Əlaqə Arxiv
news Image
2019.04.20
10:18
| A A A
Azərbaycan Ordusunda ABŞ silahları
Üzeyir Cəfərov: “Ağ Ev pulu, imkanları olan Azərbaycana silah-sursat satmaqda maraqlıdır”

Fərəc Quliyev: “Ölkəmizin başqa dövlətlər, o cümlədən ABŞ-dan silah alması bölgədə sabitliyə xidmət edən faktorlardan biridir”

Rusiyalı ekspert Denis Korkodinov belə bir iddia ilə çıxış edib ki, ABŞ Azərbaycana silah satmaqda maraqlıdır. Ardınca ekspert bildirir ki, Konqres də Ağ Evə bu addımı gerçəkləşdirməkdə maneə yaraad bilməyəcək. Misal olaraq da Səudiyyə Ərəbistanını göstərir.

Belə ki, bu ölkəyə Konqres silah satmağı qadağan etsə də, ABŞ Prezidenti Donald Tramp qanunverici orqanın həmin addımına “veto” qoyub. Nəticədə bu gün Səudiyyə Ərəbistanı ABŞ-dan xeyli miqdarda silah almaqda davam edir. İndi Konqres “907-ci düşəliş”i bəhanə etməklə Azərbaycana silah satmağa icazə verməsə də, Ağ Ev yenə də “veto” hüququndan istifadə edə bilər. Nəzərə alaq ki, Tramp və onun adminstrasiyası əsasən maliyyə maqnatlarından ibarət olduğundan, onlar silah satışında daha çox maraqlıdırlar.

Onu da xatırladaq ki, ABŞ Prezidentini milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton keçən ilin sonlarında bölgəyə səfəri fonunda da Vaşinqtonun Cənubi Qafqaz ölkələrinə silah sata biləcəyini diqqətə çatdırmışdı. Bu əsasda ehtimal olunur ki, çoxsaylı ölkələrdən silah alan Azərbaycana həm də ABŞ silahları gəlsin. Bu mümkündürmü?  Onu da qeyd edək ki, Azərbaycan artıq bir sıra qərb ölkələrindən silah alır. Bu xüsusda Fransa, Almaniya, İtaliya və Çexiyanı göstərmək olar. İndi göründüyü kimi, Ağ Ev də bu prosesdə maraqlıdır. Belə olan vəziyyətdə qarşıdakı dövrdə Qərb ölkələrindən alınan silahların çəkisi arta bilərmi?

Hərbçi-ekspert Üzeyir Cəfərov indiki halda, ABŞ-ın birbaşa Azərbaycana silah satacağını düşünmür: “Belə götürəndə artıq Azərbaycan Silahlı Qüvvələri ABŞ silahları ilə təmin olunub. Ötən il keçirilən hərbi paradda Azərbaycan səmasında ABŞ istehsalı olan helikopterləri gördük. Bu əsasda çoxları ABŞ hərbi texnikasının Azərbaycana necə gəlib çıxdığından təəccübləndi.

ABŞ “907-ci düşəliş”ə görə Azərbaycana silah satmır. Amma onun bəzi ölkələrə verdiyi silah-sursat həmin dövlətlərdə ya çoxluqdan, ya da ehtiyacdan dolayısı digər dövlətlərə təklif olunur. Azərbaycan da bu müstəvidə ondan imtina etmir. Korkodinovun söylədiyinə gəldikdə, düşünmürəm ki, Vaşinqton birbaşa Azərbaycana silah satsın. Gələn il ABŞ-da prezident seçkiləridir. Bu həssas dönəmdə Vaşinqtonun birbaşa ölkəmizə silah satması hazırkı Ağ Ev adminstrasiyasının reputasiyasının zəifləməsinə rəvac verə bilər. Əlbəttə ki, Ağ Ev pulu, imkanları olan Azərbaycana silah-sursat satmaqda maraqlıdır. Amma bunun üçün müəyyən hüquqi baza olmalıdır. Özləri “907-ci düzəliş”in girovuna çevriliblər. Digər ölkələrin Azərbaycana silah satması ilə xeyli miqdarda pul ABŞ-ın əlindən çıxır. Ona görə də Ağ Ev həmin prosesdə  maraqlıdır.

Con Bolton və digər rəsmi şəxslərin səsləndirdiyi fikirləri də nəzərə alsaq, bunun belə olduğu açıq şəkildə bəlli olur. Prinsip etibarı ilə Azərbaycanın uduzacağı bir şey yoxdur. Azərbaycan kifayət qədər silah-sursat əldə edib. Azərbaycan üçün bu gün nə lazımdırsa, o əldə olunub və proses davam etdirilir. Yəqin ki, cari ildə Fransa, İtaliya istehsalı olan hərbi texnikalaırn da Azərbaycan ordusunun arsenalına daxil olmasını müşahidə edəcəyik”. 

Milli Məclisin deputatı Fərəc Quliyev qeyd etdi ki, ABŞ-dan silah almağımız bölgəmizdə sabitliyə xidmət edən faktorlardandır: “ABŞ-dan silah alan ərəb ölkələri fərqli siyasi situasiyalarda Vaşinqtona münasibətdə özlərini fərqli aparıb. Ona görə onlara qarşı ABŞ-da ola bilər tərəddüdlər olsun. Amma Azərbaycan bütün beynəlxalq məsələlərdə, terrora qarşı mübarizədə, NATO-nun müəyyən əməliyyatlarında iştirak edib. Əfqanıstana hava dəhlizi verib, NATO-nun sülhyaratma missiyasında aktiv iştirak edir. 

Silahlanma ilə bağlı Rusiya tərəfindən ortaya qoyulan iddia ona xidmət edir ki, gələcəkdə Azərbaycana maneə olmaq cəhdləri olsa. Silah satışından pərdə kimi istifadə etsinlər. Azərbaycanın ABŞ və NATO ilə çox yaxşı münasibətləri var. NATO Parlament Assambleyasında iştirak edirik. İstənilən dövlətlə silah ticarətini qurmağı həm də strateji məqsəd olaraq ortaya qoymuşuq. Bir dövlətdən asılı olan silah bazası yaratmalı deyilik. Rusiya bir tərəfdən, ATƏT-in Minsk qrupunda vasitəçidir. Digər tərəfdən Ermənistanla orta ordu yaradıb. Ermənistana bu müstəvidə daha güclü silahları verməklə ölkəmizə pia vəziyyətə qoya bilər. Ona görə də başqa dövlətlərlə də silah alverində maraqlıyıq və bunu alacağıq. İşğal altındakı ərazilərimizdə Rusiya silahı adı altında erməniləri silahlandırırlar. Zəhmət çəkib buna qarşı mübarizə aparsınlar.

Ordumuzu NATO sisteminə keçirməkdə maraqlıyıq. Çünki modern ordu qurmaq istəyirik. Ona görə Qərb ölkələrindən də silah alacağıq. Təkcə bir dövlətdən silah almaq bölgədə təhlükəsizliyə təhdiddir. Ona görə ki, bölgəmizdə istənilən münaqişənin yaradılmasında Rusiyanın bir marağı da öz silahlarını satmaq niyyətidir. Yəni münaqişə yaradır ki, silahını satsın. Azərbaycan da təkcə Rusiyadan silah alarsa, bu ölkə münaqişənin bitməsində maraqlı olmayacaq. Başqa dövlətlərdən də silah alsaq, həmin bazar Rusiyaya xeyir vermədikdə, bölgədə sabitliyin pozulmasına elə də cəhd etməz. Yəni əslində, ölkəmizin başqa dövlətlər, o cümlədən ABŞ-dan silah alması bölgədə sabitliyə xidmət edən faktorlardan birisidir. Azərbacan siyasətində sərbəstdir, heç kim bizə dərs verməsin”.

R. SOLTANOV 

 

 

 

 

 

Sizin Reklam Yeriniz