Əlaqə Arxiv
news Image
2019.04.24
09:30
| A A A
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı İrəvanda təşviş doğurur
Regionun ən güclü ordularının birgə təlimlər keçirməsi Ermənistanın rəhbərliyində və əhalisində qorxu yaradır

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 3-dək ölkəmizdə “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçiriləcək. Təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərini və qarşılıqlı anlaşmasını yüksək səviyyədə saxlamaqdır. Birgə təlimə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb ediləcək. Bu günlərdə təlimdə iştirak etmək üçün Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti Azərbaycana gəlib.

Azərbaycan və Türkiyənin bütün sahələrdə əməkdaşlığı və uğurlu inteqrasiya prosesi gündən-günə inkişaf edir. Regionda baş verən siyasi proseslər və işğalçılıq siyasəti hərbi sahədə də əlaqələrin genişlənməsi zərurətini doğurur. Dünyanın əngüclü silahlı qüvvələri sırasında ilk onluqda yer alan Türkiyə ordusu və 5-ci onluqda qərarlaşan Azərbaycan ordusunun birgə təlimləri Cənubi Qafqazda əmin-amanlığı gücləndirsə də Ermənistanda bu əlaqələrin inkişafı ciddi qorxu yaradır. Çünki, ölkəmizə düşmən olan ölkədə yaxşı bilirlər ki, Azərbaycan ordusu gücləndikcə, Ermənistanın işğalçılıq arzuları öləziyir.

Ümumiyyətlə, Azərbaycanla Türkiyənin hərbi sahədə əməkdaşlığı tarixi zərurətdir. Çünki, Ermənistanda Rusiyanın iki güclü hərbi bazası var. Həm də bu ölkələr bir-birlərini müttəfiq adlandıraraq hücum zamanı qarşılıqlı kömək barədə müqavilə də imzalayıblar. Azərbaycan isə silahlı qüvvələrini addım-addım, öz gücü və vəsaiti hesabına yaradıb, inkişaf etdirib və Cənubi Qafqazın ən güclü ordusuna çevirib. Lakin indi təkbaşına güclü olmaq, birləşmiş ordularla münasibətdə zəif nəzərə çarpır. Hərbi əməkdaşlıq isə bu zəifliyi aradan qaldırır və ölkənin beynəlxalq aləmdə nüfuzunu artırır. Bu mənada Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı gözəl təcrübə nümunəsi və sülhə yönəlmiş hərbi iş birliyinin yaranması siyasətidir.

İndi Azərbaycan ordusunun hərbi texnika və sursatla təchizatında Türkiyə hərbi-sənaye kompleksinin məhsulları da yer alır. Bu avadanlıq və döyüş sursatı müasir tələblərə cavab verir və real döyüşlərdə uğurla sınaqdan keçib. Artıq hərbi sənayenin bəzi sahələrində iki ölkə arasında birgə müəssislərin yaradılması haqda söhbətlər gedir. Təbii ki, belə müəssisələrin işinə azərbaycanlı silah mütəxəssisləri də öz töhfələrini verirlər. Çünki, ölkəmizin hərbi sənyesi müəssisələrində kifayət qədər savadlı və bacarıqlı mühəndislər fəaliyyət göstərir. Artıq əlaqələr elə səviyyəyə çatıb ki, hərbi ekspertlər Azərbaycanda Türkiyənin hərbi bazasının açılması dönəminin yetişdiyini bildirirlər.

Bu səbəblərdən mayın əvvəlində keçiriləcək təlimlər Azərbaycan-Türkiyə hərbi yaxınlaşmasında mühüm tədbir olacaq. Təsadüfi deyil ki, bu ölkələr arasında hərbi əməkdaşlığın bütün növləri haqda erməni KİV-ləri məlumatlar, şərhlər dərc edir və bu ölkənin rəhbərliyi dərhal qarşılıqlı tədbir kimi müəyyən işlər görməyə çalışırlar. Ermənistanın baş naziri Nikol Paşinyan may təlimlərinin qorxusundan dərhal Qarabağ danışıqlarında məsuliyyəti öz üzərindən atmağa çalışıb. O deyib ki, Ermənistanın heç bir rəhbərinin Qarabağ məsələsini təkbaşına həll etməyə ixtiyarı yoxdur, biz, millət və dövlət olaraq, Qarabağ məsələsinin həllini necə təsəvvür etdiyimizi aydın şəkildə müəyyənləşdirməliyik: “Bizdə bu mövzuda hələ ictimai müzakirələr olmayıb. Mən yeni baş nazir olarkən, sosial şəbəkələrdə kimsə, nəyisə sərf etdiklərini, digəri isə satdıqlarını yazırdı. Onlardan biri də yazırdı, elə indicə satıb qurtardılar. Danışıqlara kim gedirsə, ardınca belə söhbətlər gedir. Çünki Qarabağ məsələsini həll etmək üçün məni göndərdiyiniz zaman, siz birdəfəlik mənə demirsiniz ki, gedərsən və Qarabağ məsələsini bu cür həll edərsən”.

Paşinyan yaxşı başa düşür ki, Azərbaycan müharibəyə başlasa, Türkiyə tamaşaçı rolu oynamayacaq. Bu isə Azərbaycanın ikiqat qüvvə ilə hücum edəcəyi anlamındadır. Mütləq məğlubiyyət erməni baş naziri məsuliyyətdən qaçmağa vadar edir. O da bəri başdan işini ehtiyatlı tutmağa çalışır. Amma bundansa danışıqlar zamanı konstruktiv sülh təşəbbüsləri göstərsə, daha səmərəli olar və qarşı tərəfin ordusu qarşısında da qorxu-hürkü olmaz.

N.NOVRUZ

 

 


 

 

Sizin Reklam Yeriniz