news Image
2019.06.12
09:00
| A A A
Azərbaycanın böyük uğurlarının memarı
Ulu öndərin gördüyü təxirəsalınmaz tədbirlər ölkəni möhtəşəm quruculuq yoluna çıxarıb

Azərbaycanın Qarabağ bölgəsinin böyük hissəsinin işğal edildiyi 1993-cü ilin ilk yarısının bəlaları xalqı böyük Heydər Əliyevi ölkəyə rəhbərlik etməsi üçün çağırışa istiqamətləndirdi. Həmin illərdə Naxçıvan Muxtar Respublikasının idarəçiliyini uğurla həyata keçirən ulu öndər müdrik və uzaqgörən, eyni zamanda milli maraqları əsas tutan siyasəti ilə ağır zamanda ölkənin başı üzərində çıraq yandırmağı bacaran yeganə tarixi şəxsiyyət olduğunu sübut etmişdi. Düzdür, dahi siyasətçi Naxçıvana da onu dəstəkləyən böyük bir əhali qrupunun xahişi ilə qayıtmışdı. Lakin bütövlükdə Azərbaycan uçurumun astanasında idi və vətəni bu bəladan qurtarmaq üçün fövqəladə qabiliyyətə malik fenomenal kadr tələb olunurdu. Zaman isə birbaşa bu şəxsin yalnız və yalnız Heydər Əliyev olduğunu diqtə edirdi.

Haqq yerini aldı. Xalqın təkidli çağırışlarına təcrübəli siyasətçi laqeyd qalmadı, çünki qəlbi doğma yurdunun aldığı yaraları qəbul etmədi, xalqın istəyi və ürəyinin hökmü ilə ağır gündə heç kimin daşıya bilmədiyi məsuliyyəti çiyinlərinə alaraq meydana gəldi. Azərbaycan həmin günlərdə vətəndaş müharibəsinin havasını yaşayırdı. Cəbhədə düşmən hücum edirdi. AXC hakimiyyəti isə daxildə qiyamçı “polkovnik”in rəhbərlik etdiyi bir qrup hərbçinin əlində maymaqcasına aciz qalmışdı. Ermənistan hərbi birləşmələri rus hərbçilərinin dəstəyi ilə Qarabağın ən böyük şəhəri Ağdamı mərmi yağışına tuturdu. Həmin vaxt prezident Əbülfəz Əliyevdən soruşanda ki, niyə Ağdamı qorumaq üçün milli ordunu göndərmirsən, “rəhbər” cavab vermişdi ki,  “Surət Hüseynov yolu kəsib, qoşunu Qarabağa getməyə qoymur”. Başına dəstə yığıb AXC ilə savaşan Surət Hüseynovdan soruşanda ki, torpaq əldən gedir, niyə imkan vermirsən dövlət düşmənə qarşı cavab tədbiri görsün, deyirdi ki, Əbülfəzin ordusu var düşmənə cavab versin? Belə hərki-hərkiliyə dövlət demək olardımı? Kimsə kimdənsə rüşvət alıb 5-10 nəfərə maaş, silah verib vuruşmağa göndərir, sonra da sinəsinə döyürdü ki, bəs, bu ölkəni yalnız o xilas edə bilər. Ancaq vəzifə davası edən bu naşı adamlar anlaya bilmirdilər ki, dövlət bu yolla qurulmur.

Bəli, təcrübəli siyasətçi ölkə rəhbərliyinə gəldi və heç bir həftə keçməmiş qan tökmədən vətəndaş qarşıdurmasını aradan qaldırdı. Tezliklə ölkədə dövlətçilik qanunları işləməyə başladı. Təsadüfi deyil ki, Heyudər Əliyev rəhbər vəzifəyə gələn kimi cəbhəçilər bir-birinin ardınca istefa verməyə başladılar. Çünki, bərqərar olan qayda-qanunlarla işləyə bilmirdilər. Onlar özbaşınalığı sevir və bunu bacarırdılar. Dövlət də bu səbəbdən qurula bilmirdi. Dövlət olmadan düşmənə qarşı mübarizə aparmaq ölkəni inkişaf yoluna çıxarmaq mümkün deyildi.

Əgər AXC hakimiyyətdə qalsa idi, qısa zaman kəsiyində əcnəbilər ölkəmizin təbii ehtiyatlarını talan edib aparacaqdılar. Çünki, onlar demokratiya və azadlıq pərdəsi altında cəbhə liderlərinin təfəkkürlərini zəbt etmişdilər, istədiklərini onlara qəbul etdirə bilirdilər. Ulu öndər isə dünyagörmüş təcrübəli idarəedici idi. Buna görə də hakimiyyətə gələndən bir il sonra Qərb şirkəti ilə məşhur “Əsrin müqaviləsi”ni imzaladı. Xarici iqtisadi və siyasi əlaqələr yüksəlməyə başladı. Qarabağın işğalına son qoymaq üçün atəşkəsə nail olundu və münaqişənin sülh yolu ilə həlli üçün diplomatik səylərə meydan verildi. Bu, ölkə iqtisadiyyatını ayağa qaldırmaq, gələcək döyüşlərə hazırlaşmaq, ordu yaratmaq, müvafiq infrastruktur formalaşdırmaq üçün lazım idi.

Ümummilli liderin həyata keçirdiyi tədbirlər sayəsində dövlət hakimiyyəti möhkəmləndikcə, həmin vaxta qədər mərkəzi hakimiyyəti saymayan, bir-biri ilə nüfuz savaşı aparan silahlı quldur dəstələri də sıradan çıxır, məhkəmə qarşısında cavab verir, xalq onların zülmündən qurtulurdu. İnsanlar xaosdan uzaqlaşaraq normal həyata qayıdırdı. İqtisadiyyat bərpa edilirdi. Bakının “neft şəhəri” imici özünə qayıdır və bu şöhrətə yeni adlar əlavə olunurdu: qədim mədəniyyət mərkəzi, mədəni irs məskəni, ulu diyar və sairə.

Ulu öndərin xilaskarlıq missiyasının başlıca mahiyyəti ölkəni parçalanmaqdan qorumaq idi və bu cahanşümul vəzifə uğurla yerinə yetirildi. Quldur dəstələrinin hegemonluğuna son qoyuldu. Azərbaycan Ordusunun yenidən qurulması və hərbi nizam-intizamın bərqərar olması ikinci mühüm vəzifə idi ki, bu da dahi rəhbərin gərgin əməyi ilə başa çatdırıldı. İqtisadiyyatın rels üzərinə qoyulması əhalinin iqtisadi vəziyyətinin yaxşılaşdırılması, sosial vəziyyətin yüksəldilməsi üçün əsas rolu oynadı. Qarabağın işğalı və Ermənistandan soydaşlarımızın qovulması ilə ev-eşiyini itirmiş 1 milyona qədər qaçqının və məcburi köçkünün yerləşdirilməsi, onların ərzaq və digər zəruri mallarla, habelə dövlət tərəfindən sosial müavinətlə təmin edilməsi də təxirəsalınmaz vəzifə idi ki, bu da əsaslı şəkildə yoluna qoyuldu.

Qarabağ münaqişəsinin sülh yolu ilə şözülməsi üçün müvafiq diplomatik missiyaların yaradılması, xarici əlaqələrimizdə bir nömrəli vəzifə statusuna qaldırılması, bu istiqamətdə Minsk qrupunun formalaşdırılması zamanı Azərbaucanın tələblərinin nəzərə alınması, habelə xaricdəki diplomatik korpusların təşkili və fəaliyyətə başlaması ulu öndər Heydər Əliyevin tarixdən silinməyəcək işlərinin ayrılmaz tərkib hissəsidir. Ümummilli lider gördüyü işlərdə daim ardıcıllığı və davamlılığı gözləyir və gələcək üçün istiqamət müəyyənləşdirirdi. Bu gün Azərbaycanın qazandığı uğurlar, əldə etdiyi liderlik missiyası ulu öndər Heydər Əliyevin xidmətlərinin davamıdır. 15 iyun Qurtuluş günün qeyd etməklə Azərbaycan xalqı öz dahi və vətənpərvər övladına əbədi məhəbbətini, hörmət və ehtiramını göstərir.

N.NOVRUZ