Əlaqə Arxiv
news Image
2012.05.04
13:26
| A A A
ABŞ-dan Qarabağla bağlı yeni müharibə xəbərdarlığı gəldi
«Bunun baş verməməsi üçün ABŞ və onun müttəfiqləri Dağlıq Qarabağ münaqişəsində dönüşə nail olmaq istiqamətində səylərini artırmalıdırlar»

Azərbaycanın əsas problemi olaraq qalmaqda davam edən Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəvidə həll oluna biləcəyinə dair okeanın o tayından növbəti xəbərdarlıq gəlib.

Burada hesab olunur ki, əgər diplomatik müstəvidə Dağlıq Qarabağ konfliktinin həlli istiqamətində zəruri addımlar atılmasa, onda Azərbaycan ərazi bütövlüyünü güc yolu ilə bərpa etmək məcburiyyətində qalacaq. Məsələ ilə bağlı mövqeyini açıqlayan ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza da vur- ğulayıb ki, Azərbaycan ATƏT-in Minsk qrupuna etibarını itirdiyi təqdirdə hərbi müdaxiləni nəzərdən keçirə bilər: "Bunun baş verməməsi üçün ABŞ və onun müttəfiqləri Dağlıq Qarabağ münaqişəsində dönüşə nail olmaq istiqamətində səylərini artırmalıdırlar".

ABŞ-ın Cənubi Qafqaza yönəlik siyasətindən bəhs edən Metyu Brayza bu siyasətin 3 strateji marağa - təhlükəsizlik, enerji və daxili islahatlara söykəndiyini bildirib. Onun sözlərinə görə, ABŞ Dövlət Departamentində çalışanlar bu istiqamətdə iş apardıqlarını, region ölkələri isə aparılmadığını düşünür. Cənab Brayza Rusiyanı nəzərə almadan Cənubi Qafqazda siyasət formalaşdırmağın mümkünsüz olduğunu da bildirib və regional təhlükəsizlik məsələsində Dağlıq Qarabağ münaqişəsinin ciddi təhdid yaratdığını diqqətə çatdırıb: "Azərbaycan Dağlıq Qarabağda hərbi münaqişə niyyətində deyil. Azərbaycan hökumətinin ən böyük prioriteti iqtisadi islahatları gücləndirməkdir. Regionlarda inkişaf paytaxtdakı kimi olmasa da hiss olunandır. Hazırda Azərbaycan hökumətinin Dağlıq Qarabağda müharibəyə başlaması və ya aparması məntiqə uyğun deyil".

Lakin sabiq səfir deyir ki, Azərbaycan diplomatik yolda inkişaf olmadığı təqdirdə hərbi yolun masa üzərinə çıxa biləcəyini nəzərə alaraq ordusunu gücləndirməkdədir. Cənab Brayzanın sözlərinə görə, hadisələrin bu səpkidə inkiaşf etməməsi üçün Vaşinqton Qarabağ konfliktinin çözümündə fəallığını artırmalıdır. Keçmiş səfir Azərbaycanın enerji sektorunda ABŞ-ın da mövcudiyyətinin çox az olduğunu və hətta "Şahdəniz" layihəsində heç bir Amerika şirkətinin iştirak etmədiyini də rəsmi Vaşinqton üçün qüsurlu hal sayıb.

Rusiya və MDB üzrə araşdırmalar proqramının rəhbəri Aleksandr Rar hesab edir ki, əslində, Birləşmiş Ştatların Cənubi Qafqaz regionunda maraqları var və rəsmi Vaşinqton münaqişənin həllində səylərini artırmaq niyyətindədir. Onun sözlərinə görə, bu gün Minsk qrupu ölkələri arasında Birləşmiş Ştatların və Rusiyanın fəallığı müşahidə olunur. Laikn bu 2 ölkə arasında da maraqlar üst-üstə düşmədiyindən münaqişənin həlli yubanır. Ekspertin sözlərinə görə, Cənubi Qafqaz regionu yalnız Minsk qrupu yox, həm də Avropa İttifaqı üçün də maraqlıdır: "Avropa İttifaqı Minsk qrupu vasitəsilə regiona təsir gücünü artırmağa üstünlük verir. Bu vaxta qədər Avropa İttifaqı münaqişə zonasından Ermənistan qoşunlarının çıxarılmasını tələb etməyib. Buna səbəb qurumun tərəflərin özünün iradəsi və istəyilə münaqişənin sülh yolu ilə həllinə nail olmaq niyyətidir. Birlik istəyir ki, tərəflər özləri razılığa gəlib problemi həll etsinlər. Amma hələlik vasitəçilər olmadan dialoq qurmaq çətin olduğundan münaqişənin Arvopa İttifaqının istəyinə uyğun həll ediləcəyi real deyil". Bununla belə, ekspertin sözlərinə görə, bu gün Cənubi Qafqazdakı mövcud durum Arvopa İttifaqında o qədər də ciddi müzakirə mövzusu deyil. Qurum sadəcə, enerji maraqlarının təminatında önəmli rol oynayan regionda sabitliyin tərəfdarıdır.

Ancaq Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyəcəyi təqdirdə ölkəmizin beynəlxalq hüquq normalarına uyğun olaraq müharibəyə başlaması bu sabitlikdən heç bir əsər-əlamət qoymayacaq. Belə vəziyyət isə regionda böyük enerji və digər maraqları olan Qərb dövlətləri üçün də sərfəli deyil. Lakin Qərb üçün yarana biləcək problemin miqyası təkcə bununla məhdudlaşmır. Söhbət ABŞ və Avropanın Qarabağ münaqişəsinin həllində qəti mövqe sərgiləməyəcəkləri təqdirdə Azərbaycanın Qərbmeylli siyasi kursdan imtina etməsindən gedir. Bu günlərdə rəsmi Bakı qeyd olunan səpkidə açıq mesaj verib. Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib ki, Azərbaycan qonşu Ermənistanla Dağlıq Qarabağ münaqişəsi məsələsində daha geniş dəstək almayacağı təqdirdə, Qərbyönümlü mövqeyini yenidən nəzərdən keçirə və "yeni blok"a daxil ola bilər. Onun sözlərinə görə, rəsmi Bakı işğalçı qoşunların Dağlıq Qarabağ ətrafındakı Azərbaycan rayonlarından çıxarılması məsələsində Avropa və ABŞ-ın Ermənistana təzyiq göstərməsini istəyir.

Məmmədov deyib ki, Azərbaycan artıq başqa siyasi ittifaqa qoşulmaq təklifi alıb: "Biz hazırkı məqamda bu təklifləri qəbul etməmişik. Lakin belə davam edərsə, biz bu təklifləri 5-10 il ərzində qəbul edə bilərik. Biz Qərbdən Dağlıq Qarabağ məsələsində dəstək gözləyirik". Məmmədovun sözlərinə görə, Azərbaycan taleyini Qərblə bağlayan yeganə dünyəvi müsəlman ölkəsidir. Bununla yanaşı, o qeyd edib ki, NATO-nun Əfqanıstana bütün tədarüklərinin təqribən 35 faizi Azərbaycandan tranzitlə həyata keçirilir: "Lakin biz buna cavab olaraq müsbət münasibət görmürük".

Səməd CƏFƏROV

Sizin Reklam Yeriniz