news Image
2019.04.24
09:45
| A A A
Qarabağda antiterror əməliyyatları yenidən aktuallaşır
Natiq Miri: “Bu təhlükəni bəri başdan görüb artıq həyəcan təbili çalmaqla Ankara ilə Bakı preventiv qabaqlayıcı addımlar atmalıdır”

Suriyada ermənilərdən ibarət yeni terror qruplaşması yaradılmasına dair yeni məlumatlar yayılıb. Məsələ ilə bağlı “avropa.info” portalının məlumatına görə, qrupun tərkibində Ermənistandan Suriyaya gedən daşnak-ermənilər və Suriya ərazisində yaşayan bəzi erməni qruplar qoşulub.

PKK-nın tərkibində qurulan bu erməni qruplaşma terror təşkilatının Suriya qolu olan YPG-yə tabe olacaq.

Qeyd edək ki, ermənilər hər zaman terrora meylli olublar. Onların fəaliyyətində terror hərəkətləri hər zaman üstünlük təşkil edib. Bunu erməni terrorçularının ötən illər ərzində Azərbaycana və Türkiyəyə münasibətdə həyata keçirdiyi siyasətlərindən açıq şəkildə görmək olar. Ermənilər həm Azərbaycan xalqına qarşı, həm də Türkiyənin bir çox diplomatlarına münasibətdə dəfələrlə terror hadisələri təşkil ediblər.

Suriyaya gəldikdə hazırda bu ölkədə terrorçu dəstələri müxtəlif məntəqələrdə öz çirkin niyyətlərini həyata keçirməkdə davam edirlər. Bu mənada Suriya ərazisi indiki məqamda terrora meylli ermənilər üçün də öz çirkin niyyətlərini həyata keçirmək yolunda əlverişli məkan sayıla bilər.

Politoloq Natiq Miri bildirdi ki, PKK-nın patronajlığı altında ermənilərdən ibarət yeni terror qruplaşmasının yaradılması regionda terrorun daha da “çiçəklənməsinə” və təhlükənin daha da artmasına rəvac verə bilər: “Ermənilərin Suriyada terror təşkilatı yaratmaları əslində, yeni informasiya deyil. Çünki PKK bütün zamanlarda erməni terrorçuları ilə iç-içə olub. Bu gün Türkiyə dövlətinə qarşı terror  hadisələri törədən, bu ölkəni parçalamaq istəyən PKK terror təşkilatının 20 faizindən çoxu məhz ermənilərdən ibarətdir. Ona görə də PKK-nın öz tabeçiliyində ermənilərədn ibarət yeni terror təşkilatı yaratmalarında açığı, təəccüblü məqamlar yoxdur. Həm PKK-nın, həm də geosiyasi alət olaraq Qərb dünyası və Rusiyanın istifadə etdiyi həmin terror təşkilatlarından Türkiyəyə qarşı, eyni zamanda zaman-zaman ermənilərin maraqları çərçivəsində digər problemləri həll etmək üçün istifadə olunur. Bu da təbii ki, Azərbaycan dövləti üçün çox təhlükəli məqamdır.

Bilirsiniz ki, bu gün Azərbaycanın işğal olunmuş ərazilərində məhz Türkiyədən qaçıb ölkəmizin təcavüzə məruz qalan torpaqlarında sığınmış PKK terrorçuları da var. Onlar işğal olunmuş torpaqlarımızda yerləşməklə hərbi bazalar yaradır, hərbi təlimlər keçirlər. Həmçinin, işğal edilmiş ərazilərimizdə böyük narkotik plantasiyalarının salınması, habelə köhnə silahların Yaxın Şərqdə olan terrorçulara ötürülməsi, satılması kimi informasiyalar da vardır. Yəni Azərbaycanın işğal olunmuş torpaqlarından həm narkotrafik, həm də qanunsuz silah satışı yolunda qara dəlik olaraq istifadə olunur.  Bu prosesin içində təbii ki, PKK terrorçuları ilə bərabər, onlarla əməkdaşlıq edən erməni xüsusi xidmət orqanlarının əməkdaşları da vardır”.

Aydın məsələdir ki, ermənilər yaratdığı hər bir terror təşkilatından ilk növbədə Türkiyə və Azərbaycana qarşı istifadə edir. Bu mənada Suriyada yaratdıqları yeni terror qruplaşmasının Dağlıq Qarabağa yönəldiləcəyi də istisna deyil. Buna yol verməmək və terror təşkilatını beşiyindəcə boğmaq üçün isə Ankara ilə Bakı bir sıra qabaqlayıcı addımlar atmalıdır.

Həmsöhbətimiz də bu məqama toxunaraq qeyd etdi ki, Azərbaycanla Türkiyə həyəcan təbili çalmalıdır:

“Suriyada PKK ilə çiyin-çiyinə döyüşən ermənilərin həmin hərbi qruplaşmalarından Azərbaycan əleyhinə istifadə ediləcəyi heç kimə sirr deyil. Həmin terror qruplaşmalarının hər zaman Azərbaycan və Türkiyəyə təhlükə yaratdığı hər kəsə bəllidir. Bu gün yayılan informasiyalardan görünür ki,  həmin təhlükə hələ də Azərbaycan və Türkiyə dövlətləri üçün qalmaqda davam edir. Ona görə düşünürəm ki, işğal altındakı Azərbaycan ərazilərində PKK terrorçuları üçün konkret hərbi düşərgələrin salındığını Bakı Ankara ilə birlikdə  beynəlxalq müstəvidə qaldırmalıdır.

Bu təlim düşərgələrini dağıtmaq və terrorçuları zərərsizləşdirmək üçün BMT-nin verdiyi hüquqa uyğun olaraq Azərbaycanın işğal ərazilərində antiterror əməliyyatları keçirməsinə zəmin hazırlamaq lazımdır. Zənnimcə, məsələ ciddi şəkildə qoyulmalıdır. Əks təqdirdə, Suriya problemi həll olunduqdan və PKK Türkiyə və Şimali İraqdan sıxışdırılıb çıxarılandan sonra onların növbəti kütləvi yuvası Azərbaycanın işğal olunmuş əraziləri olacaq. Ona görə də bu təhlükəni bəri başdan görüb artıq həyəcan təbili çalmaqla preventiv qabaqlayıcı addımlar atmağa ehtiyac var. Bunu da qardaş Türkiyə ilə birlikdə Azərbaycan daha gur səslə beynəlxalq tribunalardan səsləndirməlidir”.

Rüfət NADİROĞLU