news Image
2019.05.15
10:15
| A A A
ABŞ-İran savaşı neft qiymətlərini yerindən oynadır
İlham Şaban: “ABŞ-la İran arasında hazırda gərginləşən münasibətlər fonunda neftin qiymətində sıçrayışların baş verdiyini artıq görürük”

ABŞ-la İran arasında gərginlik daha kəskin xarakter almağa başlayıb. Belə ki, İranın nüvə sazişi müqaviləsində bağladığı bəzi müddəalardan imtina etməsi fonunda ABŞ Fars körfəzi sahillərinə özünün nüvə raketləri daşıyan təyyarələrini, döyüş gəmilərini  göndərib. u aradan BƏƏ-ə məxsus neft tankerləri partladılıb. Mayın 12-də BƏƏ-nin tərkibinə daxil olan Əl-Fuceyrə əmirliyinin limanında partlayış nəticəsində Səudiyyə Ərəbistanının iki neft tankeri, Şarca əmirliyinin bayrağı altında üzən Norveçin bir yük gəmisi və bir tankerində partlayış olub.  BƏƏ rəsmilərinin açıqlamalarına görə, burada İranın diversiya qrupunun əli var. Həmin məsələni araşdıran ABŞ mütəxəssislərinin ilkin qərarına görə, hadisə partlayıcılar vasitəsilə törədilib. Bu olayın özü də ABŞ-la İran arasında ziddiyyətlərin kəskinləşməsinə rəvac verir. Vaşinqtonla Tehran arasındakı bu gərginlik fonunda müharibənin başlaya biləcəyi ehtimalı da irəli sürülür. Belə bir vaxtda  “The New York Times” qəzeti Pentaqondakı və Ağ Ev administrasiyasındakı mənbələrə istinadən bildirir ki, ABŞ İranı “çəkindirmək” üçün Yaxın Şərq regionuna 120 minlik kontingent də göndərməyə hazırlaşır. Qəzetin yazdığına görə, müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahan ötən həftə Yaxın Şərq regionuna 120 min hərbçinin göndərilməsini nəzərdə tutan planı təqdim edib. Ölkənin milli təhlükəsizliyi üçün məsuliyyət daşıyan məmurların sözlərinə görə, yeni plan prezidentin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonun təzyiqi altında hazırlanıb. Qəzetin məlumatına görə, planda açıqlanan hərbi qulluqçuların sayı görüşdə olanlardan bir çoxunu şoka salıb, çünki 2003-cü ildə İraqa müdaxilədə təxminən bu qədər Amerika hərbçisi iştirak edirdi.

ABŞ-la İran arasında müharəbinin başlanması isə bir çox fəlakətlərlə yanaşı, aydın məsələdir ki, neftin qiyməti məsələsinə də öz təsirini göstərəcək. İranın aparıcı neft ölkələrindən biri olduğunu nəzərə alsaq, müharibə “qara qızıl”ın qiymətinin kəskin bahalaşmasına gətirib çıxara bilər.

Neft və qaz məsələləri üzrə mütəxəssis İlham Şabanın fikrincə, İranla ABŞ arasında yaşanan gərginlik müharibə ilə nəticələnsə, bu vəziyyət ancaq bir müddət ərzində nefqin qiymətinin bir qədər qalxması ilə müşayiət olunacaq, kəskin bahalaşma isə gözlənilmir: “ABŞ-la İran arasında hazırda gərginləşən münasibətlər fonunda neftin qiymətində sıçrayışların baş verdiyini artıq görürük. Ancaq bu, qısamüddətli sıçrayışdır. 

BƏƏ-ə aid tankerlə bağlı insident, habelə ABŞ-la Çin arasındakı iqtisadi müharibə, bu istiqamətdə danışıqların proqnozlaşdırıldığı kimi başa çatmadığının élan olunması ilə yaşanan vəziyyət neft bazarlarında da öz əksini tapıb. Birjalar dərhal ona reaksiya verib, nəticədə neftin qiymətində 72 dollaradək artımı müşahidə etdik. Ancaq proses qızışdırıcı element kimi özünü göstərsə də, sonrakı tendensiya səngiyərək əvvəlki məcraya qayıtdığından xəbər verir. İndi neftin qiyməti əvvəlki kimi, 72,7 deyil, 70,5 dollardır. Bu da qığılcımın, qızışdırıcı elementlərin çəkilməsinin nəticəsidir.

Ancaq istənilən halda İran faktoru neftin qiymətilə bağlı məsələdə qızışdırıcı element olaraq qalacaq. Aprel ayının 5-dən başlayaraq neftin qiyməti 70 dollardan aşağı düşmür. Aprelin 19-da ABŞ Adminstrasiyası élan etdi ki, mayın 2-dən başlayaraq İrana qarşı yeni sanksiyalara start veriləcək. Bu sanksiyalar da İranın dəmir, alüminium, mis istehsalına yönəldildi.

İndiki məqamda neftin qiyməti 70-75 dollar dəhlizindədir. Bazar üçün də bu kifayət qədər yüksək qiymət hesab edilir.  İqtisadiyyatı neftlə bağlı olan ölkələrin OPEK-də cəmləşdiyini nəzərə alsaq, həmin ölkələrin rəsmiləri 65-70 dolların ədalətli qiymət olduğunu dəfələrlə qeyd ediblər. Onlar da məhz bu dəhliz üçün mübariəz aparırdılar. Aprelin əvvəlindən isə neftin qiyməti digər dəhlizdədir. Bu da onlar üçün əlavə dividentdir. Ancaq bu qiyməti bazar deyil, qızışdırıcı elementlər yaradıb. Bu faktlar aradan qaldırılarsa, neftin qiymətində enişlər müşahidə edilə bilər, qiymət 65-70 dollar dəhlizində formalaşar. 

Konkret olaraq İranla ABŞ arasında müharibə alovlansa, bir həftə ərzində neftin qiyməti ola bilər, 80 dollara yüksəlsin. Ondan sonra qiymət yenidən enəcək. Suriyada 8 ildr ki, müharibə gedir. Burada müharibə başlayanda neftin qiyməti 20 dollar bahalaşdı. Sonradan isə insanlar buna öyrəşdi və neftin qiymətində kəskin sıçrayışlar olmadı. Eləcə də İranla ABŞ arasında müharibə başlasa, birjalar da prosesə anoloji reaksiya verəcək”.   

Rüfət NADİROĞLU