news Image
2019.05.24
09:20
| A A A
İşğal altındakı ərazilərin daha bir hissəsi qaytarılır…
Nəzakət Məmmədova: “Hakimiyyətdə olduğu bir il ərzində Paşinyan çalışıb ki, ümumiyyətlə, Dağlıq Qarabağ məsələsindən uzaq olsun”

Ermənistanda vəziyyət gərginləşir. Keçmiş prezident Robert Köçəryanın azadlığa buraxılması ölkədə gərginliyi daha da artırıb. Belə ki, baş nazir Nikol Paşinyan və komandası bu hadisə ilə barışmaq niyyətində deyillər. Çünki Köçəryanın azadlığa çıxması əslində, ölkə ictimaiyyəti arasında Paşinyanın məğlubiyyəti kimi qarşılanır.

Köçəryanın buraxılmasından narahat olan Paşinyan məhkəmə islahatları aparmağa çalışır. Bundan da məqsəd hüquq sistemində olan köhnə hakimiyyət dairələrinin dayaqlarını zəiflətməkdir. Bu  fonda erməni ekspertləri diqqəti həmdə Qarabağ münaqişəsinə yönəldir. Məsələn, erməni politoloq Ağasi Yenokyanın sözlərinə görə, baş nazir Nikol Paşinyan məhkəmələrə giriş və çıxışların bağlanmasına çağırış etməklə qurduğu yeni şou və bundan sonra yaranan vəziyyətlə Qarabağda baş verə biləcəkləri ört-basdır etməyə çalışır: “O, məhkəmələrlə bağlı baş verənlərlə özünü sığortalamaq istəyir. Söhbət Qarabağda ərazilər qaytarılmasından gedir. Paşinyan bununla demək istəyir ki, Qarabağdakı rejim  onu ittiham etmək üçün ərazilər qaytarmağa hazırlaşır. Bununla da Qarabağ və Ermənistan arasında xətt çəkilir. Belə vəziyyətdə Azərbaycan ya güc, ya da digər yolla hədəfiən daha tez çatacaq”.

Erməni ekspertləri onu da qeyd edirlər ki,  Paşinyan ərazilərin bir hissəsinin qaytarılmasını “Qarabağ klanı”nın üzərinə atmaq istəyir. Yəni məsuliyyəti öz üzərindən atmağa çalışır.

Politoloq Nəzakət Məmmədova öncə qeyd etdi ki, Paşinyan indiki situasiyada Qarabağ məsələsində daha çox vaxt udmağa çalışır: “Hakimiyyətdə olduğu bir il ərzində Paşinyan çalışıb ki, ümumiyyətlə, Dağlıq Qarabağ məsələsindən uzaq olsun. Bu fonda məsələni Qarabağ separatçılarının üzərinə atmağa, yaxud da onlarla bölüşməyə çalışır. Yəni beynəlxalq aləmin sülh tələbinə tək imza atmaqla Paşinyan özünü təhlükəyə atmaq istəmir. Ona görə də məsuliyyəti Qarabağ separatçıları ilə bölüşməyi düşünür.

Belədə Paşinyan istədi ki, Qarabağın separatçı rejimini də danışıqlar prosesinə cəlb etsin. Ancaq bu alınmadı, yenidən bütün məsuliyyət Paşinyanın üzərində qaldı. Ona görə də Paşinyan başa düşür ki, güzəştli şərtlərlə sülh müqaviləsi bağlasa, müəyyən dairələr əhalini qızışdıraraq ona qarşı qaldıracaq. Ona görə də belə şəraitdə Paşinyan daha çox Qarabağ məsələsində vaxt udmağa və əsasən də daxili problemlərlə məşğul olmağa çalışır.

Paşinyanla Qarabağın separatçı rejimi arasında böyük qarşıdurma var. Nə olsun ki, Paşinyan Qarabağa gələrək yallı oynadı. Bu, ucuz piar şousu idi. Əslində, Paşinyanla Bako Saakyan arasında ciddi qarşıdurma var. Ən azından ona görə ki, Saakyan Rusiyanın adamıdır. Paşinyanı isə Qərbdəki erməni diasporası və ABŞ-dakı bəzi qüvvələr hakimiyyətə gətirib. Yəni Ermənistan müstəqil dövlət deyil, onun başında duranlar da müstəqil ola bilməzlər. Deməli, Ermənistan rəhbərliyi Qərbə, Qarabağdakı separatçılar isə Rusiyaya bağlıdır. Bu qarşıdurmadan qalib çıxmaq üçün Paşinyan müxtəlif tədbirlərə əl atır. Ancaq mövcud gücü hələ ki, buna imkan vermir. Ona görə də Paşinyan danışıqlarda məsuliyyəti həmin qüvvələrlə bölməyə çalışır”.

Nəzakət xanım bildirdi ki, Paşinyan həmçinin Dağlıq Qarabağ separatçıları daxilində rəngli inqilab olmasında və ora amerikapərəst adamın gətirilməsində maraqlıdır: “Belə ki, bu ilin aprelində Avropa Şurasındakı çıxışında Paşinyan Qərbi Dağlıq Qarabağda vətəndaş cəmiyyətləri,   qeyri-hökumət təşkilatlarına maliyyə yardımı ayırmağa çağırdı. Yəni, Ermənistanın özündə Qərb vətəndaş cəmiyyətlərinə maliyyə yardımı ayırmaqla onların Paşinyana dəstək olmalarına nail olduğu kimi, eyni ssenarini Dağlıq Qarabağda da etmək istəyirlər. Çünki başa düşürlər ki, Paşinyan sülhə getsə də belə indiki şəraitdə Rusiyanın təsiri altında olan Qarabağın separatçı rejimi buna müqavimət göstərəcək”.

Politoloq düşünür ki, Paşinyanın ərazilərin bir hissəsinin qaytarılması fonunda onun məsuliyyətini “Qarabağ klanı”nın üzərinə atması hazırkı baş nazir üçün yaxşı ssenari olardı: “Belə deyildiyi kimi olsaydı, çox yaxşı olardı, torpaqlarımız qayıdardı. Ancaq düşünürəm  ki,  həmin fikir əslində rəqiblərinin əhali arasında Paşinyanın nüfuzunu azaltmaq məqsədilə ortaya atılıb. Ermənistanda əsas söz sahibi olan dövlət Rusiyadır. Paşinyan da sadəcə, onların əmrini yerinə yetirəcək. 

“Qarabağ klanı” da Rusiyaya bağlıdır və onlar torpaqları qaytarmaq istəmir. Ona görə də indiki şəraitdə ərazilərin bir hissəsinin qaytarılması fonunda baş nazirin məsuliyyəti “Qarabağ klanı”nın üzərinə atması real olaraq mümkünsüzdür. Belə şəraitdə həmin fikirlər zənnimcə, daha çox rəqibləri tərəfindən Paşinyanı gözdən salmaq üçün ortaya atılıb. Belədə Paşinyanın ərazilərin bir hissəsini qaytarmağa gedəcəyinə  inanmıram. Qarabağ separatçılarının da bunu etmək imkanı yoxdur. Çünki rəsmi səlahiyyətləri yoxdur. Bütün hallarda məsuliyyət indiki şəraitdə baş nazirin üzərindədir”.

Rüfət NADİROĞLU

money.az currency