Əlaqə Arxiv
news Image
2019.06.12
11:35
| A A A
İrəvanın dedikləri ilə əməllərinin tərs mütənasibliyi yeni Qarabağ savaşını qaçılmaz edir
Nəzakət Məmmədova: “Belə situasiya fonunda münaqişə istənilən an yenidən alovlana bilər”

Ermənistan hakimiyyəti hər zaman sözdə bir, əməldə isə başqa addımlar atıb. Anoloji addımları Nikol Paşinyan hökuməti də atır. Belə ki, İrəvan rəsmiləri danışıqlarda, beynəlxalq görüşlərdə Dağlıq Qarabağ məsələsilə bağlı bir söz deyir, əməldə isə ayrı addımlar atır.

Məsələn, aparılan danışıqlar prosesində özlərini sülhpərvər, danışıqlara sadiq tərəf kimi göstərməyə çalışırlar. Ancaq real həyatda yenə də münaqişə ətrafında öz təxribatlarını davam etdirirlər. Son günlər ermənilər tərəfindən həyata keçirilən cəbhə təxribatları bunun real təsdiqidir. Prosesin bu müstəvidə davam etməsi onu deməyə əsas verir ki, təxribatlar cəbhə xəttində onsuz da kövrək olan vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxara bilər.

Politoloq Nəzakət Məmmədova bildirdi ki, Ermənistanın münaqişə ilə bağlı prosesdə sözdə bir, əməldə isə ona zidd başqa addımlar atması münaqişənin uzanaraq həll olunmamasına gətirib çıxarır: “Anoloji vəziyyət indi də davam edir. İndiyə qədər olan vəziyyət prosesin məhz bu səpkidə davam edəcəyini göstərir. Bu isə yalnız təəssüf, narahatlıq doğurur. Belə vəziyyətin mövcudluğu da təsadüfi deyil, Ermənistan tərəfindən qəsdən edilir. Onlar bir tərəfdən özlərini guya sülhpərvər göstərmək istəyir. Ancaq digər tərəfdən, cəbhədə təxribatlara yol verirlər.

Situasiyanın bu fonda davam etməsi isə münaqişənin uzanmasına, atəşkəs dövründə də hər iki tərəfdə insan itkilərinin olmasına gətirib çıxaracaq. Belə vəziyyət həm də ATƏT-in Minsk qrupunun  səmərəsiz olması barədə mövcud olan və əslində, reallığı əks etdirən fikirlərin daha da güclənməsilə nəticələnəcək.  

Bilirsiniz ki, Azərbaycan ictimaiyyətində bu fikir çoxdan formalaşıb. İkili standartlar, ədalətsiz yanaşma davam edir. Münaqişə ətrafında mövcud olan situasiyanın davam etməsi fonunda bu sayaq təsəvvürlər davam edəcək. 30 il ərzində vəziyyət necə olubsa, bundan sonra da situasiyanın dəyişməməsi fonunda anoloji durum necə var elə də qalmaqda davam edəcək”.

Politoloq qeyd etdi ki, münaqişə ətrafında mövcud vəziyyət Ermənistana sərf edir: “Çünki münaqişənin həlli onlara lazım deyil. Onlar düşünür ki, vəziyyət bu cür davam edərsə, nə vaxtsa özlərinin guya müstəqil yaşamaq qabiliyyətində olmaları barədə dünya ictimaiyyətini fakt qarşısında qoya bilərlər. Belə düşüncəni onlar həm Azərbaycana, həm də dünyaya qəbul etdirmək istəyirlər. Minsk qrupuna gəldikdə, beynəlxalq qanunlar imkan versəydi, onlar dərhal Dağlıq Qarabağı Ermənistana verərdilər. Lakin qanuni, hüquq baxımından bunu edə bilmirlər. Həmin səbəbdən də münaqişənin real həllilə məşğul olmurlar. Məşğul olsaydılar konfliktin həlli üçün  real addımlara keçər, işğalçıya təzyiq edərdilər. Amma bu baş vermir. Ermək də istəmirlər. Əlsində isə dediyim kimi, problemin həlli Minsk qrupunun öz əlindədir, istəsələr bunu edə bilərlər. Onlar üçün məsələni həll etmək elə də problem deyil”.

N. Məmmədovanın fikrincə, münaqişənin həll olunmayaraq uzanması prosesi qeyri-müəyyən gələcəyə doğru aparır: “Minsk qrupu da münaqişənin həllini istəmir. Bundan irəli gələrək də proses uzanmaqda davam edir. Xristian dövlətlərinə, Avropa, Amerika və Rusiyaya Ermənistanın mövcudluğu lazımdır. Böyük dövlətlərin siyasətində hər zaman Ermənistan məsələsi olub. Onlara güclü Azərbaycan lazım deyil. Amma dediyim kimi, beynəlxalq hüquq həmin xarici dövlətlərə bunu etməyə imkan vermir.

10-15 ildən sonra beynəlxalq hüquq, beynəlxalq sistemdə qaydalar dəyişə bilər. Fələstin məsələsi, Colan təpələrinin İsrailin ərazisi kimi tanınması beynəlxalq münasibətlərdə təhlükəli presedentlər yaradıb. Ona görə də 10-15 ildən sonra vəziyyətin necə ola biləcəyini bilmirik. Bugünkü hüquqi situasiya Azərbaycanın xeyrinədir. Ancaq gələcəkdə necə olacağını bilmirik. Ona görə də mövcud situasiyanın davam etməsi təhlükəlidir, münaqişənin həllinin uzanması prosesi qeyri-müəyyən gələcəyə doğru aparır”.

Həmsöhbətimiz onu da vurğuladı ki, prosesin bu səpkidə davam etməsi müharibənin yenidən alovlanmasına gətirib çıxara bilər: “Belə situasiya fonunda münaqişə istənilən an yenidən alovlana bilər. Münaqişə həllini tapmadıqca, proses uzandıqca bu ehtimal qalır və onun baş vermə ehtimalı yüksəlir. Atəşkəs dövrü ərzində hər zaman başqa variantlar da gündəmdə olub. Ona görə də problemin həll edilməyərək qalması təhlükəli situasiyanın daha da kəskinləşməsilə nəticələnə bilər”.

Rüfət NADİROĞLU

 

 

Sizin Reklam Yeriniz