənin lap burnunun ucunda ona meydan oxumasına icazə verə bilməzdi və etirazı yalnız zorakılıq etməyə çatdı, çünki iqtisadi cəhətdən ona Qərblə mübarizə aparmaq çətindir.

Sanksiyaların Rusiyanı taqətdən saldığını düşünən qərblilər Qarabağ münaqişəsinin həlli üzərində fəallığını artıraraq əslində Cənubi Qafqazda da nüfuzunu artırmağa qərar verib. Buna görə də ABŞ siyasətçiləri münaqişənin həlli barədə ötən ildən başlayaraq müəyyən ciddi siqnallar veriblər. Söhbət Ermənistanın işğalçılıq planlarından əl çəkməsi, Qarabağın üzərində Azərbaycanın suverenliyinin bərpası və region dövlətlərinin dinc yanaşı yaşaması haqdadır. Bu, amerikalıların əsl arzularının əks olunmasıdırmı, yoxsa başqa məqsədlər var. Təbii ki, ABŞ ilk növbədə öz mənafeyini güdür. İşğalın aradan qaldırılması amilini irəli sürməklə əslində o, Rusiyanın Ermənistandakı mövqelərinin zəiflədilməsi məqsədini güdür. Çünki Ermənistan Rusiyanın əlində əsirdir. Qərbdə yaxşı bilirlər ki, Qarabağın işğalda saxlanılması Rusiyaya görə mümkündür. Yoxsa, Azərbaycan çoxdan öz ərazisini bərpa edərdi. Və erməniləri rusların əleyhinə kökləmək üçün Qarabağı ondan alıb sahibinə vermək lazımdır. Bu cür gedişlə Qərb sezilmədən Rusiya-Azərbaycan münasibətlərinə də pəl vurmağı düşünür.

Azərbaycanın balanslı siyasətinin uğur qazanması, heç şübhəsiz, regionda mənafe güdən bəzi dövlətləri narahat edir. Çünki onlar istədiklıəri kimi aranı qarışdıra bilmirlər. Lakin anlamaq gərəkdir ki, balanslı siyasətin özü də bir siyasi mövqedir. Sadəcə, zaman sübut edir ki, bu mövqe daha məqbul və səmərəlidir, üstəlik beynəlxalq demokratik tələblərə cavab verir. Bundan başqa Azərbaycanın xarici iqtisadi siyasəti və fəaliyyəti öz dolğunluğu ilə seçilir və Qərbi və Rusiyanı onunla münasibətlərdə diqqətli davranmağa məcbur edir.

Belə bir mürəkkəb situasiyada Qarabağ münaqişəsinin həlli yolunda gah Qərbin, gah da Rusiyanın zaman-zaman fəallaşması prosesi gedir. Bəli, proses gedir, amma nəticə vermir və bu görünmür. Bu iki nəhəng qüvvə bir-birinin bəhsinə imitasiya formaları axtarırlar, daha həlletmədə maraqlı deyillər. Sonuncu Moskva görüşü də bu baxımdan istisna deyil. Görüşdən bir neçə gün sonra Rusiya XİN başçısı Sergey Lavrov ona verilən sualı cavablandıraraq deyir ki, “siz dediniz ki, 2016-cı ildə verilən təklifin müzakirəsi barədə informasiya yayılıb. Əgər düzgün başa düşdümsə, Azərbaycanın xarici işlər naziri bu iclas barədə öz müsahibələrinin birində danışıb. Mən buna heç nə əlavə edə bilmərəm”. Bununla o, 2016-cı il söhbətini təsdiqləmiş olur. Bəs, 2016-cı il təklifi nədən ibarətdir? Söhbət ilk olaraq 5 rayonun işğaldan azad edilməsi barədədir. Lakin niyə 5 rayon? Bu plan Azərbaycanın öz əraziləri üzərində siyasi alverə cəlb olunmasına hesablanıb. Çünki indiyədək çox planlar qurulub, çox təkliflər verilib və hamısı da puç olub gedib. Ona görə ki, haqsız və ədalətsiz plan və təkliflər olub. İndiki təklif də o qəbildəndir. Heç inandırıcı deyil ki, görüş haqda verilmiş informasiyalar həqiqəti əks etdirsin. Bu, olsa-olsa fikirləri yayındırmaq üçündür. Çünki Azərbaycanın tərəfləri qane edən və beynəlxalq hüquqa və normalara əsaslanan ən məqbul və güzəştli təklifi stol üzərindən götürülməyib. Əgər Rusiya və Minsk qrupunun digər həmsədrləri həqiqətən münaqişənin həllində səmərəli rol oynamaq istəyirlərsə və Azərbaycanla Ermənistanın mənafeyini nəzərə alırlarsa, onda həmin təklifləri dəstəkləyər və nəticəyə nail olardılar. Yeri gəlmişkən, indi ABŞ “təşəbbüskarlıq” göstərərək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün Vaşinqtonda keçirilməsini təklif edir...

N.NOVRUZ       


    

 

 

 

Sizin Reklam Yeriniz