Əlaqə Arxiv
news Image
2019.04.20
08:52
| A A A
Vaşinqton Qarabağ məsələsində “Bolton planı”nı işə salır
Qabil Hüseynli: “Vaşinqtonda münaqişə tərəfləri arasında olacaq görüşündə ABŞ-ın Ermənistana ciddi təzyiq edəcəyini gözləyirəm”

Son zamanlar ABŞ hökuməti Ermənistan rəsmilərini qəbul etməkdən imtina edirlər. Belə ki, bir müddət əvvəl Ermənistanın xarici işlər, ardınca da müdafiə nazirləri ABŞ-a səfər etsələr də, burada yüksək səviyyədə onları heç kim qəbul etmədi. Onlar ABŞ-ın yüksək ranqlı rəsmiləri görüşə can atsalar da buna nail olmayıblar.

Digər tərəfdən, ABŞ-da güclü olduğu deyilən erməni lobbisinin də bu ölkədəki təsiri zəifləyir. Amerikada onları demək olar ki, saya salan yoxdur. Daha əvəl isə Vaşinqtonun Ermənistandakı sabiq səfiri Riçard Mayls və Cənubi Qafqaz ölkələrinə səfər edən ABŞ Prezidenti  Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanın düşdüyü ağır vəziyyətdən çıxış yolunun ancaq və ancaq işğala son qoymasından keçdiyini düşmən ölkə rəsmilərinin diqqətinə çatdırmışdılar. Eyni zamanda, Qərbin adamı hesab edilən baş nazir Nikol Paşinyan da hələlik heç bir məsələdə ABŞ-ın dəstəyini ala bilməyib. Ermənistan nə qədər çabalasa da, Qərbdən özünə lazım olan maliyyəni belə ala bilmir. Ermənistanın Qərbdəki, o cümlədən ABŞ-dakı mövqelərinin zəiflədiyi bir ərəfədə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə xarici işlər arasında növbəti görüşün Vaşinqtonda keçiriləcəyi gözlənilir. Yaranmış situasiyada gözləmək olarmı ki, Vaşinqton Dağlıq Qarabağ məsələsində Azərbaycana daha çox dəstək versin?

Politoloq Qabil Hüseynli ABŞ-ın Dağlıq Qarabağ probleminin həllində məhz ölkəmizə daha çox dəstək əlini uzadacağını gözləyir: “Dağlıq Qarabağ münaqişəsində bir təcavüzkar tərəf var. O da Azərbaycan torpaqlarını işğal edən Ermənistandır. Azərbaycan tərəfi isə işğala məruz qalan, bir milyondan çox insanı qaçqın və məcburi köçkün vəziyyətinə salınan bir ölkədir.

Azərbaycan təcavüz nəticəsində 300 milyard dollardan çox ziyana düşüb, 39 mindən çox əhalimiz döyüşlərdə həlak olub. Bu arqumentlərlə yanaşsaq, deyə bilərik ki, ABŞ obyektiv ölkədirsə, təcavüzkara qarşı hər zaman barışmaz mövqe tutmaqla fərqlənirsə, Ermənistana yanaşmada kifayət qədər sərt olmalıdır. Bu sərtliyi bir dəfə ABŞ-ın Ermənistandakı səfir bildirib. Başqa ölkənin ərazisində Ermənistan qoşunları nə gəzir? Onları geri çəkməlidir. İrəvan bölgədə sülh və sabitliyin xeyrinə, qarşılıqlı iqtisadi və mədəni münasibətlərin inkişafı naminə addımlar atmalıdır. Cənubi Qafqazda cərəyan edən problemlərin səbəbkarı bir tərəfdər Rusiyadırsa, digəri onun icraedicisi əlaltısı olan İrəvandır. Ona görə də, Vaşinqtonda münaqişə tərəfləri arasında olacaq görüşündə ABŞ-ın Ermənistana ciddi təzyiq edəcəyini və İrəvana sülh prosesində özlərini ciddi aparmaları, Azərbaycanın ərazi bütövlüyünə hörmət etmələrini təklif edəcəyini gözləyirəm”.

Siyasi şərhçi Azər Həsrət də düşünür ki, ABŞ Ermənistana yerini göstərmək üçün daha çox Azərbaycanı dəstəkləmək istiqamətində jestə gedə bilər: “Əlbəttə ki, erməni rəsmilərinin ABŞ-da qəbul edilməməsi, onların lobbisinin təsir imkanlarının zəifləməsi durumu Azərbaycan üçün əlverişlidir. Çünki ABŞ Paşinyan hökuməti hakimiyyətinin konkret mövqe sərgiləməsini istəyir. Amma Paşinyan bunu etmir, edə bilmir. Təbii ki, ona görə də Vaşinqton Paşinyan və onun komandasına soyuq yanaşır. Belə bir durumun olması əlbəttə ki, ölkəmiz üçün əlverişlidir.

Düşünürəm ki, Azərbaycan dövləti bundan istifadə etməlidir. Ən azından hərəkətimizi daha da gücləndirməliyik ki, ABŞ-ın Azərbaycana rəğbəti daha da artsın. Üstəlik münaqişə tərəflərinin xarici işlər nazirləri arasında görüşün Vaşinqtonda keçirilməsi şəraitində yəqin ki, ABŞ ən azından Ermənistana yerini göstərmək üçün Azərbaycana doğru bir jest edə bilər. Bunu hardasa mümkün sayıram. Amma ümumilikdə prosesin daha da sürətlənəcəyi haqda proqnoz verməyə hələlik tələsmirəm”.

Ermənistanın “Yerkramas” nəşri qeyd edir ki, ötən il ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfərindən sonra  Vaşinqton Qarabağ məsələsi ilə daha yaxından maraqlanmağa başlayıb.  Elə həmin vaxtdan da problemin çözümündə “Bolton planı” gündəmə gəlib.

Bildirilir ki, “Bolton planı”nda Dağlıq Qarabağın müstəqil statusu nəzərdə tutulmur, çünki, plan onun Azərbaycan tərkibində olmasına hesablanıb, sülhməramlılar yoxdur və yalnız sülh vədi var: “Bolton planı” Nikol Paşinyanın rəsmən baş nazir olmasından sonra reallaşmanın praktik mərhələsinə daxil oldu. Təbii ki, Paşinyan bu rolu öz üzərinə götürmək istəmir, amma, göründüyü kimi, ya “yox” deyə bilmir, ya da oyunun mənasını anlamır. Faktdır ki, indiki halda, Paşinyan Dağlıq Qarabağla barədə intensiv danışır və bu mübahisəsizdir. Əgər artıq xalqların sülhə hazırlanmasından danışılırsa, tərəflər detalların uyğunlaşdırılması mərhələsinə keçiblər”.

R. SOLTANOV

 

 

 

 

 

Sizin Reklam Yeriniz