news Image
2019.05.23
08:42
| A A A
Erməni futbolçu üzərində qurulan ucuz təbliğat da fiaskoya uğradı
Henrix Mxitaryansız “Arsenal” futbol oynaya bilməyəcəksə, onda daha nəyi arsenaldır?

Bakı idman bayramının əhval-ruhiyyəsini yaşayır. Dünyadakı bütün futbol azarkeşlərinin gözü mayın 29-da paytaxtımızın baş futbol məbədinə-Olimpiya stadionuna zillənəcək. Azərbaycan Böyük Britaniyanın iki köklü futbol komandasının-“Arsenal” və “Çelsi”nin simasında baş tutacaq əsrarəngiz matçı səbirsizliklə gözləyir. Baxmayaraq ki, ölkəmiz müharibə şəraitindədir. Baxmayaraq ki, bir milyona yaxın qaçqın və məcburi köçkün torpaq həsrəti ilə dədə-baba yurdlarının düşməndən azad olunacağı günü daha böyük və dərin səbirsizliklə gözləyir. Baxmayaraq ki, bütün beynəlxalq qurumlar, dövlət başçıları, ictimai xadimlər, siyasətçilər, tarixçilər Azərbaycanın haqlı olduğunu və torpaqlarımızın Ermənistan dövləti tərəfindən işğal olunduğunu bilir və hansısa rəzil siyasət ucbatından heç bir əməli addımlar atmır, yenə də xalqımız təmkinlə beynəlxalq tədbirlərin keçirilməsini ən yüksək səviyyədə təşkil edib keçirir. İndiyədək, yüzlərlə dünya və Avropa çempionatları, beynəlxalq turnirlər, I Avropa Oyunları, İslam Həmrəylik Oyunları, Formula 1 kimi iri idman tədbirləri çox böyük uğurla keçirilib. Müxtəlif millətlərin və xalqların nümayəndələri həmin idman yarışlarında heç bir qalmaqal olmadan təhlükəsiz şəraitdə iştirak edib. O cümlədən, dövlət ərazimizin 20 faizini işğal etmiş Ermənistan Respublikasının vətəndaşları, başqa dövlətlərin komandaları tərkibində erməni əsilli idmançılar Azərbaycan keçirilən beynəlxalq idman yarışlarının iştirakçısı olublar.

Lakin indi UEFA-nın final matçında qarşılaşacaq İngiltərənin “Arsenal” və “Çelsi” komandalarının oyunu ətrafında hansısa dairələr, heç şübhəsiz ki, bu, erməni lobbisi və ya onun təhriki ilə fəaliyyət göstərən qüvvələr tərəfindən yersiz ajiotaj yaradılır. Səbəб isə Arsenalın erməni əsilli oyunçusu Henrix Mxitaryandır. Guya ki, azərbaycanlıların işi-gücü yoxmuş, oturub Mxitaryanın gəlməsini gözləyirlər ki, torpaqlarımızın qisasını ondan alsınlar. Bu günlərdə AFFA “Arsenal”ın erməni əsilli futbolçusu Henrix Mxitaryanın Avropa Liqasının Bakıda “Çelsi” ilə keçiriləcək final matçına gətirməməsinə münasibət bildirib: “Növbəti həftənin çərşənbə günü UEFA Avropa Liqasının final oyununda “Çelsi” ilə qarşılaşacaq “Arsenal” komandasının futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı klubun açıqlaması, anladığımız qədər “Arsenal” futbolçu və onun ailəsi tərəfindən kollektiv şəkildə verilmiş bu əsaslandırılmamış qərar bizi təəssüfləndirdi. Futbolçunun ölkəmizə gəlməməklə bağlı şəxsi qərarını anlasaq da, bir daha bildiririk ki, UEFA-nın tələblərinə uyğun olaraq, Azərbaycan finalın ev sahibi kimi Mxitaryanın şəxsi təhlükəsizliyinə təmin olunmasına zəmanət verir. Azərbaycan tərəfinin verdiyi zəmanətin ciddiliyini şübhə altına salmaq üçün heç bir səbəb yoxdur. Ötən illər ərzində Azərbaycan öz ərazisində keçirilmiş beynəlxalq idman tədbirlərində çoxsaylı erməni əsilli idmançıların problemsiz iştirakını təmin edib. Nəhayət, hesab edirik ki, bu təəssüf doğuran açıqlama səbirsizliklə gözlədiyimiz final oyununun keyfiyyətinə və möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək. Tezliklə Bakıya təşrif buyuracaq hər iki komandanı qarşılamağa tam hazırıq”.

Ermənistan XİN mətbuat katibi Bakıda keçiriləcək UEFA Avropa Liqası final oyunu və Arsenalın oyunçusu H.Mxitaryanın Bakıya səfər etməməsinə dair açıqlama ilə çıxış edib. Bununla bağlı sualı cavablandıran Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib: “İlk növbədə vurğulamaq istərdim ki, Azərbaycan tərəfindən bu il mayın 29-da UEFA-nın Avropa Liqasının Bakıda keçiriləcək final oyununda iştirak edəcək bütün oyunçuların, o cümlədən “Arsenal” futbol klubunun oyunçusu H.Mxitaryanın, eləcə də bütün pərəstişkarların təhlükəsizliyinin tam şəkildə təmin olunacağı barədə məlumat verilib. Şəxsən XİN-in mətbuat katibi olaraq mən bu xüsusda ünvanlanan suallara cavab olaraq, Azərbaycanın idmanla siyasəti eyniləşdirmədiyini dəfələrlə qeyd etmişəm. Azərbaycan ilk dəfə deyil ki, mötəbər idman yarışlarına ev sahibliyi edir və paytaxtımızda indiyədək keçirilən çoxsaylı idman yarışlarında erməni əsilli idmançılar da iştirak ediblər”.

Bəyanatlardan aydın görünür ki, məsələnin məğzində idmana aidiyyəti olmayan məqamlar yer alıb. Əslində söhbət Henrix Mxitaryanın təhlükəsizliyində deyil, Azərbaycana qarşı etimadsızlıq alibi yaratmaq istəyən üçüncü qüvvələrdədir. Yəni, bu işdə erməni izi aydın görünür. İdmanı siyasiləşdirmək və futbolçunu bu oyunun alətinə çevirmək yalnız qərəzkarlıqdır. Necə ki, beynəlxalq hüquq və normalara, siyasi qətnamələr məhəl qoymadan Ermənistan işğal siyasətindən əl çəkmir, eləcə də idmançıları siyasi niyyətlərinin girovuna çevirmək istəyir.

Bir neçə gündən sonra, ayrı-ayrı ölkələrdən gəlmiş müxtəlif millətlərin final oyunu yüksək səviyyədə, dostluq və idman mübarizəsi şəraitində baş tutduqdan sonra bu məsələ haqda tamamilə aydın təsəvvürlər formalaşacaq. Azərbaycanın sülh və əmin-amanlıq diyarı olduğunu oyunun iştirakçıları siyasi qalmaqalçıların fikirləri ilə yox, öz gözləri ilə görəcəklər.

N.NOVRUZ