news Image
2019.05.16
09:34
| A A A
Avropada Paşinyan gülünc duruma düşdü
“Şərq Tərəfdaşlığı” sammitinin “ailəvi” fotosunda Ermənistanı heçə saydılar

“Şərq Tərəfdaşlığı”nın 10 illiyinə həsr edilən sammitdə iştirak edən ölkə liderlərinin fotosu gülüş obyektinə çevrilib. Gülüşə səbəb Ermənistan Baş naziri Nikol Paşinyanın fotoda yeri olub. Belə ki, Şərq Tərəfdaşlığı və AB liderlərinin birgə çəkdirdiyi xatirə fotosunda Ukrayna Prezidenti Pyotr Poroşenkonun arxasında dayanan Paşinyan görünməyib.

Rəmzi olaraq, ölkənin baş nazirinin dəstə içərisində olsa da görünməməsi cırtdan Ermənistanın hazırkı iqtisadi-siyasi durumunu aydın əks etdirir. Çünki, belə vəziyyətdə görünməkdənsə, görünməmək yaxşıdır. Lakin foto Avropa Birliyinə aid rəsmi saytlardan birində yerləşdirildikdən dərhal sonra Ermənistan tərəfinin kəskin etirazına səbəb olub. Ermənistanın “Past” qəzeti Paşinyanla bağlı belə fotonun qəsdən çəkildiyini və yayımlandığını iddia edib. Qəzet AB-nin bununla Paşinyanın Brüsseldəki siyasi tədbirlərdə iştirak etməməsinə reaksiya verdiyini bildirib. AB-nin mesajının Paşinyana yox, birbaşa Ermənistan dövlətinə və onun xarici siyasətinə ünvanlandığı vurğulanıb. Təbii ki, etirazlardan sonra foto saytdan silinib və bununla həqiqətən Paşinyanın biabırçı duruma düşdüyü təsdiqlənib.

Fotonun qəsdən belə çəkilməsi, yaxud onun fotomontaj edilməsi barədə əldə məlumat yoxdur. Ancaq bütün hallarda belə bir görüntünün ciddi siyasi və iqtisadi məna daşıdığı şəksizdir. Bəli, beynəlxalq birlik içərisində Ermənistan adlı dövlətin varlığı yoxluğuna bərabərdir. Bu ölkə hökumətinin əməlində yalandan və saxtakarlıqdan başqa heç bir iş yoxdur. İqtisadi cəhətdən ölkə ağır vəziyyətdədir. Bu səbəbdən ölkədə demoqrafiya ciddi şəkildə pozulub. Ölüm halları artır, doğulan körpələrin sayı isə durmadan azalır. Əhali bir tikə çörək üçün Rusiyaya üz tutur. İndi xaricdə Ermənistanı “qasterbayterlər ölkəsi” adlandırırlar. Xarici investisiyalar isə yox dərəcəsindədir. Yalnız ianələr olur ki, bunun da minnəti səfasından çoxdur və heç bir perspektiv vəd etmir.

Siyasi cəhətdən Ermənistanı dövlət adlandırmaq da gülüş doğurur. Çunki, adı dövlət olan bu ölkənin hamilərsiz heç bir sözü keçmir. Əvvələn, Ermənistana böyüklük eləyənlər çoxdur, ikincisi də ermənilər bir neçə nəfərə eyni zamanda qulluq göstərməyə yaman maraq göstərirlər. Sanki, xəmirləri nökər olmaqdan yoğrulub.

Bu səbəblərdəndir ki, Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ-ın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Linn Treysinin bu günlərdə keçirilmiş görüşü qalın buludların kölgəsində keçib. Hökumətdəki özəl mənbələrinə əsasən “Qraparak” qəzeti yazır ki, “Ermənistan Nazirlər Kabineti başçısının Amerika əleyhinə son iki bəyanatı və maliyyə yardımından daim narazılıq etməsi amerikalıların “kefinə soğan doğrayıb”. Paşinyan da öz növbəsində bildirib ki, amerikalılar daha çox yardımçı ola bilərdilər. Vəziyyəti düzəltmək üçün Hökumət Vaşinqtona müxtəlif səviyyəli bəzi məmurları göndərməyə qərar verib”.   

İndi Rusiya və Qərb hamiləri arasında vurnuxan Ermənistan Azərbaycanın həmlələrinə də məruz qalır və təbii ki, cavab verə bilmir. “Şərq Tərəfdaşlığı”nın sonuncu sammitində məhz Azərbaycanın işə qarışması sayəsində ölkəmizin tələbinə cavab verməyən 3 sənəd qəbul edilməyib. Ölkəmizin, nüfuzu, beynəlxalq çəkisi, inteqrasiya proseslərində fəal və təşəbbüskarlıq etməsi, transmilli layihələrin həyata keçirilməsində baş rollarda olması onun ədalətsiz qərarları əngəlləməsinə imkan verir. Bu fonda sammitin “ailəvi” fotosunda Paşinyanın görə görünməməsi normal qəbul edulməlidir, çünki, “hər kəs ayağını yorğanına görə uzadır”.

N.NOVRUZ