news Image
2019.06.12
08:00
| A A A
Qafqazda aparıcı üçlüyün hərbi əməkdaşlığı genişlənir
Türkiyə-Azərbaycan-Gürcüstan oxu regionun sabitliyinə güclü zəmanətdir

İyunun 12-də Qəbələ şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçiriləcək. Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsinin aparılacağı gözlənilir.

Bu, üç ölkənin müdafiə nazirlərinin ilk belə görüşü deyil. 10 ilə yaxındır ki, bu ölkələr həm Türkiyənin daxil olduğu NATO standartları çərçivəsində, həm də regional əıməkdaşlıq çərçivəsində müəyyən məsələlərdə hərbi qüvvələrinin inteqrasiyası üzrə təlimlər keçirir, fikir mübadiləsi aparırlar. Bu əlaqələr regionun strateji əməkdaşlıq sahəsi kimi statusunun qorunub saxlanmasına, mümkün beynəlxalq terrordan qorunmağa yönəlib. Təbii ki, ilk növbədə Azərbaycandan başlayaraq Gürcüstandan keçib Türkiyədə qurtaran və bir sıra hallarda oradan da daha geniş məkanlara uzanan neft və qaz kəmərlərinin sabit işinin mühafizəsi bu əməkdaşlığın əsas məqsədidir. Bakı-Tiflis-Ceyhan, Bakı-Batumi neft kəmərləri, Bakı-Tiflis-Ərzrum, TANAP və TAP qaz xətləri, Bakı-Tiflis-Qars dəmiryol xətti strateji obyektlər sırasına daxildir və onların mühafizəsi mütləqdir. Bu işdə mühafizənin hərbiləşdirilməsi və tədbirləırin əlaqələndirilmıəsi ciddi əhəmiyyətə malikdir.

Bu cür üçtərəfli əməkdaşlıq xətti Cənubi Qafqazda hər hansı konkret hərbi blokun yaradılması anlamına gəlmir. Azərbaycan həqiqətən özünün enerji infrastrukturunun müdafiəsi üçün ciddi hərbi dəstəyə ehtiyac duyur. Vaxtilə bu istiqamətdə dəstəyi Birləşmiş Ştatlar təklif etmişdi. 2011-ci ildə ABŞ-ın Azərbaycandakı səfiri “Biz Xəzərdə təhlükəsizlik sahəsində yeni əməkdaşlıq fazasının başlanğıcındayıq“ bəyanatını vermişdi. Bu mərhələ Azərbaycanın Xəzərdəki enerji infrastrukturunun ən yaxşı formada qorunması yollarının tapılmasında və bu müdafiənin həyata keçirilməsində Pentaqonun rəsmi Bakıya təcrübi dəstəyini nəzərdə tuturdu. Amma sonrakı proseslər göstərdi ki, sözügedən əməkdaşlığın həyata keçirilməsinə bəzi maneələr var. Çünki, Azərbaycanın yaxın qonşuları ABŞ-ın regiona gəlişindən narahatlıq duyurdular. Lakin Türkiyə və Gürcüstanla əməkdaşlıq tamamilə labüd olduğundan bu əməkdaşlığın sülhə xidmət etməsi və digər tərəflərə maneə törətməməsi gün kimi aydındır. Yəni, Türkiyə-Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı reallıqdan doğan zərurətdir.

Düzdür, üç ölkənin hərbi əməkdaşlığı mühafizə xarakterli olsa da birgə keçirilən təlimlər müəyyən səviyyədə inteqrasiya prosesini təmin edir və tərəflər arasında qarşılıqlı anlaşma yaradır. Prinsipcə, bu ölkələr artıq iqtisadi birliyin üzvləridir və onların bütün sahələr üzrə inteqrasiya prosesini gücləndirmək imkanları güclüdür. İstər-istəməz bu proses gedir. Bu isə birinci növbədə təbii fəlakətlər və terror hadisələri zamanı mütəşəkkil fəaliyyətə imkan verir və gələcək sırf hərbi əməkdaşlıq üçün açar rolunu oynayır. Çünki, Cənubi Qafqaz bizim evimizdir və onu hər təhlükədən qorumaq, kimin istəyib-istəməməyindən asılı olmayaraq bizim borcumuzdur. Başqa sözlə, Türkiyə-Azərbaycan-Gürcüstan hərbi əlaqələrinin inkişafı dövlət vəzifəsidir və bunun sülhə təhlükəsizliyə xidmət etməsi şəksizdir. 

2017-ci il mayın 23-də Azərbaycan müdafiə naziri Zakir Həsənov, Gürcüstan müdafiə naziri Levan İzoria və Türkiyə milli müdafiə naziri Fikri İşık arasında üçtərəfli formatda keçirilən sayca 5-ci görüşdə tərəflər arasında daha səmərəli təlimlərin keçirilməsi qərara alınmışdı. Bu təlimlərdə əsas məqamlardan biri budur ki, Gürcüstan və Azərbaycan NATO üzvü olan Türkiyədən müvafiq hərbi təcrübəni əldə edirlər.

N.NOVRUZ