news Image
2019.04.25
08:00
| A A A
Müxalifətin bədbəxtçiliyi…
Radikalların siyasi mübarizəsi anlaşılmaz qisas yoluna çevrilib

Problemsiz ölkə yoxdur. Azərbaycan da istisna deyil. Daim iqtisadi nailiyyətlər uğrunda mübarizə, əhalinin yaşayış səviyyəsinin durmadan yüksəldilməsi, yeni tərəfdaşlar tapmaq, günümüzlə səsləşən layihələr həyata keçirmək və sairə və ilaxır asan başa gələn məsələlər deyil. Bu işlər daim qarşıya problemlər çıxarır. Amma könül bulandırmır. Çünki, ölkə həyatının bir parçasıdır, təbiidir, məntiqidir, hətta sevindiricidir, ona görə ki, iş olan yerdə problem də olar. Ancaq elə problemlər var ki, heç bir məntiqə sığmır, insanda istehza və acı təəssüf hissi doğurur. Bu, bizim müxalifət dərdimizdir. Bəli, bu gün biz həsrətlə özümüzə sual verə bilərik ki, axı, bizim müxalifət niyə bu gündədir?

Kənardan baxanda sanki müxalifət və müxalifətçilər kifayət qədərdir. Ancaq hanı onların işi? Niyə sayını itirdiyimiz siyasi partiyalardan və təşkilatlardan xalqın işinə yarayan, onun güzəranını yaxşılaşdıran proqramlar və layihələr hökumətə təklif olunmur? Bir baxın, ölkə başçısı hər ay bir neçə dəfə, hətta bəzən iki gündə bir xalqın yanına gedir. Sözünü deyir, deyilən sözlərə diqqət edir, problemləri və təklifləri öyrənir, bəzən yerində, bəzən bir neçə gün sonra xeyirli nə deyilibsə, hamısı həyata keçir. Həqiqi müxalifət üçün gözəl nümunədir. Amma di gəl ki, “bizim” müxalifət elmi konsepsiya işləmək əvəzinə küçəyə çıxıb qara-qışqırıq salmağı üstün bilir. Bu da bir dərddir. Düşünəndə və maraqlananda ki, bunlar niyə belə edirlər, məcbursan baş verənlərin mahiyyətinə varasan. Haqqüçünə, müxaliflər və radikallar içində ən bərk bağıranı Əli Kərimli olsa da, o, qınanmalı deyil, çünki, gördüyü, aldığı müxaliflik tərbiyəsi elə bu cür olub. O müxalifətə qoşulmamışdı, sadəcə, hazırlanıb bir qrupun əlində kökə kimi ortaya atılmışdı. 30 il əvvəl sovet imperiyasının dağılmasını yəqinləşdirənlər onu atmışdılar ortaya ki, istifadə edib vəzifədən-filandan ələ keçirsinlər. Onun meydana gəlişi çığır-bağırla baş vermişdi. Elə o vaxtdan müxaliflik xəmiri necə yoğrulubsa, indi də eləcə gedir. Tək o deyil, çoxları belədir. Bədbəxtçlik də ondadır ki, bu adamlar ələ öyrədilmişlərdir. O vaxt yerli mafiozlara, onların kökü kəsiləndən sonra isə sahib axtarışına çıxıb xarici pozucu qüvvələrə söykəniblər.

Düşünmək olardı ki, Arif Hacılı uzun illər ərzində konstruktiv müxalifətçi kimi formalaşa bilərdi. Amma əfsus ki, o, bazarda yerxərci yığan “kiçik padşah” təfəkküründən o yana keçə bilməyib. Qəribə olan budur ki, elmlər doktoru adını daşıyan millişuraçı Cəmil Həsənli milliliyi və şuraçılığı səhv salaraq özünü müxalifət sayıb mitinqdə qışqırmaq davası aparır. Həqiqətən, təəccüblüdür ki, öz aralarında mitinq keçirmək uğrunda savaşanlardan hansı şuraçılığı gözləmək olar. Bu ki, antişuraçılıqdır! Hansını deyəsən, radikallar arasında dərman üçün bir nəfər xalq, vətən üçün yanan adam tapmaq olmur ki, heç olmasa onların gələcəyinə ümid bəsləyəsən.

Bu qrup müxalifətçilərin bədbəxtliyi ondadır ki, siyasətlə yox, siyasi alverlə məşğuldurlar. Yəni, pul əldə etmək üçün siyasi sifarişləri yerinə yetirirlər. Xaricdən verilən sifarişlər nə olacaq? Böhtan atmaq, xuliqanı siyasi məhbus kimi təqdim etmək, hökumətin işini qaralamağa çalışmaq, gəncləri antimilli ruhda tərbiyə etmək və sairə. Çünki, geostrateji maraqlar və Azərbaycanın var-dövlətindən nəsə qoparmaq üçün bu cür üsullar xarici siyasətçilərin oyun üslubudur. Radikallar da gözlərini yumub onların casusları rolunda çıxış etməkdən çəkinmirlər. Bəlkə buna görə pul qazanmaqlarından fəxr edirlər.

Ancaq, “yel dağdan nə apara bilər?” Yalnız toz-torpağı. Dağ isə öz əzəməti ilə yerində qalır. Azərbaycanı qoruyan xalqdır, xalq da onu məhv etmək istəyən radikalların cavabını verir. Onların üzdə olan siyasətçilərimizi, dövlət rəhbərlərimizi, onların ətrafında olanları şərləməsi yalnız özlərinin ifşasına yönələn faktlardır.

N.NOVRUZ