Əlaqə Arxiv
news Image
2019.05.25
09:00
| A A A
Müqəddəs ayda deyilən qətiyyətli niyyət
Prezident İlham Əliyevin iftar süfrəsi arxasında sərgilədiyi mühüm mövqe

Mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. Mərasimə dəvət olunan Prezident İlham Əliyev iftar süfrəsi arxasında xalqımızın və dövlətimizin müqəddəs diləklərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

Ramazan ayının İslam aləmi və fərdi qaydada müsəlmanlar üçün nə dərəcədə müqəddəs olması hər kəsə məlumdur. Bu ayda, həm də iftar süfrəsi arxasında deyilən hər bir söz öz çəkisi və etibarlılığı ilə müqəddəslik rəmzinə çevrilir. Buna görə də hər bir şəxsin, xüsusilə də dövlət başçısının dilindən səslənən ifadələr tək siyasi istiqaməti ilə yox, həm də qətiyyətliliyi, etibarlılığı il seçilir və qiymətləndirilir.

İftar mərasimində “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunmasından, Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs “Qurani-Kərim”in nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvət qəbul etdiyinə görə Prezident İlham Əliyevə və qonaqlara minnətdarlığından sonra dövlətimizin başçısı nitq söyləyib.

Dünyada gərginliyin davam etdiyi bir vaxtda Azərbaycanda sabitliyi qorumaq, xalqın rifahını yaxşılaşdırmaq və ölkəmizi mümkün risklərdən qorumağın hazırda əsas vəzifə olduğunu diqqətə çatdıran ölkə rəhbəri deyib: “Biz müasir dövlət qurmuşuq. O dövlət ki, dərin milli-mənəvi təməl üzərində qurulub”. İslam dəyərləri müstəqil Azərbaycanın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsidir. Azərbaycan dövləti və ictimaiyyəti, ümumiyyətlə, ölkəmizin müsəlman ümməti  İslamın mahiyyətini təhrif etmədən olduğu şəkildə - sülh, mərhəmət dini kimi dünyaya çatdırır. İslam həmrəyliyini müasir dövrün sülhsevər atributu kimi görən xalqımız bu istiqamətdə fəaliyyət göstərərək həmrəylik işinə önəmli töhfələr verir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindəndir. Dövlətimiz müsəlman ölkələri ilə dostluq və qardaşlıq əlaqələrini durmadan möhkəmləndirir və inkişaf etdirir.

Azərbaycanın ən böyük problemi bu əziz günlərdə daha ciddi şəkildə yada salınır və onun aradan qaldırılması uğrunda aparılan mübarizəyə yeni impuls verilir. Təsadüfi deyil ki, iftar süfrəsi arxasındakı nitqində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir: “Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq”. Dövlət başçısı Cocuq Mərcanlı kəndinin azad edilməsi və orada Şuşa məscidinin bənzərinin inşa olunmasını xalqımızın əyilməz ruhunu təcəssüm etdirdiyini bildirərək Azərbaycanda tarixi, dini abidələrin qorunmasından, son illərdə yüzlərlə məscidin tikilməsindən və ya təmir edilməsindən bəhs edib.

Müqəddəs məclisdə Qarabağ münaqişəsinin bu münaqişə nəticəsində torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsinin qabardılması nəinki böyük milli-mənəvi dəyərə, həm də ciddi siyasi əhəmiyyətə malikdir. Prinsipcə, bu addım, Qarabağın azadlığının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi kimi bir nömrəli vəzifə olduğunu təsdiqləyir və bütün dünyaya bu işin müqəddəsliyi məsələsini bəyan edir. İftar mərasimində Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın, Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Melih Yevdayevin və Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Feketenin iştirakı və çıxış etmələri ölkəmizdə dinlərarası münasibətlər də ən yüksək səviyyədə olduğunu ngöstərməklə yanaşı həm də Qarabağ münaqişəsinin sülh yolu ilə həllində dövlətimizin mövqeyini, ərazi bütövlüyünün bərpasında xalqımızın birliyini əks etdirir.

Prezident İlham Əliyevin apardığı siyasətin, ərazi bütövlüyü uğrunda beynəlxalq və beynəlmiləl mübarizənin gücü və qələbə alibinin konturları məhz xalqın birliyi və dövlətə sadiqliyi ilə güclüdür.

N.NOVRUZ

Sizin Reklam Yeriniz