Əlaqə Arxiv
news Image
2019.05.15
10:00
| A A A
Azərbaycanın uğurları ölkəmizə qarşı olan ünsürləri daha çox qıcıqlandırır
Elşən Mirzəoğlu: “Xaricdəki bəzi dairələr Azərbaycanın müstəqil siyasət yürütməsini, getdikcə artan nüfuzunu həzm edə bilmirlər” Azər Həsrət: “Hər zaman öndə olanların, bu və ya digər uğura imza atanların arxasınca danışanlar olub”

Azərbaycan yenə qara piarla üz-üzədir. Xaricdəki Antizərbaycan qüvvələri yenidən ölkəmizə qarşı qərəzçilik, yalan uydurmaqla məşğuldurlar. Özü də onlar bu çirkin əməllərini ölkəmizdə keçirilən hansısa mühüm tədbirlər ərəfəsi daha da genişləndirirlər. Qeyd edək ki, mayın 29-da Bakıda Olimpiya Stadionunda futbol üzrə UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Bu idman yarışı olsa da, xaricdəki Azərbaycanı sevməyən qüvvələr ondan da öz çirkin məqsədləri naminə istifadə etməyə çalışırlar.

MDHP sədrinin müavini Elşən Mirzəoğlu bildirdi ki, ölkəmizdə baş tutan hansısa mühüm tədbirlər ərəfəsi Antizərbaycan qüvvələrinin yenidən Azərbaycana qarşı kampaniyaya başlamalarının arxasında ölkəmizin beynəlxalq miqyasda artan nüfuzundan onların əndişələnməsi dayanır: “Ölkəmizdə baş tutan mühüm tədbirlər ərəfəsində xaricdəki düşmən dairələr tərəfindən hədəf  seçilməsi Azərbaycanın iqtisadi gücü, inkişaf göstəricilərini dövlətimizin getdikcə artan beynəlxalq nüfuzunu həzm edə bilməyən antimilli qüvvələr və xaricdə onlara dəstək verən müəyyən dairələrin əməlidir.

Azərbaycanda beynəlxalq əhəmiyyətli, kütləvi xarakter kəsb edən, dünya və Avropanın diqqətini cəlb edəcək bu səpkili tədbirlərin keçirilməsi ərəfəsində ölkəmizə düşmən qüvvələrin fəallaşması və gerçəkdən təbliğat maşınını işə salmaları, bəzi hallarda bu qüvvələrin erməni lobbisilə bağlılığı, ermənilərlə iş birliyində olan ayrı-ayrı siyasətçilərin dəstəyi məhz bu ərəfələrə təsadüf edir. Xaricdəki həmin dairələrin anti-Azərbaycan siyasəti yürütməsinin səbəbləri də bəllidir.

Azərbaycan müstəqil siyasət yürüdür, bölgənin lider dövlətidir. Avropanın enerji təhlükəsizliyində rolu getdikcə artır. Beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycanın artmaqda olan rol və imkanlarını hətta dünya gücləri də etiraf edirlər. Azərbaycanla razılaşdırılmadan bölgədə bu və ya digər geoiqtisadi layihələri həyata keçirmək mümkün deyil. Bütün bunlar da Azərbaycanın inkişafı, bölgədəki imkanlarının artmasını istəməyən, gözü götürməyən qüvvələrin ciddi şəkildə narahat edir.

Təəssüf ki, Azərbaycan daxilində də milli maraqlara qənim kəsilən qüvvələr də xaricdəki bu dairələrlə iş birliyindədirlər. Həmin qüvvələr də bununla xaricdəki məlum dairələrin dəyirmanına su tökürlər. Məqsədləri da xaricdəki dairələrin sifariş etdiyi musiqiyə oynamaq, qrant davasıdır. Bütün bunlar bütövlükdə baş verən hadisələrin kökündə dayanan geosiyasi, geoiqtisadi amillər sırasına aid edilə bilər”.

Siyasi şərhçi Azər Həsrət də qeyd etdi ki, anti-Azərbaycan ünsürlərini Azərbaycanın uğurları qıcıqlandırır: “Hər zaman öndə olanların, bu və ya digər uğura imza atanların  arxasınca danışanların çox olduğunun şahidi olmuşuq. Azərbaycan da özünün iqtisadi-siyasi, ordu quruculuğu sahəsində ciddi uğurlara imza atıb, beynəlxalq platformalarda daim diqqət mərkəzində olub. Məhz öndə olmağımızla bağlı olaraq ara-sıra anti-Azərbaycan ünsürləri belə əndişələnirlər.

Azərbaycana qarşı olan qüvvələr hər fürsətdən hər zaman istifadə etməyə çalışıblar. Onlar istənilən məsələdə Azərbaycanı günhalandırmağa hazırdırlar. Hətta ağlımıza gəlməyən ən absurd iddialarla belə.

Qeyd etdiyimiz kimi Azərbaycan həmişə öndədir, beynəlxalq platformalarda ciddi ölkə kimi qəbul edilir. Bu fonda da Azərbaycana qarşı olan qüvvələr həmin prosesdən narahat olurlar. Ona görə də üzərimizə bu cür hücumlar təşkil edirlər. Amma hər zaman olduğu kimi yenə də heç bir nəticə əldə etməyəcəklər”.

R. SOLTANOV

 

Sizin Reklam Yeriniz