news Image
2019.05.16
10:25
| A A A
BMT-də Qarabağ münaqişəsi ilə bağlı yeni sənəd
Asim Mollazadə: “BMT-də bu sənədin qəbulu ən azından Dağlıq Qarabağ münaqişəsinin çözülməsi prosesinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edə bilər” Məhəmməd Əsədullazadə: “BMT-nin sözügedən sənədi qəbul etməsi işğalçı üzərində təzyiq imkanlarımızı genişləndirəcək, ATƏT-in Minsk qrupu çərçivəsində daha geniş söz sahibi olmağımıza gətirib çıxaracaq”

Bu gün belə bir fikir getdikcə daha çox hakim olmağa başlayır ki, BMT çərçivəsində Cənubi Qafqazda vəziyyət barədə yeni sənədin qəbul edilməsi vacibdir. Hesab olunur ki, bu sənəddə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə qətnamələr əks olunmalıdır ki, danışıqlar prosesinə yeni təkan verilsin. Qeyd edək ki, artıq bir müddət əvvəl BMT Mərkəzi Asiya üzrə belə sənəd qəbul edib. 

Hesab edilir ki, Cənubi Qafqaz üzrə də analoji sənəd qəbul edilməlidir və bu sənəd ATƏT Minsk qrupunun həmsədrlərinə də təsir göstərə bilər.

Onu da qeyd edək ki, 1993-cü ildə BMT-də Dağlıq Qarabağ münaqişəsilə bağlı 4 qətnamə qəbul edilib. Amma bu günə qədər də həmin qətnamələr  icra olunmayaraq kağız üzərində qalmaqdadır. Bütün hallarda BMT Mərkəzi Asiyada vəziyyətlə bağlı sənəd qəbul edibsə, anoloji sənədi istək olsa Cənubi Qafqazla bağlı da qəbul edə bilər. BMT-də belə sənədin qəbulu mükündürmü və bu baş verərsə Dağlıq Qarabağ münaqişəsinin gedişinə necə təsir edə bilər?

Milli Məclisin deputatı Asim Mollazadə sözügedən istiqamətdə BMT çərçivəsində yeni sənədin qəbulunu mümkün hesab etdi: “Düşünürəm ki, BMT Baş Assambleyasında Cənubi Qafqazda vəziyyətlə bağlı sənəd qəbul edilə bilər. Ancaq bu da yalnız tövsiyə xarakterində olan  sənəd olacaq. Çünki qurumda icra səlahiyyətlərinə BMT-nin Təhlükəsizlik Şurası malikdir. İnanmıram ki, Təhlükəsizlik Şurasında belə sənəd qəbul edilsin. Lakin Assambleya onu qəbul edə bilər.

Azərbaycan Gürcüstanla birlikdə belə bir sənədin qəbuluna çalışmalıdır. Beynəlxalq ictimaiyyəti məhz Cənubi Qafqazdakı işğal siyasətinə, beynəlxalq hüquq normalarının pozulduğuna inandırmalıdır. Düşünürəm ki, BMT-də bu kimi sənədin qəbulu ən azından Dağlıq Qarabağ münaqişəsinin çözülməsi prosesinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edə bilər”.

Politoloq Məhəmməd Əsədullazadə də BMT çərçivəsində Cənubi Qafqazda vəziyyətlə bağlı yeni sənədin qəbul edilməsini mümkün saydı: “BMT-nin ərazi münaqişələrilə bağlı tutduğu mövqe əsasən beynəlxalq hüquq müstəvisi çərçivəsində öz əksini tapır. Bu mənada sözügedən qurumda Mərkəzi Asiyada vəziyyətlə bağlı qəbul edilən sənədin ardınca, Cənubi Qafqazla bağlı da anoloji sənədin qəbulu sözsüz ki, ədalətli olardı. Ona görə də düşünürəm ki, BMT-nin Cənubi Qafqazla bağlı da belə bir sənəd qəbul etməsi mümkündür.

Onun qəbulu Azərbaycanın marağına cavab verir. Ermənsitanın Azərbaycana təcavüzü nəticəsində 20 faiz torpaqlarımız işğal olunub. Bu barədə BMT vaxtilə 4 qətnamə qəbul edib. Həmin qətnamələrdə də Azərbaycanın ərazi bütövlüyü qəti şəkildə təsdiqlənirdi. Bu qətnamələrdə işğal faktoru, həmçinin Dağlıq Qarabağın Azərbaycan ərazisi olması faktoru göstərilib.

Təbii ki, BMT-nin Cənubi Qafqazda vəziyyətlə bağlı yeni sənəd qəbul etməsi Dağlıq Qarabağ konfliktinin həlli prosesinə də müsbət təsir göstərə bilər. Bildiyiniz kimi, ara-sıra fasilələrlə müşayiət olunsa da, Dağlıq Qarabağ problemi ətrafında danışıqlar davam etdirilir. Moskvada münaqişə tərəflərinin liderləri arasında görüş olub. Bu istiqamətdə xarici işlər nazirləri səviyyəsində növbəti görüşün ABŞ-da olacağı gözlənilir. Hətta erməni tərəfi qeyd edir ki, Azərbaycan Prezidentilə Ermənistan baş naziri arasında növbəti görüş də keçirilə bilər. Belə bir görüş payız aylarında ola bilər. Bu görüş ərəfəsində BMT-nin Cənubi Qafqazda vəziyyətlə bağlı qətnamə qəbul etməsi təbii ki, Azərbaycana beynəlxalq hüquq çərçivəsində daha geniş müstəvidə hərəkət etməyə, Ermənistan üzərinə getməkdə yeni təzyiq rıçaqları əldə etməyə imkan vermiş olacaq. Hazırda Azərbaycan regionun ən güclü dövlətidir. Ölkəmiz hərbi cəhətdən də güclü üstünlüyə malikdir. Belə bir situasiyada BMT-nin sözügedən qətnaməni qəbul etməsi münaqişə ilə bağlı əvvəl qəbul edilən 4 qətnaməyə əlavə hüquqi presedent verəcək,  işğalçı üzərində təziq imkanlarımızı genişləndirəcək, ATƏT-in Minsk qrupu çərçivəsində daha  geniş söz sahibi olmağımıza gətirib çıxaracaq. BMT-nin bölgəmizdəki münaqişələrə diqqət ayırması görünür, onun da narahatlıq keçirməsindən və problemin həllində yaxından iştirak etməsi istəyindən qaynaqlanır”.

Rüfət NADİROĞLU