Əlaqə Arxiv
news Image
2019.04.25
10:00
| A A A
Ankara-Moskva yaxınlaşması İrəvanı oyundan kənar vəziyyətə salır
İlqar Vəlizadə: “Ankara-Moskva münasibətlərinin inkişafı fonunda İrəvanı qorxudan məqam Rusiya ilə Türkiyə arasında hərbi-siyasi əməkdaşlıq və yaxud bu əməkdaşlığın perspektividir” Fikrət Sadıqov: “Moskvanın Ankara ilə yaxınlaşması o deməkdir ki, Kreml Ermənistandan üz döndərir”

Türkiyənin Rusiyadan S-400 raketləri alması barədə qəti qərarı Ankara ilə Vaşinqton arasında ziddiyyətləri həddən artıq kəskinləşdirib. Bu fonda ABŞ Türkiyəni sanksiyalar tətbiq edəcəyilə hədələyir. Buna baxmayaraq, Türkiyə sözügedən raket kompleksini almaqda israrlıdır. Türkiyə hətta həmin raketləri yerləşdirəcək yerləri də açıqlayıb.

Türkiyə müdafiə naziri Hulusi Akarın sözlərinə görə S-400 ölkənin strateji vacib şəhərlərini, eləcə də İstanbul və Ankaradakı obyektləri qoruyacaq. Bu fonda ABŞ da Türkiyəyə F-35 təyyarələrini verməkdən imtia edəcəyini deyir. Bir sözlə, yaranmış vəziyyət onu deməyə əsas verir ki, Amerika-Türkiyə münasibətlərinin pozulması dönülməz xarakter almağa başlayır. Bu vəziyyətdə Moskva isə Türkiyə ilə daha sıx şəkildə yaxınlaşmaqda maraqlıdır. Kreml bu əlaqələrin siyasi, iqtisadi, hərbi, humanitar, mədəni sahələr olmaqla  bütün sferalarda inkişafını istəyir. Mövcud durumda aydın məsələdir ki, Türkiyə də buna məcburdur. Belə vəziyyətdə, erməni mediası həyəcan təbili çalır. Ermənistanı bu məsələdə qorxudan nədir?

Politoloq İlqar Vəlizadənin fikrincə, Moskva ilə Ankara arasında hərbi-siyasi əməkdaşlığın genişlənməsi fonunda İrəvanın təlaş keçirməsi sözügedən əlaqələrin Ermənistanın maraqlarına cavab verməməsindən qaynaqlanır:  “S-400 məsələsi, ümumiyyətlə, Ankara-Moskva münasibətlərinin inkişafı fonunda İrəvanı qorxudan məqam Rusiya ilə Türkiyə arasında hərbi-siyasi əməkdaşlıq və yaxud bu əməkdaşlığın perspektividir. Əslində, doğrudan da bu perspektiv ermənilər üçün qorxulu ola bilər. Çünki Rusiya ilə Türkiyə arasında hərbi-siyasi sahədə əməkdaşlığı ilk növbədə Moskvanın

Ermənistanda yerləşən qoşunlarının vəzifələrinin dəyişməsilə nəticələnə bilər. Ermənistanda yerləşdirilən Rusiya qoşunlarının əsas məqsədi bu ölkəni Türkiyə tərəfdən irəli gələn və mümkün olan risqlərdən qorumaqdır.

İndiki vəziyyətdə isə Ermənistanda yerləşdirilən qoşunların profili dəyişdirilə bilər. Onların əsas məqsədi  Türkiyədən gələn risqlərdən daha çox Yaxın Şərqdəki problemlərə yönəldilə bilər. Digər tərəfdən, Ermənistan hələ də fikirləşir ki, Azərbaycanla müharibə başlansa rus qoşunlarından müəyyən mənada öz məqsədləri üçün istifadə edə bilər. Ancaq rus qoşunlarından onların istifadə məsələsinin mümkünlüyü çox aşağı səviyyədədir. Erməni siyasiləri tez-tez iddia edir ki, Türkiyə qoşunları Naxçıvanda və Azərbaycanın digər əraziləruində yerləşdirilib. Bu əsasda da Rusiyadan mütəffiqliyə əsaslanaraq onlara qarşı hansısa addımlar atılmasını tələb edirlər. Ancaq Türkiyə-Rusiya hərbi-siyasi əməkdaşlığının inkişafı fonunda artıq ermənilər tərəfindən səslənən bu kimi çağırışların da heç bir mənası olmur. Belədə İrəvanın Rusiya qoşunlarından alət olaraq öz məqsədləri naminə istifadə etməsi çətin olacaq”.

Politoloq Fikrət Sadıxov düşünür ki, Moskva ilə Ankaranın yaxınlaşması ilə Ermənistan Rusiyadan

olan dəstəyi itirəcəyindən qorxur: “Rusiya Ermənistanın yaxın müttəfiqidir. Bu mənada Moskvanın Ankara ilə yaxınlaşması o deməkdir ki, Kreml Ermənistandan üz döndərir. Eyni zamanda, bu amil o deməkdir ki,

müttəfiqi olan Rusiya Ermənistanın düşmənçilik etdiyi Türkiyə ilə yaxınlıq edir. Nəinki yaxınlıq edir, hətta hərbi-texniki sahədə ciddi əməkdaşlıq gedir. Bundan əlavə, Rusiya ən müasir hərbi texnikasını Türkiyəyə satır. Bu da şübhəsiz ki, Ermənistanda müəyyən narahatlıq doğurmalı idi. Son zamanlar Moskva ilə İrəvan arasındakı münasibətlərin də gərginləşdiyini görürük. Bu mənada  Ankara ilə Moskva arasındakı hərbi-siyasi əməkdaşlıq şübhəsiz ki, Ermənsitanda vəziyyəti daha da gərginləşdirəcək. Nəticədə Ermənistanla Rusiya arasında olan gərginlik daha qabarıq şəkildə öz əksini tapacaq. Dünyada və regionumuzda geosiyasi vəziyyət dəyişir. Rusiya Ermənistanın deyil, öz maraqlarını üstün tutur. Buna görə də onlar üçün Ermənistanın sözügedən narahatçılığı heç bir problem yaratmayacaq”.

R. SOLTANOV

Sizin Reklam Yeriniz