Əlaqə Arxiv
news Image
2019.05.23
11:25
| A A A
Radikal müxalifətin sıraları yenə seyrəlir
Niyaməddin Orduxanlı: “Radikal müxalifət düşərgəsində baş verən kütləvi qopmaların əsas səbəbi həmin çevrəyə liderlik edənlərin apardığı uğursuz siyasətdir”

 

Radikal müxalifət sıralarında olan azsaylı şəxslər də bu düşərgədən aralanır. AXCP, Milli Şurada baş verənlər bunu əyani təsdiqləyir. Bir çoxları aldandıqlarını görərək, radikal düşərgəni tərk edir. Digərləri də həmin düşərgədə arzuladıqları sivil düşüncə atmosferini əldə edə bilmədiklərindən onlardan aralanmağa üstünlük verib. 

Hər addımbaşı demokratiyadan dəm vuran AXCP və Milli Şura rəhbərliyi öz daxillərində belə alternativ fikirlərə dözümsüz yanaşır, fərqli fikir bildirənlərə az qala düşmən kimi baxırlar. Belədə isə istər-istəməz həmin qüvvələrə ümid bəsləyən çoxsaylı insanlar sonda ümidlərinin puça çıxdığını görüb oradan uzaqlaşırlar.

Radikal müxalifət düşərgəsində baş verən növbəti sapmalar və istefaları, ümumiyyətlə, proseslərin bu istiqamətdə inkişafını şərtləndirən amillər hansılardır? 

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının fikrincə, çoxsaylı insanların radikal müxalifətdən aralanmasının kökündə bu düşərgəyə rəhbərlik edənlərin uğursuz və dövlətçiliyə zidd siyasəti dayanır: “Bilirsiniz ki, radikal müxalifət və onun xaricə üz tutan bir çox nümayəndələri məqsədli şəkildə Azərbaycan dövləti, onun rəhbərləri, partiya liderləri, deputatlara, mətbuat nümayəndələrinə qarşı iyrənc söyüş ritorikasından istifadə edirlər. Bununla da Azərbaycan cəmiyyətində süni ajiotaj yaratmağa çalışırdılar. Belədə radikal müxalifət ölkədə xaos yaratmaq niyyəti güdürdü. Bu əməllərini də radikal müxalifət təmsilçiləri planlı şəkildə həyata keçirirlər. Lakin son dövrlər bu düşərgədə təmsil olunub çirkli oyunlara cəlb edilənlər başa düşüb ki, kimlərinsə əlində alət rolunda çıxış etmələri Azərbaycan cəmiyyətində ciddi effekt verməyib. Əksinə, cəmiyyətimiz kütləvi şəkildə çirkli oyun oynayanlara, dövlətimizə qara yaxanlara qarşı çıxır. Bu baxımdan da radikal düşərgədə olanların bəziləri geri çəkilmək qərarına gəlir və bu fonda da həmin qüvvələrdən uzaqlaşır. Belə vəziyyət onu göstərir ki, həmin şəxslər artıq kmlərinsə əlində alət rolunda çıxış etməkdən geri çəkilirlər. Şahidi olduğumuz bu proses fonunda da həmin insanlar AXCP və Milli Şura ilə əlaqələrini kəsirlər.

Radikallardan aralananlar başa düşüblər ki, dünənə qədər təmsil olunduqları həmin düşərgə dövlətçiliyə ziyan vuran addımlar atır, xarici və erməni lobbisinin maraqlarına uyğun hərəkət edirlər. Düşərgədən uzaqlaşmaq istəyənlərin bir çoxuna qarşı radikal müxalifət rəhbərləri şantaja, təzyiqə yol verir. Bununla da təşkilatlarında kütləvi istefaların olmasının guya qarşısını almaq niyyətindədirlər. Uzun illərdir radikal müxalifət daxilində istefalar müşahidə olunur. Hər zaman bunun şahidi oluruq.

Radikal düşərgədə baş verən kütləvi istefa və qopmaların əsas səbəbi həmin çevrəyə liderlik edənlərin apardığı siyasətdir. 30 il ərzində eyni siyasəti yürütmək, nəticə olaraq isə heç nəyə nail olmamaqla tərəfdarları arasında da radikal müxalifət liderləri mövqelərini itirə-itirə gəlirlər.Siyasətçi apardığı siyasət nəticəsində uğur qazanmalıdır. Amma sıravi üzvlər görür ki, bu illər ərzində radikal müxalifət heç bir uğura imza ata bilməyib, perspektivdə də bu görünmür. Cəmiyyət və xalq tərəfindən radikallara ciddi dəstək yoxdur. Nəticədə radikallar sırasına qoşulan əksər insanlar sonradan bu qüvvələrdən bezir və kənara çəkilirlər.

Vaxtilə Milli Şuranı yaradanda orada 125 nəfər təmsil olunurdu, indi isə orada 15-20 nəfər qalar-qalmaz. Onların da çoxu Əli Kərimlinin partiyasına sonradan qoşulan üzvlərdir. Digərləri isə Taleh Bağırzadənin radikal dini qrupu, Azərbaycanın dünyəvi quruluşuna zərbə vurmağa hazır olan qüvvələrdir.   Yaxud da hakimiyyət düşərgəsindən qovulan Gültəkin Hacıbəyli, Cəmil Həsənli kimi şəxslərdir. Cəmil Həsənli  parlamentdə təmsil olunmayan kimi “müxalifətçi” oldu. Halbuki parlamentdə təmsil olunan müddətdə ulu öndər Heydər Əliyev və hazırkı Prezident İlham Əliyevə kitablar həsr edərək qoltuğuna vuraraq həmin kitabları nazirlərə, komitə sədrlərinə təqdim edirdi. Ancaq Milli Məclisə seçilməyən kimi o, dönüb müxalifətçi oldu. Vaxtilə Əli Kərimli Cəmil Həsənlini partiyanın qərarı əleyhinə çıxıb Milli Məclisdə iştirak etdiyinə görə AXCP-dən xaric etmişdi. Amma növbəti parlamentdə təmsil olunmayan kimi Cəmil Həsənli yenidən radikal müxalifət libasını geyindi”.

R. SOLTANOV

 

Sizin Reklam Yeriniz