news Image
2019.06.13
08:36
| A A A
Azərbaycanı qalmaqaldan qurtaran yetkin siyasət
AXC-nin dolaşdırdığı kələfi müdrik lider açdı

Xalqın tələbi ilə Azərbaycanın rəhbərliyində yer alan müdrиk siyasətçi Heydər Əliyevin qısa müddət ərzində qiyamçıları ram etməsi nə qədər çətin başa gəlsə də, hakimiyyətdə hələ də təmsil olunan cəbhəçilərin apardıqları bərbad siyasətin dolaşdırdığı kələfi açmaq ondan dəfələrlə çətin proses idi. Çünki, vəzifə xəyalpərəsti Əbülfəz Əliyevin siyasət meydanında arx gəlməmiş çırmanması, İsa Qəmbərin müsahibinin ağzından söz çıxmamış ona cavab verməsi, hökumətin verdiyi maşına hansı tərəfdən minib-düşməkdə qəti qərar verməyi bacarmayan Pənah Hüseynin iqtisadiyyata “rəhbərliyi” qonşuluqda yerləşən və tarixi bağlılığımız olan dövlətləri narazı salmışdı. Ona görə ki, vəzifələri ələ keçirəndən sonra özlərini tam ixtiyar sahibi bilirdilər. Daha bilmirdilər ki, ixtiyar sahibi olmaq üçün ilk növbədə vəzifədə işləməyəı hazır olmalısan.

Müstəqilliyini elan edən və hələ onun bütün atributlarının zəmanətinə nail olmayan gənc dövlətin rəhbərlərinin Rusiya kimi nəhəng, İran kimi zəngin təcrübəyə malik qonşu dövlətlərlə münasibətləri yoluna qoymaq əvəzinə düşmənçilik aparmaları heç cür yolverilən deyildi. Bəlkə də bu adamlar nə isə etmək istəyir, amma “qaş düzəltmək əvəzinə vurub gözü tökürdülər”. Çünki, siyasi yetkinlikdən uzaq idilər və kök üzərində yüksəlmək əvəzinə kökü məhv edib yeni bir siyasət qurmağı düşünürdülər. Lakin unudurdular ki, belə bir işi bacarmaq hər kəsin işi deyil. Bütün bu səbəblər də ölkəni ağır vəziyyətə salmışdı.

Moskva rəhbərlərini bilavasitə tanıyan, vaxtilə əksəriyyətinə rəhbərlik edib yol göstərən, dünya siyasətini bilən və onun aparıcı qüvvələrinin əksəriyyəti ilə şəxsi əlaqələrə malik olan Heydər Əliyevin baş vermiş naqislikləri aradan qaldırması böyük və gərgin iş sayəsində başa gəldi. Hələ sovet dövründə Azərbaycanın taleyi Heydər Əliyev şəxsiyyətinə bağlı olub. Ümummilli liderin zəngin siyasi və dövlətçilik irsi müstəqil Azərbaycan dövlətinin inkişaf və tərəqqisi, indiki və gələcək nəsillərin fəaliyyəti üçün əvəzolunmaz sərvət, milli qürur və iftixar mənbəyidir. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi, həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirləri hesabına 1969-1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə çevrilib. XX əsrin 70-80-ci illəri Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında özünəməxsus və spesifik xüsusiyyətləri ilə səciyyələnən mühüm bir tarixi zaman kəsiyidir. Bu dövrdə həyata keçirilən tədbirlər məhz Ümummilli Liderin adı və fəaliyyəti ilə bağlıdır. Onun Azərbaycana rəhbərliyi dövründə bütün sahələrdə ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş bir sıra mühüm addımlar atılıb. Bu nailiyyətlər o vaxt hakimiyyətdə olan Ümummilli Liderin rəhbərliyi və prinsipiallığı nəticəsində mümkün olub.

Yeni dövrün tarixini də məhz Ulu Öndər yaradıb. Onun hakimiyyətə gəlişi ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün fəaliyyətə başlanılması, Rusiya və İran ilə münasibətlərin yoluna qoyulması, ölkənin xarici siyasət konsepsiyasının hazırlanması, daxili ictimai-siyasi və iqtisadi vəziyyətin düzəldilməsi ilə Azərbaycana şöhrət gətirdi. Torpaqlarımızın işğalı ən ağrılı məsələ idi. Hətta beynəlxalq ictimaiyyət və təşkilatlasr Azərbaycanın haqlı olduğunu deyə-deyə işğalçıların irəliləməsinin qarşısını almaq üçün əməli tədbirlər görmürdülər. Ordu quruculuğuna yeni başlamış bir ölkənin müharibəyə sürüklənməsi, ərazisinin zəbt edilməsi tarixi cinayət idi. Buna görə də ilk baxışda göründüyü kimi işğalçı Ermənistanla yox, beynəlxalq aləmlə razılığa gəlib atəşkəsə nail olmaq lazım idi. Ulu öndər heç kimin dərk edə bilmədiyi bu amili vaxtında gördü və Rusiyanın moderatorluğu ilə cəbhədə atəşkəsə nail oldu. Gələcək fəaliyyət üçün bu addım nəfəs dərməyə imkan verdi. Məhz atəşkəs sayəsində dövlət digər vəzifələrlə məşğul olub ayağa qalxmağa nail oldu və yeni güc və qüvvə ilə işğalçılara qarşı mübarizəyə başladı.  Respublikanın sosial-iqtisadi və siyasi problemlərinin müvəffəqiyyətlə həll olunması üçün demokratik dövlət quruculuğunun əsasının qoyulması tezliklə öz bəhrəsini verdi. Ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin güclənməsi, digər ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələrin yaranması və dünya birliyinə inteqrasiya prosesinin başlanması belə bir yolun seçilməsi ilə çox bağlı idi.

Ümummilli Lider həyatı boyu qazandığı təcrübə və bacarığı ilə bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəldi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb etdi. Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. Bu, dahi dövlət rəhbərinin bütün dünyaya etbiyi çağırışın əks-sədası idi. Təsadüfi düril ki, sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirilməsində başlıca rol oynadı. 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi Böyük İpək Yolunun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın xarici siyasətinin qazandığı ən mühüm nailiyyətlərdən biri idi.

25 il əvvəl, 1994-cü il mayın 4-də Prezident Heydər Əliyevin Avropa İttifaqı ilə “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədini imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri oldu. Bu proqramın Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, ölkəmiz NATO-ya daxil olan Avropa ölkələri və ABŞ ilə dünya təhlükəsizlik sisteminin, eləcə də beynəlxalq münasibətlərin sivil qaydaları çərçivəsində hər cür əməkdaşlıq etmək imkanı qazandı.

Bütövlükdə Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər Azərbaycan dövlətçiliyi üçün həlledici dövr olub. Məhz həmin illərdə dövlətimizin siyasi və iqtisadi strategiyasının möhkəm təməli qoyulub, Azərbaycan dünya birliyinin tam hüquqlu üzvünə çevrilməsi üçün zəngin irs ıldə edib.

N.NOVRUZ