news Image
2019.06.12
15:33
| A A A
İşğalçı siyasətə növbəti zərbə
Fransızlar hüquqi ədaləti bərpa edirlər

İki həftə əvvəl Fransanın Seğsi-Pontuaz Tribunalı Ağnüvil şəhərciyi ilə Ermənistanın işğal etdiyi Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejim arasında bağlanmış “Şəhər” adlı yaşayış məskəninin dostluq və əməkdaşlıq müqaviləsinə xitam verməsi böyük əks-səda doğurmuşdu. Haqq-ədalətin bərpası yolunda ciddi siqnal olan bu məhkəmə qərarının digər bu kimi hallara qarşı presedentə çevriləcəyini qəzetimizdə qeyd etmişdik. Cəmi iki həftə sonra bu proqnozun doğruluğu təsdiq edildi.

İyun ayının 11-də Fransanın Qğenobl inzibati məhkəməsi Seğsi-Pontuaz inzibati tribunalı tərəfindən qəbul edilmiş birinci qərarın məntiqi davamı olaraq daha dörd eyni məzmunlu müqaviləni qeyri-legitim sayıb, yəni ləğv edib.

Qğenobl İnzibati Məhkəməsinin (Tribunal administratif de Grenoble) qərarı ilə İzeğ departamentinin Dğom, Valansia, Buğj-le-Valans və Buğj-dö-Peaj şəhərlərinin Dağlıq Qarabağdakı 4 bələdiyyə ilə imzalanmış “Dostluq Xartiya”ları qanunsuz sayılaraq ləğv olunub.

Qrenobl Məhkəməsinin qərarına görə, sözügedən departamentlərin 26 ildən bəri işğal altında olan Azərbaycan əraziləri ilə belə sənədlər imzalamaq hüquqları yoxdur: “Eyni zamanda, həmin sənədlər Fransanın xarici siyasət kursu və prinsipləri ilə kəskin ziddiyyət təşkil edir. Sənədlər

Fransanın yürütdüyü siyasətin əsas, təməl prinsiplərini nəzərə almır”.

Olayla bağlı olaraq Fransadakı erməni diasporunun əsas media vasitələrindən olan "Nouvelles d'Armenie" saytı “Qğenobl məhkəməsi 4 dostluq xartiyasını ləğv etdi” (Le tribunal administratif de Grenoble annule 4 chartes d'amitié) başlıqlı məlumat yayıb.

Sözsüz ki, belə qeyri-qanuni əməllərin tapılıb üzə çıxarılması və ləğv edilməsində Azərbaycan diplomatiyasının apardığı məqsədyönlü siyasətin, daha doğrusu “siyasi terrorizmə qarşı mübarizənin” rolu böyükdür. Amma unutmaq lazım deyil ki, beynəlxalq ictimaiyyət və konkret olaraq fransız cəmiyyəti həqiqəti biləndə beynəlxalq hüquqa üstünlük verir və ədalətin bərpasına çalışırlar. Heç şübhəsiz, Fransadakı erməni lobbisinin və ümumiyyətlə, erməni fırıldaqçılığının izi bu müqavilələrdə aydın görünür. Adları çəkilən fransız şəhərləri kiçik olmaları etibarı ilə dünyada gedən siyasi proseslərdən o qədər də məlumatlı deyillər. Bəzən bizə elə gəlir ki, madam söhbət inkişaf etmiş Avropadan, dünyanın aparıcı dövləti Fransadan gerid, deməli, bu ölkənin hər hansı vızifəli şəxsi geniş siyasi dünyagörüşə malikdir. Halbuki bu, belə deyil. İnkişaf etmiş ölkələrin kiçik yaşayış məskənlərinin idarəediciləri, məsələn, merləri xırda təsərrüfat işləri, rəhbərlik etdikləri icmaların abadlıq işləri ilə yaşayır, bu istiqamətdə fəaliyyətlərini genişləndirməyə çalışırlar. Əslində xarici dövlətlə dostluq və əməkdaşlıq edən şəhər və kəndlər əsasən böyüklüyünüə, tanınmasına görə seçilir. Konkret, Fransanın kiçik şəhərlərinin belə müqavilələr bağlaması əslində erməni fırıldağının nəticəsidir. Burada ermənilərin məqsədi saxta DQR-i dünya miqyasında tanıtmaqdır.

Ağnuvil müqaviləsinin ləğvindən sonra bu şəhərciyin meri qərardan şikayət edəcəyini bildirib. Onun izahından belə başa düşülür ki,  “guya ermənilərin azad etdikləri ərazilərlə” dostluq etmək istəyirmişlər. Aydın görünür ki, bu adamın Cənubi Qafqaz regionu, işğal edilmiş Azərbaycan torpaqları haqda ciddi bir məlumatı yoxdur və təbii ki, bildikləri də ermənilərdən eşitdikləridir. Bəlkə də onun mer seçilməsində erməni lobbisi və diasporunun müəyyən rolu olub. Bu isə onlara qarşılıq vermək istəyib. Buna görə də bizim diplomatiyamız və diasporumuz qarşısında informasiya mübadiləsini gücləndirmək vəzifəsi durur. Tək Fransada yox, bütün digər ölkələrdə Azərbaycanı və xüsusilə də Qarabağın işğal edilməsi faktını dərin və əsaslı izahla yaymaq regionda sülhün bərpasına böyük töhfə verə bilər.

Fəqət, qarabağlı erməni separatçıları ilə “dostluq xartiya”ları imzalamış bölgələrin və şəhərlərin prefekturaları ilə meriyalarının rəsmi mövqeyi hələ açıqlanmayıb.

Fransız hüquqşünaslar və ekspertlər məhkəmə qərarlarının ləğvinə inanmırlar. Onların dediklərinə görə, Dağlıq Qarabağdakı inzibati vahidlərlə belə sənədlərin imzalanması Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsiplərinə zidd olmaqla yanaşı, Fransanın mövqelərinə uyğun deyil.

Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanması üçün yaradılan ATƏT-in Minsk Qrupunda həmsədr ölkə olan Fransanın qarabağlı erməni separatçılarla “xartiya”lar imzalaması, əslində, separatizmə dəstəkdir.

Eyni zamanda, bu “xartiya”lar Azərbaycan-Fransa münasibətlərində də sərinlik yarada bilərdi və rəsmi Paris də anlayır ki, Bakı mütləq şəkildə adekvat addımlar atacaqdı.

Çox güman ki, Fransada sürət yığan saxta müqavilələrin ləğvi prosesi tezliklə digər ölkələrin ədalət məhkəmələrini də bu məsələyə diqqət yetirməyə yönəldəcək.

N.NOVRUZ