Əlaqə Arxiv
news Image
2019.05.18
10:00
| A A A
ABŞ diplomatından mühüm Qarabağ açıqlamaları
Natiq Miri: “Səfirin bu açıqlaması Vaşinqtonda baş tuta biləcək görüş ərəfəsi müsbət impuls yaratmağa hesablanmış addımdır”

“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı müsbət siqnallar var”. Bu barədə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi deyib.

Onun sözlərinə görə, Vaşinqton ATƏT-in Minsk qrupu çərçivəsində Avropadakı tərəfdaşları və Rusiya ilə işləməyə hazırdır. “Son aylar görünür ki, münaqişənin həlində irəliləyiş əldə etmək mümkündür. İki ölkə rəhbərlərinin görüşləri, cəbhədə gərginliyin azalması, dialoqun davam etdirilməsi ilə bağlı razılaşmalar. Bütün bunlar münaqişənin həlli ilə bağlı müsbət siqnallardır”.

Qeyd edək ki, son zamanlar ATƏT-in Minsk qrupunda təmsil olunan 3 həmsədr ölkədən ikisi, ABŞ və Rusiyada Dağlıq Qarabağ konfliktinin nizamlanması istiqamətində müsbət proseslərin getdiyinə dair fikirlər əvvəlki dövrlərə nisbətən indi mütəmadi şəkildə səslənməyə başlayıb. Sanki hər iki tərəf, həm Vaşinqton, həm  də Moskva bir-birilə münaqişənin həllində yarışırmış kimi son dövrlər belə fikirləri gündəmə gətirirlər.  Xatırladaq ki, tərəflər arasında bu yaxınlarda Rusiyada baş tutan görüş ərəfəsində də şimal ölkəsinin bəzi rəsmiləri və politoloqları tərəfindən anoloji fikirlər gündəmə gətirilmişdi. İndi isə gözlənilən görüş ərəfəsində ABŞ rəsmilərindən də anoloji açıqlamaların verildiyinin şahidi oluruq.  

ABŞ-da gözlənilən görüş ərəfəsində səfirin bu açıqlamaları nədən xəbər verir? Münaqişənin həllində hansısa irəliləyiş mümkündürmü? 

Politoloq Natiq Mirinin fikrincə, ABŞ səfirinin belə açıqlamaları bir tərəfdən Vaşinqtonda münaqişə tərəfləri arasında gözlənilən görüş ərəfəsi nəbzi yoxlamaq, digər tərəfdən də Moskvanı qıcıqlandırmaq məqsədi daşıyır: “ABŞ-ın Ermənistandakı səfinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində müsbət siqnalların olması barədə açıqlaması bir növ Vaşinqtonda münaqişə tərəfləri arasında baş tuta biləcək görüş üçün müsbət impuls yaratmağa hesablanmış addımdır. İkinci bir tərəfdən, sözügedən bəyanat bu məsələdə həddən artıq maraqlı görünən və Vaşinqtonda ola biləcək görüşdən əndişələnən, münaqişənin yaranmasında əsas rol oynayan tərəf  olan Rusiyanı qıcıqlandırmaq üçün verilən açıqlamadır. Amma bütün hallarda ABŞ səfirinin həmin açıqlaması  gözlənilən görüşdə konkret hansısa siyasi nəticələrin olacağına işarə deyil. Çünki bunun üçün ortada hansısa bir ciddi dəyişiklik ortalıqda yoxdur.

Münaqişə tərəfləri olan Azərbaycanla Ermənistan arasında diametral olaraq həddən böyük ziddiyyət var. Hansı ki, bu ziddiyyət fonunda hər hansı bir yaxınlaşma hələlik mümkün olmayıb.  Hər hansı ciddi siyasi nəticənin olması üçün münaqişə müəyyən predmetlər üzrə müzakirə olunmalıdır. Ancaq Ermənistan hökumətinin  başçısı Nikol Paşinyan hələlik buna hazır deyil”.

Həmsöhbətimiz Vaşinqton görüşündə də siyasi nəticə əldə ediləcəyinə inanmır:  “Paşinyan daha çox atəşkəsin təmin edilməsi, bu yöndə müəyyən zəmanətin olmasını, hətta Qarabağın separatçı rejiminin danışıqlarda müstəqil subyekt olaraq iştirak etməsini tələb edir. Bu yöndə də bəzi humanitar xarakterli addımların atılmasını istəyir. Bu istəklər isə Paşinyanın növbəti dəfə zaman qazanmaq istəyindən qaynaqlanır. Azərbaycan təbii ki, bunlara razı olmayacaq. Azərbaycan 26 ildən artıqdır ki, belə baş qatmaq prosesilə üz-üzədir. Belə olan təqdirdə bundan sonra Azərbaycanın zaman itirmə imkanları yoxdur. Ona görə düşünürəm ki,  ABŞ-da deyilən görüş baş tutarsa, burada Rusiyada olduğu kimi hər hansı bir siyasi nəticənin əldə olunacağını gözləmək doğru deyil. Bunun baş verməsi üçün Ermənsitan tərəfi ciddi müzakirələrə və ciddi siyasi qərarlar verməyə  hazır olmalıdır. Ancaq indilikdə bu mühit Paşinyanü üçün mövcud deyil. Çünki Paşinyanın Dağlıq Qarabağdakı qondarma rejimilə müəyyən problemləri var. Ona görə də Qarabağ cəbhəsində istənilən an hər hansı bir hərbi təxribatın olması ehtimalı böyükdür.

Ikinci bir tərəfdən, Paşinyan daxildə xalqına verdiyi vədlərin yerinə yetirilməsi istiqamətində ciddi addımlar ata bilmədiyi üçün münaqişənin həlli istiqamətində də ciddi güzəştlərə getmək imkanında deyil. Ermənistan cəmiyyətinin özü də hələ ki millətçi notlara söykənməkdə davam edir. Onlar münaqişənin həllində güzəştlərə hazır kimi görünmürlər. Bu da Paşinyan üzərində ciddi təzyiqlər yaradır. Prosesdə Rusiya amili də unudulmamalıdır. Paşinyan inqilabla hakimiyyətə gəlsə də, Sarkisyan dövründə olduğundan heç də az olmayaraq bu gün də Rusiya orbitində fırlanmaqda davam edir. Bu vəziyyət mövcud olduqca onun Rusiyanın siyasi iradəsindən  kənar müstəqil qərar verməsi mümkün görünmür. Ona görə də Vaşinqtonda görüş olsa da, onun heç bir siyasi nəticəsi olmayacaq. Birmənalı olaraq bunu demək olar. Çünki bunun üçün üfiqdə heç bir görüntü yoxdur”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz